
Rusiyanın düşmənçilik siyasəti: şovinist kampaniya davam edir
13 Avqust 23:45
Zahid ORUC,
Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili
2016-cı ilin aprel döyüşləri-ikinci Vətən müharibəsinin baş məşqi kimi tarixə düşərkən, İlham Əliyev gələcək regional geosiyasətin ayinini təşkil edən strateji bir fikir söyləyir. O, çoxəsrlik savaş tarixini təkcə dərsliklərdən oxumayıb, onu daxilində yaşayıb, əcdadlarının məğlubiyyət səbəblərini dərindən öyrənib, ona qəlbən ağrıyıb və BDU-nun 100 illiyi ilə bağlı konfransda, “axı mənim xalqım niyə böyük faciələrə məruz qalıb”, deyərək, daimi torpaq və kütləvi insan itkilərinə, qaçqınlığa üsyan edir, mənsub olduğu millətin taleyini dəyişəcəyinin anonsunu verir. “Böyük savaş”a hələ 4 il var. Lələtəpə yüksəkliyi Şuşa Zirvəsinə gedən yolda ilk uğurlu əməliyyat olacaq və xalqın genetik qorxularına son qoyacaq.
Lakin Əliyev heç kəsin ağlına gətirmədiyi bir gələcəyi görür-O, narıncı inqilabla İrəvan hakimiyyətinin devriləcəyini fəhm edərək, Qarabağ üzərində Azərbaycanın suverenliyini bərpa etməsini təkcə torpaq davası və işğalçılıq əleyhinə müharibə adlandırmır, həm də Ermənistanı Rusiyanın 3 əsrlik təbəəliyindən xilas etmək, azadlığına qovuşdurmaq fürsəti sayır. Doğrudan da səni imperiyalara alət edən miflərdən qurtulmaq üçün absurd görünsə də hərbi məğlubiyyət yeganə çıxış yoludur. Razılaşın ki, 1-ci Pyotrun uzaqgörənliklə erməni tacirlərinin Rusiyanın cənubunda mövqelənməsini etibarlı xristian dayaqlarının yaradılması, asi düşən Məhəmməd ümmətini ram etməyə qadir qüvvə kimi görməsi uzun yüz illərin “nifaq alması”nı yetişdirmək demək idi. İndi Əliyev təkcə öz xalqını deyil, o cümlədən, düşmənə çevrilən erməniləri də məhkumluqdan xilas edirdi. Təkcə son 100 ildə bir neçə adda fərqli coğrafi sərhədlərə malik dövləti elan edənləri əsir ideallardan qurtarmaq tarixdə çox az liderlərə nəsib olub. Türkiyə Ermənistanı, Qafqaz Ermənistanı, Böyük Ermənistan, dənizdən-dənizə Ermənistan və iki dövlət qurmaq planı sonda gerçək hərbi-iqtisadi-siyasi potensialına uyğun “real Ermənistan”a çevrilir. Lakin Əliyevin Qafqazın siyasi patriarxı kimi xilaskarlığı 2020-ci ildən qabaq Gürcüstanın taleyində həlledici rol oynamışdı.
Mixail Saakaşvilinin qızılgül inqilabı təkcə sovet totalitarizminin fasadını söküb atmırdı, həm də ilk ayaqda Acarıstanı geri qaytarmaqla onu dünyada simvola çevirən Qərb demokratiyasının tanklarını növbəti ərazilərə yeritməyə güc verirdi. Avropada böyük siyasi simpatiya, maliyyə və hərbi dəstək görən gürcü lideri 2008-ci ilin Pekin Olimpiadasının məşəlini qədim İberiya torpaqlarından götürməyi təklif edir. 5 günlük Gürcüstan-Rusiya müharibəsi bütün Qafqazı bürüyərək, Avropaya gedən yolu bağladı. Lakin o zaman İlham Əliyev Tbilisiyə vəd edilən hərbi yardımlara, Qara dənizə yaxınlaşan ABŞ gəmilərinə, Sarkozini Moskvada ağır söyüşlərə qərq edən rus liderinin “gürcü paytaxtına cəmi 4 saatlıq yolumuz var”, hədəsinə baxmayaraq, Polşa prezidenti Kaçinksi başda olmaqla 5 dövlət başçısına Gəncəyə enməyə hava koridoru verir, oradan da Tbilisiyə təhlükəsiz konvoyla çatdırır. Lakin Buş küçəsində həmrəylik aksiyasına toplaşanların qarşısında müharibənin dövlətçiliyin itirilməsi və şəxsi həyatı bahasına başa gələcəyini görən Saakaşvilinin qorxudan qalstuk çeynəməsi Stalini diktator sayan demokratlara müharibənin məxməri inqilab olmadığını göstərir.
