“Ermənistanın əsas məqsədi Rusiya əleyhinə oyunlarda iştirak edib geosiyasi və maliyyə resursları qazanmaqdır” Siyasət

“Ermənistanın əsas məqsədi Rusiya əleyhinə oyunlarda iştirak edib geosiyasi və maliyyə resursları qazanmaqdır”

Mübariz Əhmədoğlu: "SSRİ dövründə maliyyə saxtakarlığı ilə məşğul olan ermənilər müstəqil Rusiyada da bu fəaliyyətlərini davam etdiriblər"

"Azərbaycan MDB məkanında yeganə dövlətdir ki, onun Rusiya ilə əlaqələri həm yaxın, həm də uzaq dövlətlər tərəfindən dəfələrlə müzakirə obyektinə çevrilib. Rusiya ilə xüsusi münasibətlərinə görə Azərbaycana permanent təzyiqlər var". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, Azərbaycanda nüfuz dairəsini genişləndirmək istəyən bəzi qonşularımız bunu Rusiyanın nüfuzunun daralması hesabına etmək istəyirlər: "Rusiyaya isti münasibətinə görə təzyiq altında olan Azərbaycanın Rusiyanın özü tərəfindən bəzən təzyiqlə üzləşməsi ən azı məntiqsizlikdir.
Azərbaycana qarşı ən böyük strateji təzyiq vasitəsi Naxçıvanın qalan Azərbaycanla coğrafi əlaqəsinin olmamasıdır. Bəlkə də Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunun işə buraxılmasını ləngidənlərin əsas məqsədi Naxçıvanın blokadada qalmasıdır. Mehri dəmir yolunun fəaliyyətə başlaması Naxçıvanı blokadadan çıxara bilərdi. Bu günədək heç bir Rusiya rəsmisi və ya siyasətçisi Mehri dəmir yolunun işə düşməsi istiqamətində bircə adi fikir də bildirməyib. Mehri dəmir yolunun açılması həm də Rusiyanın Cənubi Qafqazda kommunikasiya imkanlarının genişləndirilməsi deməkdir. Rusiya siyasətçiləri Azərbaycanın qərblə neft-qaz əlaqələrində rəqəmləri görür, hansı dövlət başçısının Azərbaycan Prezidentinə məktub göndərməsinə diqqət ayırır, amma Azərbaycanın bu boyda strateji təhlükəsini görməməzliyə vururlar. Rusiya siyasiləri Ermənistanın NATO ilə sıx əlaqələrini, onun hərbi təlimlərdə iştirakını ABŞ Dövlət Katibi R.Tillersonun Azərbaycan Prezidentinə məktubu ilə eyni güclü bilirlər və ya Rusiya bəzi ekspertləri bunu öz ictimaiyyətlərinə Ermənistanın NATO təlimlərində iştirakından daha təhlükəli kimi təqdim edirlər.
SSRİ dövründə maliyyə saxtakarlığı ilə məşğul olan ermənilər müstəqil Rusiyada da bu fəaliyyətlərini davam etdiriblər. A.Aleksanyanın hesabına YUKOS-un 5 milyard dollar pulu Ermənistan vasitəsilə xarici banklara köçürüldü. İndi həbsdə olan Levon Ayrapetyan Moskvada qazandığı pulu ABŞ-ın keçmiş prezidenti B.Obamanın məclislərində xərcləyirdi. B.Obama indi bəlli olur ki, V.Putinə yuxarıdan aşağı baxırmış, insayder informasiyalardan istifadə edirmiş.
Moskvanın pulu hesabına milyarder olmuş RF vətəndaşı Ruben Vardanyan pulunu Ermənistanda rus dilinin və rus mədəniyyətinin sıxışdırılması istiqamətində xərcləyir. Dilicanda ingilis dilli məktəb az qala yarım milyard dollardır. R.Vardanyan Ermənistanda rus dilinin inkişafına yarım rubl da xərcləməyib. Hollivud aktyoru C.Kluninin iştirakına görə prizi 1 milyon dollar olan mükafat təsis edib. Hər halda R.Vardanyan rus mədəniyyətinə nifrət etməsəydi, Rusiyada da C.Kluni səviyyəsində aktyor tapa bilərdi. Rusiyanın mədəniyyət sahəsi ermənilərin əsas qazanc yerlərindəndir.
Ermənistanın əsas məqsədi Rusiya əleyhinə oyunlarda iştirak edib geosiyasi və maliyyə resursları qazanmaqdır. SSRİ məkanında sovet ordusunu ilk qovan Ermənistan S.Sərkisyanın prezidentliyi dövründə Aİ və NATO qarşısında RF hərbi bazasının çıxarılmasını müzakirə obyektinə çevirdi. Qərblilər yaxşı pul versəydilər yəqin ki, Ermənistan çoxdan Rusiyanın hərbi bazasını qovardı. 102-ci hərbi bazanın müxtəlif siyasi təxribatlara cəlb edilməsi bu məqsədi daşıyır. Belə təxribatlar bundan sonra da davam edəcək.
Ermənistanın Rusiya hərbi bazasını saxlamaqda məqsədi Rusiyanın adı ilə qonşularını təhdid etməkdir. Başqa sözlə, Rusiya üçün düşmən yaratmaqla məşğuldur.
