
İranda hərbi bazada partlayış baş verib
14 İyun 16:10
İsrail və İran arasında hərbi qarşıdurmanın yeni mərhələyə keçməsi birbaşa və dolayı yollarla Azərbaycanın təhlükəsizlik gündəmini aktuallaşdırır. Ekspertlər artıq xəbərdarlıq edirlər ki, cəbhə xəttindən uzaqda yerləşməsinə baxmayaraq, Azərbaycan regionun strateji qovşağında mövqe tutaraq hər iki tərəflə müxtəlif səviyyələrdə diplomatik, ticari və mədəni münasibətlər quran ölkə kimi hadisələrin episentrinə sürüklənə bilər.
Mümkün ssenarilər sırasında Güney Azərbaycandan genişmiqyaslı insan axını ehtimalı və bunun nəticəsində ciddi miqrasiya böhranı riski xüsusilə diqqət çəkir. Bundan əlavə, İran ərazisində yerləşən nüvə obyektlərinə qarşı hücumların ardıcıl xarakter alması Azərbaycanın sərhəd bölgələri üçün ekoloji və sağlamlıq baxımından təhlükə yarada bilər.
Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli bildirib ki, İsrailin İrana qarşı quru əməliyyat keçirməsi mövcud regional və texniki reallıqlar fonunda praktik olaraq mümkün deyil:
“Havadan həyata keçirilən hədəfli zərbələr istər nüvə obyektlərinə, istərsə də xüsusi şəxslərə qarşı yönəlsin lokal təsir gücünə malikdir. Belə zərbələr qısa müddətli sarsıntılara səbəb olsa da, kütləvi miqrasiyaya yol açan genişmiqyaslı dağıntılara gətirib çıxarmır.
İran ərazisində baş verə biləcək lokal hava zərbələri məsələn, Natanz və Fordo kimi nüvə obyektlərinə qarşı hücumlar sistemli miqrant axınına səbəb olmaq potensialına malik deyil. Bu cür hücumların təsiri coğrafi baxımdan məhduddur.
Elçin Mirzəbəyli
Lakin fərz edək ki, hava zərbələri intensiv xarakter alır və İranda daxili siyasi xaos yaranır. Bu halda miqrasiya riski lokal deyil, siyasi səbəblərlə müşayiət oluna bilər. Yəni təhlükə hücumun özündən deyil, onun yaratdığı sistem böhranından qaynaqlana bilər.
Bu baxımdan, miqrasiya təhlükəsi yalnız nadir hallarda və fərziyyə səviyyəsində reallaşa bilər. Onun reallaşması dövlətin idarəetmə gücündən, beynəlxalq reaksiyalardan və İranın daxili sabitliyindən asılı olacaq.
Radiasiya riski isə texniki baxımdan real olsa da, məhdud və monitorinq altında idarə oluna biləcək xarakter daşıyır”.