

Ukraynanın Bakıdakı səfiri bu barədə danışdı; Azərbaycan Rusiyadan gələn bütün təzyiqlərə baxmayaraq, Kiyevin haqq savaşını dəstəkləyir
Ukraynanın Müstəqillik Günü ərəfəsində bu ölkənin Azərbaycandakı səfiri Yuri Qusev Haqqın.az-ın suallarını cavablandırıb. Jurnalist səfirdən Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsi barədə soruşub. Yay mövsümündə prezidentlərin iki dəfə zəngləşdiyini deyən səfir iki ölkə arasında münasibətləri qiymətləndirərkən rəsmi Bakının müharibənin ilk günündən Ukraynanın ərazi bütövlüyünə dəstəyini qeyd edib və Azərbaycan dövlətinin humanitar yardımlarını xatırladıb. Səfir son 6 ayda bu əlaqələrin intensivləşdiyini təsdiq edib. Hökumətlərarası əlaqələrin genişləndiyini deyib.
Rusiya xüsusi xidmət orqanları vaxtaşırı Ukrayna kəşfiyyatı tərəfindən “bəzi xüsusi əməliyyatların keçirilməsi” üçün cəlb edilmiş Azərbaycan vətəndaşlarının saxlanması ilə bağlı dezinformasiya xarakterli mesajlar yayırlar. Səfir bu barədə deyib ki, Ukrayna xüsusi xidmət orqanlarının əsas məqsədi ədalətsiz müharibəyə cəlb edilmiş dövləti və onun vətəndaşlarına qarşı təhlükələri dəf etməkdir. Bu cür iddialar da Rusiyanın Ukrayna və Azərbaycana qarşı növbəti informasiya təxribatı kimi qiymətləndirilə bilər.
Bütün bu ziddiyyətli xəbərlər fonunda mətbuatda prezident Zelenskinin Azərbaycana səfərinə hazırlıqla bağlı yayılmış məlumatlara gəlincə, səfir deyib ki, Ukrayna Prezidentini dost və qardaş Azərbaycana səfərində müşayiət etmək arzusu var. Səfir deyib ki, telefon danışıqlarının, eləcə də beynəlxalq tədbirlər çərçivəsində ölkə prezidentinin görüşlərinə çalışırlar: “Amma mən bu gün Zelenskinin Azərbaycana səfərini anons edə bilmirəm. Ümid edirəm ki bu görüş baş tutacaq”.
Ekspertlər hazırkı Kiyev-Bakı əlaqələri necə qiymətləndirir?
Niyaməddin Orduxanlı
ƏHD Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı “Yeni Müsavat”a bildirdi ki, Ukrayna rəhbəri istənilən zaman Azərbaycana səfərə gələ bilər: “Azərbaycan ilk gündən Ukraynanın ərazi bütövlüyünü tanıyır. İki ölkə arasında normal və ikitərəfli münasibətlər mövcuddur. Azərbaycan Ukraynaya dəfələrlə humanitar yardım edib. Hətta müharibənin ilk günündə Azərbaycanda fəaliyyət göstərən Ukrayna səfirliyinin önünə on minlərlə soydaşımız toplaşaraq könüllü yardımlar etdi. Bizim xalq 32 il təcavüzə məruz qalmış xalqdır. Səfir Qusev haqlıdır. Son zamanlarda Azərbaycan-Ukrayna münasibətləri daha da intensivləşib. İki ölkə başçısının dəfələrlə telefon əlaqələri olub. Əlbəttə ki, bu münasibətlər Rusiyanı qane edə bilməz. Bu baxımdan, hər cür təxribatlar baş verir. Azərbaycana qarşı əsası olmayan, saxta məlumatlar, dezinformasiyalar yayırlar. Rusiya Azərbaycan-Ukrayna münasibətlərindən narahat olmamalıdır. Necə ola bilir ki, Rusiya-Ukrayna müharibəsi başlanan ilk gündən Ukraynaya hər cür dəstək verən Amerika ilə bütün səylə əməkdaşlıq etməyə can atır. O cümlədən də Qərb dünyası ilə. Azərbaycanın həm Ukrayna, həm də Rusiya ilə normal əlaqələri mövcuddur. Biz bu müharibədə beynəxalq hüququ əsas tutmuşuq. Müharibənin davam etdirilməsini istəmirik. Sülhün əldə olunmasını və danışıqlar yolu ilə razılığa gəlinməsini arzu edirik. Müharibə heç kimə sərf etmir. Artıq hər iki tərəfdən yüz minlərlə insan dünyasını dəyişib. Milyardlarla dollar həcmində hər iki ölkəyə ziyan dəyib. Bizim Rusiya ilə də əməkdaşlığa dair müqaviləmiz var, bir sıra sahələrdə əməkdaşlıq edirik. Zelenskinin Azərbaycana səfərinə gəldikdə isə bu istənilən zaman baş tuta bilər. Bu beynəlxalq tədbirlər çərçivəsində və ya iki ölkə başçılarının görüşü səviyyəsində mümkündür. Azərbaycanda Zelenskinin təhlükəsizliyi ilə bağlı da hər hansı problem ola bilməz. Bakı ilə Kiyev arasında qarşılıqlı və normal münasibətlər mövcuddur”.
Şəhla Cəlilzadə
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Azərbaycanın daim Ukraynanın haqq mübarizəsini dəstəklədiyini qeyd etdi: “Azərbaycan hər zaman beynəlxalq hüququn əsas prinsiplərindən irəli gələrək ərazi bütövlüyü, suverenlik məsələlərinə həssas yanaşıb. Bu çərçivədə də Ukraynanın ərazi bütövlüyünü, Rusiyaya qarşı apardığı haqq savaşını dəstəkləyib. Bu, sadəcə, sözdə dəstək olmayıb. Eyni zamanda humanitar dəstək formasında öz əksini tapıb. Son olaraq, Azərbaycanla Ukrayna arasında enerji sahəsində əməkdaşlığın artırılması Rusiyadan gələn bütün təzyiqlərə baxmayaraq, rəsmi Bakının müstəqil siyasətini bir daha davam etdirdiyini göstərir. Amma bütün bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, hazırda Ukrayna Prezidentinin hər hansı bir şəkildə ölkəmizə səfəri gözlənilmir. Belə bir plan yoxdur. Bu səfərin hazırda baş tutmaması ölkələrimiz arasında hər hansı bir ziyanlı məqamdan qaynaqlanmır. Hər iki ölkə öz gündəminə fokuslanıb və burada da səfər planı yoxdur. Hazırda Rusiya və Ukrayna prezidentlərinin görüş məsələsi daha çox siyasi gündəmdə yer almaqdadır. Bunun da reallaşdırılması istiqamətində diplomatik işlər davam edir. Azərbaycan da hər zaman sülhün və sabitliyin bərqərar olması üçün öz dəstəyini verməyə hazırdır. Əgər gələcəkdə sülh platforması ola bilərsə, Azərbaycan da burada hər hansı bir şəkildə yer alarsa, bundan sadəcə qürur duymaq lazımdır”.