Qüdrət Həsənquliyev: “Qanunda inhisarçılığın nəzərdə tutulması düzgün deyil” Siyasət

Qüdrət Həsənquliyev: “Qanunda inhisarçılığın nəzərdə tutulması düzgün deyil”

“Mən əvvəllər Milli Məclisdə dəfələrlə məsələ qaldırmışdım ki, turizmin inkişafı üçün ölkədə kazinonun açılmasına ehtiyac var. Ümumiyyətlə, qadağalarla bir çox məsələləri həll etmək mümkün deyil”.

Xalqcebhesi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Mülki Məcəllədə, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib: “Azərbaycanlılar kazinolarda oynamaq üçün xarici ölkələrə üz tuturlar. Ona görə də turizm mərkəzlərində belə bir kazinoların açılmasına ehtiyac var. Birinci oxunuşda da mən bunu müdafiə etmişəm. Sadəcə olaraq bir məsələyə toxunmaq istəyirəm. Bu da ondan ibarətdir ki, biz, yalnız kazinoların süni torpaq sahələrində açılmasına icazə veririk. Bu da bir bilirsizsiniz ki, yalnız “Sea Breeze”də var. Mən məsələ qaldırmaq istəyirəm ki, ümumiyyətlə, “Antiinhisar fəaliyyəti haqqında” qanun və Rəqabət Məcəlləsi ilə nə dərəcədə uyğunluq təşkil edir? Ona görə ki, antiinhisar fəaliyyəti qadağandır. Təbii inhisarlar var, başqa məsələdir. Amma, bu məsələdə həm də rəqabət olmalıdır. Ötən dəfə Naxçıvanla bağlı danışdım. Məsələn, niyə Naxçıvanda tutaq ki, Batabatda belə bir kazino açılmasın? Türkiyədən, İrandan gələnlər tutaq ki, əgər istəyəcəklərsə niyə oarada vaxtlarını keçirməsinlər? Yaxud Şahdağ turizm mərkəzində bunu etmək olar. Büdcədən hər il ora ardıcıl olaraq təqribən 12 milyon 100 min, bəzən 12 milyon manat vəsait ayırırıq. Əvvəla bu hər birimizi narahat eləməlidir ki, niyə? İkincisi də ki, olmaz ki, bir kazino da orada açılsın. Turistlər orada da bundan istifadə etsinlər. Bundan başqa Böyük Zirə adası var. Nargin Adası adlanır. Orada bizm həm də kədərli tariximiz var. Biz, bilirik ki, vaxtilə Türkiyədən Birinci Dünya Müharibəsində Rusiya imperiyası tərəfindən əsir götürülmüş onminlərlə türk öldürülüb. Repressiyalar dövründə insanlar orada öldürülüb. Yəni tutaq ki, kimsə orada kazino tikəcəksə, süni ada yaratmaqdansa hazır adadan istifadə edə bilər. Şəhərdən 10 kilometr məsafədədir. Niyə də olmasın? Bu həm də oranın abadlaşdırılması üçün fürsət yaradar.
Bunu mən ona görə söyləirm ki, ikinci oxunuşa qədər bəlkə bir daha qanunverici təşəbbüsü subyekti ilə danışaq ki, qanunda bu məhdudiyyəti qoymayaq. Onsuz da lisenziya verən orqan məqsədəuyğun sayacaq lisenziya verəcək, saymayacaqsa da verməyəcək. Amma qanunun birbaşa özündə bu inhisarçılığın nəzərdə tutlulması düzgün deyil”.
Millət vəkili həmçinin deputat Əli Hüseynliyə cavab olaraq bildirib: “Mən görürəm çox vaxtlar bir çox məsələlərlə bağlı istinad edirlər ki, mərhum Prezident Heydər Əliyevin dövründə Heydər Əliyevin hansısa məsələ ilə bağlı mövqeyi bundan ibarət olub, filan sözü deyib. Heydər Əliyevin dövründə 1995-ci ildə biz Konstitusiya qəbul etmişik, Konstitusiya Komissiyasının sədri də mərhum Prezidentimiz olub. 2002-ci ildə həmin Konstitusiyaya çox böyük dəyişikliklər etmişik. Heydər Əliyevin dövründə biz kifayət qədər qanunlar qəbul etmişik, sonra o qanunları dəyişmişik. Yəni Heydər Əliyevin özünün bir çox məsələlərə mövqeləri zamanla dəyişib. Zaman keçir, ona görə də bir çox həllərdə sərf edəndə yalnız ona istinad edib demək ki, biz buna görə bunu qoymuruq, yaxşı ona görə onu qoymuruqsa, onda gəlin bu süni adada da qoymayaq”.