

Daxili İşlər Nazirliyinin “Son Zəng”lə bağlı müraciəti
Daxili İşlər Nazirliyi (DİN) “Son Zəng”lə bağlı valideynlərə və məzunlara müraciət edib.
Nazirlikdən verilən məlumata görə, müraciətdə deyilir:
“Son Zəng” tədbirlərinin təhlükəsiz şəraitdə təşkili və keçirilməsi
"İyunun 14-də ümumtəhsil müəssisələrində “Son Zəng” tədbirlərinin təhlükəsiz şəraitdə təşkili və keçirilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən bütün zəruri tədbirlər görüləcək.
DYP əməkdaşları gücləndirilmiş rejimdə çalışacaq
Tədbirlərin keçiriləcəyi məktəblərin ətrafında polis naryad qruplarının sayı artırılacaq, ictimai asayişin qorunması və məzunların avtomobillərlə hərəkəti zamanı qayda pozuntularının qarşısının alınması məqsədilə nəzarət gücləndiriləcəkdir. Yollarda süni tıxacların yaranmaması, dayanma-durma və parklanma qaydalarına əməl olunması üçün DYP əməkdaşları gücləndirilmiş rejimdə çalışacaq. Bütün məzunları bu əlamətdar gün münasibətilə təbrik edirik.
Valideynlərə çağırış
Valideynlərə çağırış edirik ki, sürücülük hüququ olmayan övladlarına avtomobil idarə etməyə icazə verməsinlər.
Məzunları isə ictimai davranış qaydalarına ciddi riayət etməyə və sevincli günlərini təhlükəsiz şəkildə keçirməyə səsləyirik".