“İmperiyapərəst yer adları və yalançı abidə təəssübkeşliyi üzərindən Azərbaycanın suveren hüququna müdaxilə cəhdləri siyasi təxribatdır” Siyasət

“İmperiyapərəst yer adları və yalançı abidə təəssübkeşliyi üzərindən Azərbaycanın suveren hüququna müdaxilə cəhdləri siyasi təxribatdır”

Son günlər Rusiya Federasiyasının bəzi yüksək vəzifəli nümayəndələrinin, xüsusilə də Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin müavini Konstantin Zatulinin açıqlamaları Azərbaycan-Rusiya münasibətlərində narahatlıq doğuran ritorika ilə yadda qalmışdır.

“Stepanakert” adından istifadə ilə bağlı Azərbaycanın ədalətli və beynəlxalq hüquqa söykənən etirazına cavab olaraq səsləndirilən bəyanatlar təkcə siyasi məsuliyyətsizlik deyil, eyni zamanda suveren dövlətlərarası münasibətlərdə qəbuledilməz ritorikadır.
Əvvəlcə qeyd edilməlidir ki, “Stepanakert” deyil, Xankəndi – Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən şəhərdir və onun adını Azərbaycan Respublikası müəyyən edir. Bu, Azərbaycanın daxili işidir və ona müdaxilə beynəlxalq hüququn pozulmasıdır. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə suverenliyini ölkənin bütün ərazilərində tam şəkildə təmin etmişdir. Xankəndi və digər şəhərlər Azərbaycanın suveren ərazisidir. Bu şəhərlərin adlarının sovet-bolşevik ideologiyasına uyğun tərzdə “keçmiş” versiyalarını rəsmi agentliklərdə istifadə etmək, bu ərazilərin mübahisəli kimi təqdim olunması və “əvvəllər belə adlanırdı” kimi ifadələrin dilə gətirilməsi təxribat xarakterlidir.

Çıxışlarında siyasi və tarixi savadsızlığıyla “ad-san” qazanmış K.Zatulinin dediyi kimi, “Stepanakert SSRİ dövründə də belə adlanırdı” fikri Azərbaycan xalqının iradəsinə və siyasi mövqeyinə zidd tarixi qərara söykənirdi. Azərbaycanın öz torpaqları üzərində beynəlxalq hüquqa söykənən suveren siyasəti nəticəsində bərpa olunmuş tarixi ədalət bu adlandırmanı hüquqi cəhətdən əsassız edir. Əgər K.Zatulin kimilərinin bu kimi yanaşması əsas götürülərsə, o zaman dünya xəritəsində minlərlə şəhərin və ölkənin adları dəyişməli idi. Bu isə tarixə deyil, siyasi manipulyasiyalara xidmət edir. Həmin manipulyasiyalara əl atan K.Zatulin və onun tərəfdarları unutmamalıdırlar ki, onların bu yanaşmaları siyasi “bumeranq” kimi özlərinə qayıda bilər.

Azərbaycan Xarici İşlər Nazirliyinin TASS agentliyinə ünvanladığı rəsmi etiraz tam haqlı və yerində addımdır. TASS dövlət agentliyi olaraq tərəfsiz və beynəlxalq hüquqa uyğun mövqe nümayiş etdirməlidir. Azərbaycanın bu haqlı iradına cavab olaraq Zatulinin Rusiya ərazisinə Azərbaycan qatarları və təyyarələrinin buraxılmayacağı ilə bağlı verdiyi sərt və qeyri-diplomatik açıqlama isə artıq ikitərəfli münasibətlərə təzyiq vasitəsi kimi topoqrafiyanı alətə çevirməyə çalışmaq deməkdir. Bu cür bəyanatlar rəsmi dövlət dilində deyilməsə də, dövlətin qanunverici orqanının təmsilçisinin dilindən səsləndiyi üçün rəsmi mövqe kimi qəbul edilir və Rusiya tərəfi bunun məsuliyyətini daşımalıdır.

Azərbaycan mediasının cavab olaraq Kalininqrad – Königsberq, Volqa – İtil, Orenburq – Orınbor kimi tarixi adları qeyd etməs simmetrik xəbərdarlıqdır. Əgər Rusiya tərəfi Azərbaycanın şəhər adlarını siyasi məqsədlərlə təhrif edirsə, Azərbaycan da öz informasiya suverenliyindən istifadə edərək tarixi həqiqətləri xatırlatmaq hüququna sahibdir.

İvan Ayvazovskinin Xankəndidəki büstünün sökülməsi ilə bağlı da Azərbaycanın mövqeyi aydındır. İşğal dövründə icazəsiz qoyulmuş istənilən abidənin sökülməsi – qanun çərçivəsində həyata keçirilən daxili məsələdir. Bu, Azərbaycanın suveren ərazisində baş verib və Rusiya tərəfinin buna mədəniyyət və incəsənət müstəvisindən yanaşaraq “qeyri-dost hərəkət” adlandırması da əsassızdır. Otuz ilə yaxın bir müddətdə işğal altında olan Azərbaycan torpaqlarında erməni separatçıları tərəfindən “böyük qardaş”larının xeyir-duası ilə istənilən abidənin qoyulması bir qayda olaraq beynəlxalq hüquqa hörmətsizlik, onun təməl prinsiplərinə zidd hərəkət kimi dəyərləndirilir. Belə olduğu təqdirdə onun da demontaj olunması barədə qərarın verilməsi Azərbaycanın suveren hüquqdur və bu hüququn təmin olunmasına heç kəs müdaxilə edə bilməz.

Azərbaycanı “vandalizm”də ittiham etmək istəyənlər isə əvvəlcə Ukraynanın müxtəlif bölgələrində yerləşən və hazırda Rusiya ordusunun dağıtdığı yüzlərlə tarixi, dini və mədəni abidənin aqibətinə baxmalıdırlar. Bu mənada, Ayvazovskinin heykəlindən siyasi simvol düzəltmək cəhdləri qeyri-səmimi və selektiv narahatlığın göstəricisidir.

K.Zatulin çıxışında Zəngəzur dəhlizinə də toxunur və bu məsələdə Azərbaycanın Türkiyə ilə birlikdə addım atmaq niyyətini “Rusiyaya qarşı çıxmaq” kimi təqdim edir. Əgər Azərbaycan Ermənistanla apardığı danışıqlar nəticəsində bölgədə dayanıqlı sülhün təmin olunmasına xidmət edəcək bu dəhlizin açılmasına nail olursa, deməli onun açılmasının əleyhinə çıxan istənilən beynəlxalq aktor əslində bölgədə sülhün təmin olunmasına qarşı çıxmış olurlar.

Azərbaycan xalqı və dövləti Rusiya ilə tarixi, siyasi və mədəni əlaqələrə daim dəyər verib. Lakin hər bir münasibət qarşılıqlı hörmət, bərabərlik və daxili işlərə qarışmamaq prinsipləri əsasında qurulmalıdır. Rusiya tərəfinin son açıqlamaları bu prinsiplərlə ziddiyyət təşkil edir. Azərbaycan dövləti hər zaman olduğu kimi, bu məsələdə də prinsipial və haqlı mövqedən çıxış edir.
Toponimlər və ya saxta abidə təəssübkeşliyi üzərindən siyasi təzyiq göstərmək dövrü artıq keçmişdə qalıb. Rusiyanın müəyyən siyasi dairələri bu reallığı nə qədər tez anlasalar, ikitərəfli münasibətlərin gələcəyi üçün bir o qədər faydalı olacaq.

Azər ALLAHVERƏNOV
Milli Məclisin deputatı