Həmsədrlərin fəallığı nəticə verəcəkmi? Siyasət

Həmsədrlərin fəallığı nəticə verəcəkmi?

Arzu Nağıyev: "Digər yollara əl atılmasının vaxtı artıq yetişməkdədir"
Qorxmaz İbrahimli: "İndiki səfərləri Ukraynada hadisələrin gərginləşməsi fonunda atılan addımların tərkib hissəsi də hesab etmək olar"
Elçin Xalidbəyli: "Həmsədrlərinin regiona səfərləri artıq elə bir ciddi siyasi əhəmiyyət daşımır"

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar. Bəyanatda deyilir ki, bölgəyə səfərdə məqsəd Dağlıq Qarabağ, Kəlbəcər və Laçındakı vəziyyətin icmalı olub. Bu rayonlara baş çəkdikdən sonra həmsədrlər yerli infrastrukturun yaxşılaşdığını görüblər, lakin əhalinin sayının artmasını müşahidə etməyiblər. Həmsədrlər Sərsəng su anbarına da gedərək onun statusunu və fəaliyyətini müzakirə ediblər. Onlar tərəflərin su anbarından bölgənin xeyrinə birgə istifadəsi barədə razılıq əldə olunacağına ümid etdiklərini bildiriblər. Mayın 19-da həmsədrlər Tərtər yaxınlığındakı təmas xəttini keçiblər və atəşkəs rejiminin pozulmasından təəssüfləndiklərini söyləyiblər. Diplomatların fikrincə, atəşkəs pozuntularının araşdırılması mexanizminin olmaması tərəflərin bir-birini ittiham etməsinə əsas yaradır.
Səfər zamanı həmsədrlər Bakı və İrəvanda rəsmi şəxslərlə, eləcə də Dağlıq Qarabağ, Laçın və Kəlbəcərin faktiki yerli rəhbərləri ilə görüşlər keçiriblər. Onlar Bakıda Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə də görüşüblər. Görüşlər zamanı sülh prosesinin elementləri müzakirə olunub, qeyd edilib ki, bu elementlər həmsədr ölkə rəhbərlərinin 2009 və 2013-cü illərdə verdikləri birgə bəyanatlarda əksini tapıb.
Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ), ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və yeni fransalı həmsədr Pyer Andrie mayın 16-19-da bölgəyə səfər ediblər.
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov həmsədrlərin regiona səfərinə münasibət bildirərkən buye normal qiymətləndirdiyini, sülh danışıqlarına xeyir verə biləcəyini açıqlayıb: "Danışıqlar lazımdır. Həmsədrlər də hər iki tərəfin fikirlərini öyrənməli, ümumi vəziyyətlə tanış olmalı, buna uyğun addımlar atmalıdır. Həmsədrlərin bir çox səfəri turist səfərinə oxşasa da, hesab edirəm ki, bu dəfəki səfəri müsbət nəticələr verəcək".
Bayram Səfərov həmsədrlərin işğal olunmuş ərazilərdə əhali sayının az olması ilə bağlı dediklərinə münasibət bildirərkən qeyd edib ki, bu, təəccüblü deyil: "Ermənilər bu torpaqda arta bilməz. Əhali Ermənistanı tərk edir. Nə üçün dağıdılmış ərazilərdə yaşamalıdırlar".
Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birliyinin idarə heyətinin üzvü, deputat Rövşən Rzayev də "Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin mən daxil olmaqla bütün digər üzvləri Minsk Qrupu həmsədrləri ilə görüşdə bir sıra məqamlarla bağlı söhbət etdik. Həqiqətdə işğal olunmuş ərazilərə ermənilərin köçürülməsi faktı var.
Suriya ermənilərin Azərbaycan ərazisində yerləşdirilməsini bizimlə görüşdə həmsədrlər də etiraf edib",- deyə bildirib.
Son zamanlar Minsk qrupu həmsədrlərinin nümayiş etdirdiyi fəallıq nəticə verəcəkmi?
