Diplomatik simvolizm və “bədən dili” manipulyasiya elementi kimi Siyasət

Diplomatik simvolizm və “bədən dili” manipulyasiya elementi kimi

Donald Tramp və Vladimir Putin arasında keçirilən görüşdən sonra, jestlərin, “bədən dili”nin, müzakirə predmeti olan məsələlərə birbaşa və dolayısıyla aidiyyatı olmayan detalların daha çox önə çıxarılması bununla bağlı subyektiv baxış bucağımı ifadə edən kiçik bir yazı ilə çıxış etməyimə zəmin yaratdı.
Beləliklə...
Şübhhəsiz ki, beynəlxalq münasibətlərdə diplomatiya təkcə yazılı sənədlər, rəsmi bəyanatlar və danışıqlar masası arxasında qəbul edilən qərarlarla məhdudlaşmır. Simvollar, jestlər, bədən dili və digər qeyri-verbal ünsiyyət vasitələri dövlətlərin qarşılıqlı münasibətlərində bu və ya digər ölçüdə rol oynayır. Müasir politologiyada bu fenomen “diplomatik simvolizm” anlayışı ilə izah olunur.
Beynəlxalq münasibətlərdə sosial konstruktivizmin nüfuzlu araşdırmaçılarından olan almanəsilli ABŞ politoloqu Aleksandr Vendtin yanaşmasına görə, beynəlxalq münasibətlər yalnız güc balansı ilə izah edilmir. Dövlətlər öz kimliklərini, niyyətlərini və münasibətlərini simvolik davranışlar vasitəsilə də ifadə edirlər.
Amerikalı politoloq, müasir politologiyanın banilərindən və Çikaqo sosiologiya məktəbinin qurucularından biri, siyasət elmində bihevioralist yanaşmanın nümayəndəsi, həmçinin fərdin müxtəlif fəaliyyət sahələrində davranışının tədqiqinə multidissiplinar yanaşmanın nəzəriyyəçisi sayılan Harold Lassvellin kommunikasiya modelində isə diplomatiyada mesajın yalnız sözlərlə deyil, qeyri-verbal kodlarla da ötürüldüyünü göstərir.
Diplomatik protokol araşdırmaları da təsdiq edir ki, liderlərin geyim seçimi, bu və ya digər tədbirə giriş ardıcıllığı və digər elementlər dövlətlərin münasibətlərini ifadə edən rəmzi göstəricilər sayıla bilər.
Bəzi tədqiqatçılara bədən dili beynəlxalq siyasətdə emosional məzmunu, psixoloji üstünlüyü və münasibətlərin xarakterini ifadə etmək üçün istifadə olunan əsas vasitələrdən biridir. Məsələn, bəzən əl sıxma güc balansının simvolu kimi qəbul olunur və yaxud əl sıxmanın müddəti və intensivliyi tərəflərin psixoloji mövqeyini əks etdirir. Göz kontaktı və mimika isə hörmət, rəqabət və ya soyuqluq mesajı verir. Bununla yanaşı, yenə də daha öncə istinad etdiyim nəzəri yanaşmalara görə, liderlərin hansı məsafədə dayanmaları, oturuş tərzləri də dövlətlər arasında ya bərabərlik, ya da asimmetrik münasibətlərin vizual göstəricisi ola bilər.
Qeyd edim ki, “bədən dili”nin diplomatiyada rolu antropologiya və psixologiya elmlərinin də araşdırma predmetinə çevrilib. Xüsusən də Ervin Qoffmanın simvolik qarşılıqlı təsir nəzəriyyəsi göstərir ki, ictimai situasiyalarda davranış formaları “siyasi teatr”ın tərkib hissəsidir.
Bununla yanaşı, bir vacib məqamı da nəzərə almağın zəruri olduğunu düşünürəm:
Diplomatik görüşlərdə qeyri-verbal detallar bəzən məqsədyönlü şəkildə diqqəti əsas müzakirə olunan məsələlərdən yayındırmaq üçün istifadə olunur.
Kütləvi informasiya vasitələri vizual detalları qabartmaqla ictimai şüuru daha sadə və emosional məqamlara yönəldirlər və bu halda strateji və həssas mövzular, təbii olaraq arxa plana keçir.
Həmçinin, bəzi hallarda liderlər özləri belə detalları planlaşdıraraq müzakirələrin mahiyyətini kölgədə qoyur, ictimai rəyin diqqətini başqa istiqamətə çəkirlər.
Bu qəbildən olan hərəkətlər psixoloji manipulyasiya kimi də istifadə oluna bilər. Çünki əl hərəkətləri, geyim seçimi və ya protokol “təsadüfləri” ictimaiyyətin emosional reaksiyasını gücləndirir, əsas gündəmin ikinci dərəcəli görünməsinə səbəb olur. Beləliklə, bədən dili və simvolik elementlər təkcə kommunikasiya vasitəsi deyil, həm də siyasi manipulyasiya aləti funksiyasını daşıyır. Diplomatik simvolizm medianın interpretasiyası vasitəsilə ictimai rəyin formalaşdırılmasında xüsusi əhəmiyyət kəsb edir. Mətbuat çox vaxt rəsmi razılaşmalardan daha çox jestləri qabardır və bu, ictimaiyyətin beynəlxalq münasibətlər barədə təsəvvürünü dəyişir.
Bu baxımdan, Alyaskada keçirilən görüşdə Lavrovun köynəyindən başlamış təyyarələrin uçuşunadək əksər detalların daha çox manipulyasiya olduğu qənaətindəyəm.
Diplomatik simvolizm beynəlxalq münasibətlərin nəzəri və praktiki zəmində öyrənilməsində əsas istiqamətlərdən biri sayılır. O, dövlətlərin öz kimliklərini və niyyətlərini büruzə vermələrinin, psixoloji üstünlüklərini nümayiş etdirmələrinin, həmçinin ictimai rəyə təsir göstərmələrinin mühüm alətidir. Bununla yanaşı, simvolik elementlər bəzən yayındırıcı faktor kimi də çıxış edir. Bu baxımdan, beynəlxalq münasibətlərin elmi təhlilində jestlər, bədən dili və digər qeyri-verbal kodların funksiyasına diqqət yetirilməsindən daha çox müzakirə olunan mövzulara və nəticəyə diqqət yetirilməsini zəruri hesab edirəm.

Elçin Mirzəbəyli