

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirdiyi görüşlər ölkəmizin beynəlxalq arenada artan nüfuzunun növbəti dəfə bariz göstəricisidir. Dövlət başçısının müxtəlif ölkələrin liderləri ilə danışıqları həm regional sülh təşəbbüslərinin dəstəklənməsi, həm də iqtisadi və siyasi əməkdaşlığın genişləndirilməsi baxımından çox əhəmiyyətlidir.
Azərbaycana maraq artır
Prezident İlham Əliyevin görüş qrafikinin sıxlığı onu deməyə əsas verir ki, ayrı-ayrı ölkələrin liderləri, eləcə də dünyanın nüfuzlu şirkətlərinin rəhbərləri Azərbaycan rəhbəri ilə danışıqlara can atır, ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını göstərirlər.
Prezident İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Avropa Şurasının Baş katibi Alen Berse, İraq Prezidenti Əbdüllətif Camal Rəşid, Bolqarıstanın Baş naziri Rosen Jelyazkov, Portuqaliya Prezidenti Marselo Rebelo de Souza, Finlandiya Prezidenti Aleksandr Stubb, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Keniya Prezidenti Uilyam Samoei Ruto ilə görüşlər keçirib.
Bu görüşlərdə ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunması ilə yanaşı, Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşdırılması istiqamətində əldə etdiyi nailiyyətlər xüsusi qeyd edilib, ayrı-ayrı ölkələrin liderləri bu münasibətlə təbriklərini çatdırıblar.
Görüşlərdə ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasına, iki ölkə arasında münasibətlərin normallaşmasına dair sazişin paraflanmasına və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Vaşinqton Bəyannaməsinin əhəmiyyətinə toxunulub. Bütün bunların regionda davamlı sülhün təmin olunması baxımından vacibliyi qeyd edilib.
Prezident İlham Əliyev isə Vaşinqtonda keçirilmiş Zirvə toplantısının tarixi əhəmiyyətini qeyd edib, Azərbaycanın bundan sonra da bölgədə sülhün gücləndirilməsi üçün səylərini davam etdirəcəyini bildirib. Dövlət başçısı ABŞ Prezidenti Donald Tramğın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında rolunu xüsusi qeyd edib.
Azərbaycan dövlət başçısı vacib görüşlərindən birini ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Kuş Çoksi ilə keçirib.
Söhbət zamanı Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisinə qalxması, hazırda iqtisadi-ticari əlaqələrimizin genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib.
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında imzalanmış Anlaşma Memorandumundan irəli gələn enerji, bağlantılar, süni intellekt və digər sahələrdə əməkdaşlığa dair müzakirələr aparılıb.
Azərbaycanın və ABŞ-ın biznes dairələri arasında birbaşa əlaqələrin yaradılmasının və biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkilinin vacibliyinə toxunulub, turizm sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu qeyd edilib.
Kuş Çoksi biznes imkanlarının dəyərləndirilməsi üçün geniştərkibli heyətlə tezliklə Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.
Danışıqlar və müzakirə olunan məsələlər belə deməyə imkan verir ki, bu görüşlər yalnız adi diplomatik protokol deyil, Azərbaycanın regiondakı nüfuzu və yeri, irəli sürdüyü sülh təşəbbüsləri, iqtisadi əhəmiyyəti və qlobal tərəfdaşlıq potensialının beynəlxalq səviyyədə növbəti təsdiqidir.
Azərbaycan liderinin səfəri zamanı mühüm tədbirlərdən biri Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar təşkil edilmiş rəsmi qəbul olub.
Rəsmi qəbul zamanı Trampın Azərbaycan Prezidenti haqqında söylədiyi fikirlər və iki lider arasında formalaşmış səmimiyyət beynəlxalq siyasi dairələrdə maraqla izlənilib.
ABŞ lideri Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevlə fəxr etdiyini deyib.
"Mən Sizinlə, həqiqətən, fəxr edirəm. Siz çox gözəl insansınız", - ABŞ Prezidenti bildirib.
Azərbaycanın qlobal iqtisadi şəbəkədə mövqeyi möhkəmlənir
Prezident İlham Əliyevin Nyu-Yorkda dünyanın nüfuzlu şirkətləri ilə keçirdiyi görüşlər də xüsusi qeyd olunmalıdır. Bu, Azərbaycanın beynəlxalq müstəvidə həm siyasi, həm də iqtisadi tərəfdaşlıq imkanlarının genişləndiyini göstərir. Bu görüşlər Azərbaycanın Cənubi Qafqazda sülhün təşəbbüskarı rolunu bir daha təsdiqləməklə yanaşı, ölkəmizin müxtəlif regionlarla əməkdaşlıq perspektivlərini də daha da möhkəmləndirir, eyni zamanda, Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıq gündəliyinin yeni mərhələyə qədəm qoyduğunu söyləməyə əsas verir.
Dövlət başçısı dünyanın aparıcı maliyyə və infrastruktur investisiya şirkətlərinin rəhbərləri ilə mühüm danışıqlar apararaq, ölkəmizin qlobal iqtisadi şəbəkələrdə mövqelərinin daha da möhkəmləndirilməsinə növbəti töhfə vermiş olub.