Onunla müqayisədə əsil qaqfazlı mərdliyi və qətiyyəti göstərən Əliyev həmin günlər görüşdüyü BP-nin icraçı direktoru Endryü İnqlisə görün, nə deyir? Vikileaks mənbələri ABŞ səfirliyinin əsas siması Donald Lunun imzasıyla məxvi depeşdə yazır, sitat:” Ruslar təsadüfi görünən bir hərəkətlə neftin dəmir yolu ilə ixrac edən əsas körpünü partadıblar. Bakı-Supsa neft kəmərinin 10 metrliyinə “nəzarətsiz” bomba düşüb...Prezident Əliyev BP-nin icraçı direktoru Endryü İnqlisi qəbul edərək, onun həyəcanı və dərin narahatlığı qarşısında arxayın bir tövr göstərərək deyir:”Rusiya bombalarının Bakı-Supsa yaxınlığında partladığını gördükdə mən Moskvaya-Putinə telefon açdım, hücumun məxsusi olaraq, ölkəmizin Kulevidəki neft terminalına qarşı yönəldiyini, o cümlədən, etnik azərbaycanlıların çoxluqda olduğu Marneulidə yaşadıqlarını xatırlatdım, nəinki soydaşlarımızın və milli maraqların müdafiəçisi kimi çıxış etdim, üstəlik, Qafqazın işğalına qarşı çıxdım, belə hücumların ağır nəticələrini dilə gətirdim”. Razılaşın ki, o dövrdə nəinki ikinci qafqazlı, o cümlədən keçmiş sovet və dünya liderlərinin mütləq əksəriyyəti buna cəsarət etməzdi.
Cəmisi 5 gün sonra Rusiya tanklarının ərazilərdən geri çəkilməsi həm də Bakının mövqeyi ilə birbaşa bağlı idi. İndi Odessada Bakı neftini ötürən kəmərlərə endirilən zərbələr də o zamankı kimi birinci növbədə Moskvanı təhdid edir-axı alman faşizmini məğlub edən Tağıyevin, Muxtarovun buruqları olmuşdu. İndi Kreml üzərində durduğu təmələ, neft-qaz arteriyalarına qarşı müharibəyə əl atırsa, nüvə savaşından qorxulu presedent yaradır. Məgər, Moskva neftin üzərində qərar tutmayıb?
Üstündən 17 il keçəndən sonra Azərbaycan prezidenti Ağ Evdə bir ayrı tarix yazır-8 avqustu Qafqazın xilas aktına çevirir.
Əlbəttə, Vətən müharibəsində Qələbəmiz olmasaydı, Vaşinqton görüşlərini-Strateji tərəfdaşlığı, “Sülh müqaviləsi”nin paraflanmasını, Minsk qrupunun ləğvini və digər razılaşmaları ağla gətirmək mümkün deyildi. Ölkəmizi qlobal gündəliyə çıxaran Qurtuluş savaşımız oldu. İlham Əliyev dünya liderliyi qazandı və hər zaman Qərbin, Şərqin strateji institutları, dərin dövlətləri tərəfindən cızılan xəritələri dəyişdirməyi bacardı. Donald Trampın Oval Kabinetdə göstərdiyi yüksək mehribanlıq və ehtiram ona qlobal savaş aparan qüvvələr fonunda azərbaycanlı liderin davamlı simpatiya göstərməsi İlham Əliyevin strategiyanı əla bilməsindən xəbər verirdi. ABŞ prezidenti öz sosial hesabında bir Qafqaz liderinin açıqlamalarını paylaşması nadir hadisədir. Ermənilərin rəhbərlərinə və nüfuz liderlərinə belə ilgi göstərilməyib. Nəinki Şuşa forumunda, ondan çox-çox əvvəl Əliyev Trampın üstünlük verdiyi mədəni, siyasi və geopolitik dəyərləri, baxışları bölüşərək, iki dövlət arasında gələcək müttəfiqliyin zəminini formalaşdırdı. Tramp Əliyevin strateji hədəflərini heyranlıqla dəstəklədi.