Politoloq Arzu Nağıyev bildirdi ki, ümumiyyətlə Minsk Qrupu həmsədrlərinin konfliktin tənzimlənməsi sahəsində fəallığı xeyli artıb və, Birləşmiş Ştatların aktivləşməsi nəzəri cəlb edir: "Bir vaxtlar bu Rusiya tərfindən diqqəti cəlb edirdisə, hazırda ABŞ daha aktiv görünür. ABŞ-ın aktivliyi isə həm iqtisadi maraq baxımından, həm də Rusiydan seçilmək kimi qiymətləndirilə bilər. Məlumdur ki, konfliktin həlli bu iki nəhəngin səyi olmadan həll edilə bilməz. Bununla yanaşı ATƏT-in Minsk qrupunun üzvləri "Qarabağın mövqeyini və mənafelərini nəzərə almadan real tənzimlənməyə nail olmaq mümkün deyil" də deyirlər. Bu isə o demıəkdir ki, Azərbaycan tərəfi bunu qəbul etməyəcək və danışıqlar uzanacaq. Fransa prezidenti Fransua Ollandın regiona səfəri və problemlə şəxsi tanışlığı da Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir etməyə bilməz. Fransanın ATƏT-in Minsk qrupunda üzv və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması dadanışıqlara təsir edən amildir. Lakin münaqişənin həll olunmasının uzanması və bəyanatlarla kifayətlənməsi, BMT-nin qəbul etdiyi qətnəmalərin yerinə yetirilməməsi konkretliyin olmamasından xəbər verir. Bəziləri Dağlıq Qarabağ münaqişəninin Kiprdəki yunanlar və türklər arasındakı problemi ilə müqayisə edir və bu nümunənin münaqişəyə tətbiq olunmasını təklif edir, bu isə separatçı "Dağlıq Qarabağ respublikası" nümayəndələrinin danışığa cəlb olunması deməkdir, Azərbaycan tərəfi isə bunun qəti əleyhinədir və üçüncü tərəf kimi separatçılar danışıqlara qatıla bilməz. Deməli, torpaqların siyasi yollarla azad edilməsi məsləsi 20 ildir ki, kağız üzərində qalır və bu o deməkdir ki, digər yollara əl atılmasının vaxtı artıq yetişməkdədir. Yəni bu gün üçün reallıqlar belədir".
"Aydınlar" Partiyasının sədr müavini Qorxmaz İbrahimli dedi ki, Minsk qrupu həmsədrlərinin regiona səfərləri zaman-zaman artıb və azalıb: "Keçilən yol göstərir ki, bu günə qədər münaqişənin həlli istiqamətində məmnunedici bir şey olmayıb. İndiki səfərlərini də Ukraynada hadisələrin gərginləşməsi fonunda atılan addımların tərkib hissəsi də hesab etmək olar. Bu günə qədər bu qrupun dəyişən tərkibi heç zaman haqlı və haqsızı ortaya çıxarmayıblar. Hər kəsə bəllidir ki, böyük güclər bu kartdan bu və ya başqa formada bir birilərinə təzyiq kimi istifadə edirlər".
Siyasi şərhçi Elçin Xalidbəyli isə vurğuladı ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərləri artıq elə bir ciddi siyasi əhəmiyyət daşımır: "Çünki bu adamların ənənəvi səfərləri uzun müddətdən bəridir ki, sadəcə "turist səfərləri" xarakteri daşıyır. Hazırda bu adamların mövqeyi və açıqlamaları heç bir real təsirə malik deyil. Və yəqin ki, həmsədr dövlətlər arasındakı ziddiyyətlərin, eləcə də, onların maraq toqquşmalarının yekun nəticələri aydınlaşmayana qədər elə belə də davam edəcək. Bu isə o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə həmsədrlik institutu özünü doğrultmadı və hətta artıq bu qurumun ləğv edilməsi də mümkündür. Və həmsədrlik institutu ləğv edilərsə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində mövcud situasiya indikindən daha intensiv şəkildə müsbətə doğri dəyişə bilər. Çünki hazırda həmsədrlik missiyası münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində nizamlanması qarşısındakı əsas əngəllərdən biri kimi diqqəti çəkir. Bütün bunları nəzərə aldıqda, həmsədrlərin son vaxtlar fəallaşması mövsimi xarakter daşıyır. Buna daha çox həmsədr dövlətlər arasındakı maraq tpqquşmalarının intensivləşməsinin təzahürü kimi də yanaşmaq olar. Yəni həmsədrlərin bu fəallığından nəsə bir müsbət nəticə gözləmək sadəlövhlük olardı. Çünki onların bu fəallığı öz ölkələrinin siyasi rəhbərliyindən aldıqları təlimatlardan qanaqlanır. Və tezliklə onlar yenidən öz əvvəlki ənənəvi vəziyyətlərini alacaqlar, yəni yenidən sakitləşəcəklər".

Əli