Dövlət başçısı: Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq Siyasət

Dövlət başçısı: Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq

Amma təxminən beş il ərzində Ermənistan bizim tələblərimiz və qanuni istəklərimiz qarşısında konstruktiv mövqe nümayiş etdirmirdi. Bu səbəbdən Prezident Tramp və onun komandası prosesə cəlb olunduqda, vasitəçilik etmək istəyəndə biz onlara belə mesaj verdik: Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır, yəni, Azərbaycan vətəndaşları bu 40 kilometrdən çox məsafəni təhlükəsiz keçə bilməlidirlər, güclü təhlükəsizlik zəmanətləri olmalıdır.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

"Beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil. Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) meydana gəldi. Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq. Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur", - dövlət başçısı qeyd edib.