Lakin Ağ Evin bir addımlığında uzun on illər Azərbaycana qarşı hücumları təşkil edən qüvvələr, “Azərbaycan təcavüzkar əməllərinə görə məsuliyyətə cəlb edilməlidir... ABŞ heç bir halda Azərbaycan üçün hərbi yardımın qadağası ilə bağlı 907-ci düzəlişi ləğv etməməlidir”, deyirlər.
Bəli, bizi Qələbəyə görə cəzalandırmağa qalxanlar sülh müharibəsində də məğlub oldular. Ağ Ev nəinki Azərbaycanın Qələbəsini tanıdı, üstəlik ona legitimlik verdi, Əliyevin beş illik müharibə salnaməsinin hər sətrinə hücum edənləri haqsız duruma qoydu-indi onlar Bakıya qarşı yeni hücum platforması tapmalıdırlar. Erməni liderlərinin rəsmən tanıdığı şərtlər-Qarabağın Azərbaycana məxsusluğu, ermənilərin etnik təmizləməyə məruz qalmaması və geri qayıtmaya dair heç bir müddəanın olmaması uzun illərin siyasi korrupsionerlərini və konqresmen lobbiçiləri çətin duruma salır, Qarabağ münaqişəsinin dövriyyədən çıxması uzun on illər konfliktlərlə regionu idarə edənləri və milyardlar qazananları məyus edir. Ermənistanın hərbi süqutu böyük güclərin nüfuz çarpışmasının İrəvan üzərindən yönləndirilməsini çətinləşdirir, çünki düşmənçilik aradan qalxırsa, Qafqazı əvvəlki kimi konfliklərlə yönəltmək mümkün olmayacaq.
Ağ Ev Zirvəsi Vaşinqton üçün son 30 ildə ilk dəfə iki dövlətə balanslı, tarazlı yanaşmanın nümunəsidir. Əliyev Bayden administrasiyasını Bakıya İrəvan prizmasından baxmaqda qınayanda haqlıdır. Avropa Parlamentinin sistemli təzyiqlərinə baxmayaraq, ölkəmizə qarşı sanksiyalar tətbiq edilmədi. Azərbaycanı Qarabağa görə bütün Avropadan təcrid etmək və neft-qaz embarqosu altında hesablaşmağa məcbur etmək ssenarisi iflasa uğradı. Əliyev rəqiblərini strateji oyun quruculuğunda uddu.
Gəlin, son 5 ilin uğur salnaməsini bir daha xatırlayaq-çoxları bilmir ki, müharibə bitəndə Əliyevin dəmir iradəsi ilə İrəvandan yazılı qarantiya ilə aldığı qrafikdə Laçın, Kəllbəcər, Ağdamın boşaldılması olsa da xalqa deyilməyən bir hərbi reallıq ardı-Qubadlının və Zəngilanın mühüm bir hissəsi hələ işğal altında qalmaqda davam edirdi. Məhz Əliyevin Qələbə planı-məxfi əməliyyatları ərazilər üzərində tam nəzarətə imkan verdi, ardınca Fərrux yüksəkliyi, daha sonra Qırxqız əməliyyatı, Kəlbəcərin dağ massivlərində ağır texnikalar olmadan keçirilən 12 sentyabr həmləsi və nəhayət, 12 dekabr 2022-ci ildən başlayan dinc aksiyaların zirvəsi olan 20 sentyabr Xankəndi Zəfərini indi diplomatik uğurların təqvimi tamamlayır.
