Elçin Əmirbəyov Avstriyada Aİ-Azərbaycan münasibətlərini müzakirə edib Siyasət

Elçin Əmirbəyov Avstriyada Aİ-Azərbaycan münasibətlərini müzakirə edib

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Avstriya Respublikasına işgüzar səfəri baş tutub.

Səfər çərçivəsində E.Əmirbəyov Avstriya Parlamentinin spikeri Walter Rosenkranz, Avstriya Federal Kanslerinin qlobal məsələlər üzrə xüsusi nümayəndəsi Peter Launsky-Tieffenthal və Avstriyanın Federal Avropa və Beynəlxalq Məsələlər Nazirliyinin xarici işlər üzrə baş katibi Nikolaus Marschik ilə görüşlər keçirib.

Danışıqlar zamanı Azərbaycan və Avstriya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu xüsusda, iki ölkə arasında siyasi dialoqun, ticarət-iqtisadi və investisiyalar üzrə əməkdaşlığın inkişaf etdirilməsinə qarşılıqlı maraq ifadə olunub. Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, inşaat və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 2025-ci ilin iyun ayında Vyana şəhərində təşkil olunmuş 11-ci iclasının, eləcə də 2025-ci ilin noyabr ayında Azərbaycana həyata keçirilməsi nəzərdə tutulan Avstriya şirkətlərindən ibarət ticarət missiyasının ikitərəfli iqtisadi əlaqələrin irəlilədilməsinə töhfəsi yüksək qiymətləndirilib.

Avstriya Parlamentinin spikeri ilə keçirilmiş görüşdə qarşı tərəf Azərbaycan və Avstriya parlamentləri arasında həm ikitərəfli formatda, həm də müvafiq beynəlxalq təşkilatlar çərçivəsində təşəkkül tapmış uğurlu əməkdaşlıq əlaqələrindən məmnuniyyətlə bəhs edib, bu əməkdaşlığın bütün platformalarda dərinləşdirilməsində maraqlı olduqlarını bildirib. Spiker Rosenkranz azərbaycanlı həmkarı xanım Sahibə Qafarova tərəfindən yeni vəzifəsinə seçilməsi ilə əlaqədar təbrik və Azərbaycana səfərə dəvətlə bağlı ona ünvanlanmış məktuba görə təşəkkür edib, səfərin yaxın gələcəkdə baş tutması üçün işlərin aparılacağını diqqətə çatdırıb.

Görüşlərdə həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərə toxunulub, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı vacib rol və Orta Dəhliz üzrə Şərq-Qərb yük daşımalarının artırılması baxımından strateji əhəmiyyəti vurğulanıb. Coğrafi yerləşməsi baxımından Azərbaycanı Avropa ilə Mərkəzi Asiya arasında vacib körpü rolu oynayan bir ölkə kimi qiymətləndirən Avstriya tərəfi enerji və nəqliyyat sahələrində ikitərəfli əsasda da əməkdaşlığın genişləndirilməsinə xüsusi maraq ifadə edib. Avstriya rəsmiləri Aİ ilə Azərbaycan arasında münasibətlərdə son zamanlar müşahidə olunan müsbət dinamikanı alqışladıqlarını və tərəflərin maraqlarına cavab verən vacib sahələrdə əməkdaşlığın möhkəmləndirilməsini dəstəklədiklərini diqqətə çatdırıblar.

Səfər zamanı aparılmış danışıqlar çərçivəsində Elçin Əmirbəyov qarşı tərəfə Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi, 8 avqust 2025-ci il tarixində iki ölkə arasında Vaşinqtonda əldə olunmuş razılaşmalar və davamlı sülhün bərqərar olması istiqamətində növbəti addımlar barədə ətraflı məlumat verib. Avstriyalı rəsmilər Azərbaycanın sülh gündəliyini dəstəklədiklərini qeyd edərək, sülh sazişinin qısa bir zamanda imzalanmasının tərəfdarı olduqlarını vurğulayıblar.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi həmçinin Avstriyanın nüfuzlu Beynəlxalq Sülh İnstitutu tərəfindən “Ermənistan-Azərbaycan: sülhə hər zamankından daha yaxın” mövzusunda təşkil olunmuş dəyirmi masada çıxış edib, iştirakçıların suallarını cavablandırıb.

Görüşlər zamanı Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi həmçinin Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş işğalçılıq siyasətinin nəticəsi olaraq Azərbaycanın mədəni irs obyektlərinin məhv edilməsi və ölkəmizin üzləşdiyi mina problemi barədə ətraflı məlumatı qarşı tərəfin diqqətinə çatdırdı, bu mövzulara dair müvafiq nəşrləri həmsöhbətlərinə təqdim etdi.

E.Əmirbəyov səfər çərçivəsində həmçinin Avstriyanın media nümayəndələrinə müsahibə verib.

Elçin Əmirbəyov Avstriyada Aİ-Azərbaycan münasibətlərini müzakirə edibElçin Əmirbəyov Avstriyada Aİ-Azərbaycan münasibətlərini müzakirə edibElçin Əmirbəyov Avstriyada Aİ-Azərbaycan münasibətlərini müzakirə edib