

Azərbaycanla Peru arasında əlaqələr pozitivdir və bu münasibətlərin daha da təkmilləşdirilməsinə ehtiyac olduğu üçün fəaliyyətlər davam edir.
Bunu Perunun Azərbaycandakı qeyri-rezident səfiri Sezar Auqusto de las Kasas Dias ölkəsinin Milli Günü ilə əlaqədar Ankaradakı iqamətgahında təşkil etdiyi ziyafət çərçivəsində “Report”un Türkiyə bürosuna açıqlamasında bildirib.
Səfir deyib ki, sentyabr-oktyabr aylarında Azərbaycana səfər etməyi planlaşdırır.
Diplomat bu aylarda Bakıda keçiriləcək beynəlxalq sərgilərdə iştirak üçün dəvət aldığını da deyib:
“Bakıda Perunun marka və investisiyalarını tanıtmaq, təbliğ etmək marağındayıq. Səfər çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - (AZPROMO), eləcə də digər müxtəlif dövlət qurumları ilə müvafiq əməkdaşlıq imkanlarının müzakirəsini planlayırıq. Səfərimiz zamanı Peru mədəniyyətinin təbliği üçün mədəniyyət fəaliyyətlərimizlə bağlı müzakirələr də gözlənilir”.