Bəli, ABŞ-nin tarixində heç vaxt siyasi korrupsiyaya uğrayan qüvvələri-Azərbaycan əleyhinə formalaşan Menendes-Şif-Pallone-Lantoslar ailəsini mərkəzi hakimiyyət belə sərt ifşa etməmişdi. 100 il əvvəl Vudro Vilsondan 12 arbitraj qərarı alaraq, Atatürkə qarşı silahlanan qüvvələr 21-ci əsrdə eyni Qurtuluş hərəkatına başçılıq edən İlham Əliyevin Ağ Evdə Zəngəzurun açarının məhz Qarabağ qələbəsinin mükafatı olaraq, almasına mane ola bilmirlər.
Gerçəkdən Əliyev-Tramp-Paşinyan razılaşması Cənubi Qafqazda Zəfərdən sonrakı yeni geosiyasi arxitektura qurmaq istəyən Azərbaycan liderinin strateji viziyonunun nəhayət, qəbul edilməsidir. Əgər Ukrayna müharibəsi olmasaydı belə, son imperiya davranışları və velikorus şovinizmi ilə Rusiya bölgədə təkbaşına hakimiyyəti ələ ala bilməyəcəkdi, çünki 2 əsr o yana qalsın, SSRİ-nin dağılması və müstəqilliyin ilk illərində Qorbaçov-Yeltsin hakimiyyətindən xalqımızın çəkdikləri onun yaddaşında dərin mənfi izlər buraxıb.
Rus əsgərinin tarixdə ilk dəfə ermənilər üçün ölməməsi 44 günlük savaşın ən mühüm tarixi nəticəsi olan zaman İrəvandakı şoku görərək, yaşatdıqlarını yaşayan ermənilərin Kreml əleyhinə yağdırdığı “xəyanətkar” ittihamları fonunda azərbaycanlılarda yaranan kövrək razılıq hissini və strateji anlaşmanı son 9 ayda rus siyasi quzğunları təyyarə ilə birlikdə siyasi qəzaya uğratdılar. Nəticədə, zəif inam və yaraları unutma hissini yenidən antirus ovqatı əvəzlədi. Belədə iqtisadi, hərbi və humanitar rıçaqlarla deyil, yalnız hibrid savaşla Azərbaycana iradə göstərmək istəyən Moskvanın qarşısında Ankara-Vaşinqton dueti dayanmağa məcburdur. Çünki Zəngəzur konsorsiumu türk dünyası-Mərkəzi Asiya və Avropaya birbaşa marşrutla böyük ticarəti təmin edir. Artıq sinxron şəkildə Türkiyə-Ermənistan münasibətlərinin bərpası, diplomatik əlaqələrin qurulması 90-cı illərdən sonra bağlanan sərhədlərin açılması ilə türk biznesinin İrəvanda yayılmasının-təsirinin güclənməsinin qarşısını almaq mümkün olmayacaq.
Türkiyə hökumətinin avqustun 11-də prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasının gündəliyinə Azərbaycan və Ermənistan arasında sülh prosesi, Vaşinqtonda əldə olunan razılaşmalar daxil edilib. Ardınca Paşinyan Ərdoğanla telefonla danışaraq, onun Ankaraya səfərində əldə olunan razılaşmaların həyata keçirilməsinə razılıq ifadə olunub.
Ermənistan Konstitusiyası 90-cı illərin işğal və hücum planı kimi üzərindən 35 il keçəndən sonra da iki xalqın gələcəyini buxovlayır. O vaxtkı Qarabağ hərəkatının xaç atası və öz taleyində sonralar işğalçılığın ağır fəsadlarını yaşayan, uzaqgörənliklə, “nə hərb, nə sülh” əsərində silahdaşlarını 7 rayondan geri çəkilməyə çağıran Levon ter Petrosyan indi Ağ Evdən gələn sülhün müdafiəsinə qalxmır. Axı o, xalqının gələcəyinə məsuliyyət daşıyır. Təkcə hakimiyyətlər deyil, bütün erməni xalqı sülhə səs verdiyini referendumda göstərməlidir. “Böyük Ermənistan”dan “real Ermənistan”a, müharibə istəyən millətdən barış arzulayan topluma çevrilmədən əhatəsində 150 milyondan artıq türk yaşayan bir dövləti əldə saxlaya bilməzsən. Bəli, deblokada ilə yanaşı, son nəfərinədək dedaşnaklaşma da baş verməlidir.