Çərkəz soyqırımının tanınması ermənilərdən başlandı. Gürcülər yalnız ermənilərdən sonra bu məsələyə diqqət ayırdılar. Ermənilər Rusiya üçün həmişə gərginlik yaradıblar. Ustalıqları orasındadır ki, Qriboyedovun qətlindən üzü bəri rus xalqına, onun pravoslavlığına, mədəniyyətinə və dövlətçiliyinə xəyanət edən erməniləri ruslar özlərinin ən böyük müttəfiqi hesab edirlər. İmmun çatışmazlığı virusu da belə bacarığa malik deyil. Rusiyanın siyasi elitası ermənilərə inandıqca onun ABŞ, Avropa, İran, Türkiyə və Qafqaz siyasətində problemlər daim yenilənəcəkdir.
Ermənilərin hazırda əsas hədəfi isə Rusiya-Azərbaycan münasibətləridir. ABŞ və Avropadan fərqli olaraq Rusiyanın arxivləri ermənilərin Qarabağa köçürülməsi barədə məlumatlarla zəngindir. Çar Rusiyasının yaxından iştirakı ilə XVII əsrdən üzü bəri bu regionla bağlı aparılan danışıqlarda, imzalanan sənədlərdə yalnız "Qarabağ" termini işlənib. Ermənilər isə Rusiyanın Qafqazdakı rolunu öz maraqlarına uyğun saxtalaşdırmaqla məşğuldurlar. Bu saxtalaşdırmada Rusiyanın akademik institutları, adlı-sanlı alimləri də iştirak ediblər.
Bizim üçün Rusiya ilə münasibətlər çox dəyərlidir. Rusiyanın Azərbaycandakı səfiri V.Doroxinin bildirdiyinə görə RF üçün də Azərbaycanla münasibətlər çox dəyərlidir. Biz Rusiya ilə münasibətlərimizi tarixi, etniki və dini bağlığımız olan çox yaxın qonşularımızdan, eləcə də iri iqtisadi maraqlarımız olan qərb dövlətlərindən qoruya bilirik. Rusiya isə Azərbaycanla münasibətləri özünün forpostu olan Ermənistandan. eləcə də Rusiyanın hesabına varlanmış erməni vətəndaşlarından qorumaqda çətinlik çəkir. Belə alınır ki, Azərbaycan Rusiyadan güclüdür. Azərbaycan dövlətçiliyini zəiflətməkdə ermənilərin əsas məqsədlərindən biri qərbin destruktiv niyyətlərini Şimali Qafqaza gətirməkdir. Bunun tərsini heç bir rus eksperti və ya siyasətçisi sübut edə bilməz. SSRİ-nin dağıdılmasında ermənilərin iştirakını prezident S.Sərkisyan etiraf etdi. ABŞ Dövlət Departamenti və konqresinin 1987-ci ildən üzü bəri yazışmalarını və qəbul etdiyi sənədlər hər şeyi sübut edir. İndi ermənilər Rusiyanı dağıtmaq və bunu Qafqazdan başlamaq istəyirlər. Ona görə Rusiyanın kommunikasiya imkanları Cənubi Qafqazda güclənə bilməz. İrandan və Türkiyədən köçürülən 100 min erməninin dövlət qurması min illər boyu öz torpağında yaşayan, sayı milyona çatan Şimali Qafqaz xalqları üçün böyük çağırışdır. Moskva hələ də Şimali Qafqazda nəyin və necə baş verdiyini anlaya bilmir.
Azərbaycan öz problemlərinin miqyasını bilir. Problemlərimizin qarşısının alınması, həlli üçün bütün addımları atmaq hüququmuz var və imkanımız da çatır. Dağlıq Qarabağ probleminin həllinə yardım edəcəksə biz istənilən dövlətlə əlaqələrimizi genişləndirəcəyik. Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini ermənilərin maraqlarına uyğun yubadır. Azərbaycan isə bu münaqişənin həll olunması üçün səylərini artırır. Amma belə olmaya da bilərdi. Rusiya hərbi və siyasi dəstəyini Dağlıq Qarabağ tənzimlənməsinə yönəltsə, özü daha çox qazanar.
Rusiyanın siyasətinin anlaşıqlı olmasına ciddi ehtiyac var. Qərbin Rusiyaya qarşı ikili standart siyasətindən əziyyət çəkən Rusiya bu ikili standartların MDB ölkələrinə tətbiqinə imkan verməməlidir.
Rusiya üçün təkcə MDB məkanı deyil, dünyanın digər regionları da mövcuddur. Rusiyanın Yaxın Şərq siyasəti kimin necə dəyərləndirilməsindən asılı olmayaraq Azərbaycandan başlayır. Rusiya-Azərbaycan münasibətləri həm Rusiyanın, həm də Azərbaycanın maraqları prizmasından yalnız qarşılıqlı tamamlayan olmasını tələb edir. Hər şey bu istiqamətdədir. Yalnız Rusiyaya öz ermənilərinin antiAzərbaycan fəaliyyətini neytrallaşdırması qalır".