Cammu və Kəşmirdə sel fəlakəti: 30 nəfər həlak olub Dünya

Cammu və Kəşmirdə sel fəlakəti: 30 nəfər həlak olub

Hindistanın idarə etdiyi Cammu və Kəşmirdə leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələrində 30 nəfər ölüb.

Xalqcebhesi.az xəbər verir ki, Hindustan Times-ın məlumatına görə, Cammu və Kəşmirdə yağan güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub.
Səlahiyyətlilər təbii fəlakətlər nəticəsində 30 nəfərin öldüyünü açıqlayıb.
Yağışlar həmçinin infrastruktura ciddi ziyan vurub, körpülərin dağılmasına, elektrik enerjisinin kəsilməsinə və telekommunikasiya şəbəkələrinin sıradan çıxmasına səbəb olub.
Dəmir yolu və avtomobil nəqliyyatı da pozulub, bəzi yollar bağlanıb və bir çox qatar reysləri ləğv edilib.
Xilasetmə əməliyyatları çərçivəsində seldən zərər çəkmiş ərazilərdən 3500-dən çox sakin təxliyə edilib.
Rayonun bütün məktəbləri avqustun 27-dək bağlanıb, imtahanlar dayandırılıb. İyun-sentyabr ayları arasında Cənubi Asiyaya təsir edən musson yağışları bölgə ölkələrində, xüsusilə Hindistanda hər il böyük təbii fəlakətlərə və qəzalara səbəb olur. İyunun 26-dan bəri Pakistanda baş verən daşqınlar 800-dən çox insanın, Hindistanın Himaçal-Pradeş əyalətində isə iyunun əvvəlindən bəri təxminən 300 nəfərin ölümünə səbəb olub.

Məryəm Quliyeva