Əliyevin 3 qələbəsi-torpaqlarını azad etməsi, suverenliyi qazanması, onu 2020-ci ildə rəsmiləşdirməsi, ardınca sülh müharibəsini də sona çatdıraraq, Ağ Evdə Qələbəni təntənə ilə qeyd etməsi son iki yüz ildə heç bir liderə müyəssər olmayan qibtəolunan taledir. Ulu Öndər Heydər Əliyev oğul Buşla görüşü zamanı uzaqgörənliklə Ağ Evdə qalibiyyət paradının təməlini qoymuşdu.
Beləliklə, əvvəlcə Rusiya ilə “müttəfiqlik qarşılıqlı fəaliyyəti” imzalayıb Qarabağda qələbəni sülhməramlılardan qoruyursan, onu hərbi, informasiya və iqtisadi təzyiqlərdən hifz edirsən, sonra Moskvanın strategiya quruculuğunda Bakının qarşısında dayandığını, ənənəvi imperiya refleksinin yenidən oyandığını görüb ona yerini göstərirsən. Halbuki Ağ Ev görüşü günlərində dünya mediasında Tramp-Putin görüşünün keçiriləcəyi xəbəri məhz Azərbaycan liderinin iziylə müharibədən çıxış yolu tapmağa kömək edə bilərdi. Əks halda dövlət başçımızın Xankəndi tribunasından ukraynalıları işğalla barışmamağa çağırması Kiyevə siyasi-mənəvi dəstəkdən çox Kremldə Azərbaycanı SVO-nun hədəfində görənlərə ən sərt və düzgün cavab idi. Bütün dünyada müttəfiqlərini itirib 3-cü Roma ola bilməzsən.
Bəs Ağ Ev zirvəsini və Tramp yolunu qarşısında görən İranın mövqeyi necə dəyişikliyə uğradı? Vaşinqtonun ambisiyalarına İranın reaksiyası Ali liderin baş müşaviri Əli Əkbər Vilayəti dili ilə səsləndi-dəhlizin 99 il müddətinə ABŞ-a “icarəyə verilməsi”nin “mümkünsüz olduğunu”, Cənubi Qafqazın “daşınmaz əmlak” olmadığını və “bu keçidin Trampın muzdluları üçün qəbiristanlığa çevriləcəyini” deyən inqilab quzğunları, “dəhlizin İran üçün təhlükəsi nədir”, sualına ənənəvi cavabları belədir:
Amma, İran Bakı və İrəvana təzyiqin nəinki səmərəsizliyini anlayır, üstəlik, Təl-Əviv və Vaşinqtonun birgə raket zərbələri onun müqavimət gücünə və Qafqazda genişlənmə planına mane olur. İndi isə prezident Məsud Pezeşkian qırğıları bir qədər reallığa qaytarır: bizi səhv başa salıblar, layihə ilə bağlı heç bir şikayətimiz yoxdur, xüsusən də İranın maraqlarını nəzərə aldığına görə. Gerçəkdən, inqilabi tranformasiyadır. Azərbaycan İran üçün Ukrayna roluna hazırlanmır. NATO-nu Zəngəzura gətirmək planı bizim tərəfdən hazırlansaydı, son 3 ildə ölkəmizdən başqa kimsə Avropa Birliyinin müşahidə missiyasına qarşı davamlı etiraz edər və onu sülh razılaşmasında xüsusi müddəaya çevirməzdi. Məgər Tehran son 4 ildə sərhədlərində avropalı kəşfiyyat və patrul missiyasını görmürdü? Bəlkə, 13 günlük müharibədə məğlubiyyətin bir səbəbini də orada axtarsınlar. Azərbaycan İran əleyhinə heç vaxt platsdarm olmayıb. İsrail-İran savaşı ən yaxşı qurulmuş infrastruktur planlarını poza biləcəyinin müjdəçisi oldu. Cənubi Qafqazda sabit və qaydalara əsaslanan ticarət indi ən yaxşı alternativdir. Düyünlənmiş maraqlar qovşağında bunun nəticəsi Avrasiyanın gələcəyinə güclü təsiri olacaq.
Bir gün gələcək, Zəngəzur dəhlizi İran üçün xilas yolu olacaq. İsrailin hava zərbələri 90-cı illərdə Araz vadisindən keçməyə vadar olan vətəndaşlarımız üzərindən 30 ilə yaxın miflər yaradan, guya qardaşlarına köməyə gələn şiə ordusunun arxadan zərbə aldığını iddia edənlər indi qalib azərbaycanlıların obrazı qarşısında aciz qalıblar və 13 günlük savaş zamanı sərhəddimizə qaçan on minlərlə vətəndaşının qorxularını izah edə bilmirlər.
Azərbaycan Ermənistanı bütövlükdə Zəngəzur dəhlizinə çevirərək, qlobal nizama töhfə verəcək, Avrasiya qitəsində strateji coğrafiyanı dəyişəcək, iki neo-imperiya arasında revanşist siyasətlərə qarşı sabit bölgə formalaşdıracaq. Ən tarazlı güc nisbəti dəhliz açılanda yaranacaq.
Azərbaycana zərbə vurmaq, Qarabağ qələbəsini qeyri-legitmləşdirmək üçün ordumuzun Zəngəzura girməsini stimullaşdıran və ona təhrik edən, beynəlxalq informasiya fonu yaradan qüvvələr indi Trampın çətiri altında Azərbaycanın Gürcüstandan sonra Ermənistan üzərində hökmran mövqe qazanmasının Türkiyə, İran və Rusiya hüdudlarından kənarda ciddi nəticələrə aparıb çıxaracağını yaxşı görürlər. Türk Dövlətləri Təşkilatının da Bakıdan təsirlənən siyasətini nəzərə aldıqda ölkəmiz yaxın Şərq, Cənubi Qafqaz və Orta Asiyanı birləşdirən arteriyalara nəzarət imkanı əldə edəcəkdir.
Dnestryanı bölgədə dondurulmuş konflikt, Gürcüstan-Abxaziya və Cənubi Osetiya münaqişələri qalırkən Qarabağın həlli bizi üstün mövqeyə yiyələndirir.
Fasiləsiz dəhliz statusu Türkiyənin regional enerji mərkəzi kimi Qərb, Rusiya, İran və Çin arasında sövdələşmə gücünü artırır. Osmanlı varisliyinə iddia edən bir dövlətin liderinin-Ərdoğanın Cənubi Qafqaza imperiya keçmişinə görə deyil, yeni qlobal nizamın tərkib hissəsi kimi görməsi Əliyevlə vahid strateji baxışdan qaynaqlanır.
Məhz Türkiyəyə qarşı iddiaların aradan qalxması da 44 günlük müqəddəs savaşın nəticəsidir.
Sülh də, müharibə də son 2 yüz ildə ilk dəfə 3-cü paytaxtların deyil, məhz Bakının seçimindən asılı vəziyyətə gəlib.
Münaqişələrin əsiri olmayan parlaq gələcəyi qurmaq tarixdə heç vaxt indiki qədər azərbaycanlılardan asılı olmayıb.
Zori Balayanın düşmənçilik “Ocağı”nı söndürüb indi qonşuluq Odunu yandırmağın vaxtıdır.
Sülhü istəməyən qüvvələrin çoxu həbsxanadadır. Ya Bakıda DTX-nın təcridxanasında, ya da İrəvanda. Bakı və İrəvanın taleyi heç vaxt bir-birindən ayrı olmayıb. Yaralar nə qədər təzə, etimad mühiti üçün illər gərək olsa da azad torpaqlara 100 milyardlar tələb edilsə də, xalqlar savaşlara son verilməsini istəyirlər.
Müharibə olmasa, səngərlər əvəzinə körpülər salınacaq, kazarmaların yerinə məktəblər tikiləcək, xiyabanları körpələr evi əvəzləyəcək, məscidlərdə verilən azan səsinə təkcə Məhəmməd ümməti deyil, İsa və Musa tərəfdarları da sevinəcək, gələcək nəsillərə soyqırım və nifrət ötürülməyəcək!
“Əliyevin Sülh müqaviləsi” Kürəkçaydan Qarsa qədər məğlub xalqın ən böyük tarixi qələbəsi olacaq!"