Görüşlərdə Azərbaycanın strateji coğrafi mövqeyi, dayanıqlı inkişaf prioritetləri və sabit investisiya mühiti yüksək qiymətləndirilib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan enerji keçidi, yaşıl inkişaf, logistika, rəqəmsal infrastruktur və kapital bazarlarının dərinləşdirilməsi istiqamətində beynəlxalq tərəfdaşlıqlar üçün geniş imkanlar açır.
Dünyanın aparıcı “Global Infrastructure Partners” şirkəti ilə müzakirələrdə dəmir yolu, hava limanları, süni intellekt və enerji keçidi üzrə əməkdaşlıq imkanları önə çəkilib. “Franklin Templeton” ilə danışıqlarda Azərbaycanın kapital bazarlarının inkişafı, beynəlxalq maliyyə resurslarına çıxış imkanları və alternativ investisiya sahəsində təcrübə mübadiləsi diqqət mərkəzində olub.
“Ares Management” ilə söhbətlərdə isə dayanıqlı infrastruktur, logistika, daşınmaz əmlak, təhsil və sosial infrastruktur layihələri üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin ABŞ-ın “Brookfield Asset Management”, “Neuberger Berman” “Blackstone” və s. kimi nüfuzlu şirkətlərin rəhbərləri ilə də görüşü olub. Şirkət rəhbərləri Azərbaycanın həyata keçirdiyi islahatların və sabit iqtisadi mühitin uzunmüddətli və etibarlı əməkdaşlığa geniş zəmin yaratdığını bəyan ediblər. Onlar həmçinin Azərbaycanın qlobal investisiya xəritəsində strateji tərəfdaş kimi rolunun getdikcə artdığını vurğulayıblar.
Beləliklə, Prezident İlham Əliyevin Nyu-York görüşləri ayrı-ayrı ölkələrin liderləri ilə əməkdaşlığın genişləndirilməsi, dünyanın siyasi gündəminə dair müzakirələrin aparılması baxımından yaxşı fürsət kimi qiymətləndirilə bilər. Nüfuzlu dünya şirkətləri ilə keçirilən görüşlər isə Azərbaycanın qlobal investisiya mərkəzləri ilə əlaqələrinin dərinləşdirilməsinə, iqtisadi transformasiya prosesində beynəlxalq tərəfdaşlıqların gücləndirilməsinə və ölkəmizin beynəlxalq maliyyə-iqtisadi sistemdə rolunun artmasına mühüm töhfədir.
Azərbaycanın həm siyasi, həm beynəlxalq, həm də iqtisadi baxımdan dünyada əhəmiyyətli rola malik olduğunu həm də ondan anlamaq olar ki, keçirilən bütün görüşlər qarşı tərəflərin təşəbbüsü ilə baş tutub. Məhz qarşı tərəf əməkdaşlığı, siyasi-iqtisadi münasibətləri, beynəlxalq gündəmi Azərbaycanla müzakirə etməkdə maraqlı olub.
Azərbaycan-BMT əməkdaşlığı: beynəlxalq münasibətlərdə prinsipial mövqe və qlobal təşəbbüslər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakından danışarkən ölkəmizin BMT ilə əməkdaşlığına toxunmaq yerinə düşər.
Azərbaycanın BMT ilə əməkdaşlığı ölkəmizin müstəqillik əldə etdikdən sonra beynəlxalq sistemə inteqrasiyasının mühüm təzahürlərindən biri olub. 1992-ci ildə BMT-yə üzv qəbul edilməsi Azərbaycanın suveren dövlət kimi legitim beynəlxalq tanınmasını təmin etməklə yanaşı, qlobal diplomatiya arenasında fəal mövqe tutmasının əsasını qoyub.
Azərbaycan BMT Nizamnaməsinin prinsiplərinə sadiqliyini daim nümayiş etdirib, beynəlxalq hüququn aliliyinin qorunması, qlobal təhlükəsizliyin möhkəmləndirilməsi və Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması istiqamətində təşəbbüskar mövqeyini qoruyub. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının tribunasından etdiyi çıxışlar ölkəmizin beynəlxalq münasibətlər sistemində strateji prioritetlərini bəyan etməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
2012-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyü və iclaslara sədrlik etməsi ölkəmizin beynəlxalq təhlükəsizlik arxitekturasında artan nüfuzunun göstəricisi olub. Humanitar sahədə 140-dan çox ölkəyə yardımın göstərilməsi, COVID-19 dövründə qlobal həmrəyliyin təşviqi Azərbaycanın məsuliyyətli donor dövlət imicini gücləndirib.
Eyni zamanda, Ermənistanın təcavüzünə dair qəbul olunmuş qətnamələrin icrasını təkbaşına təmin etməsi Azərbaycanın milli maraqlarını beynəlxalq müstəvidə prinsipial şəkildə müdafiə etdiyini sübut edib. Bu gün Bakı BMT ilə tərəfdaşlıqda həm qlobal sülh təşəbbüslərinin, həm də çoxtərəfli əməkdaşlığın etibarlı dayaqlarından biri kimi çıxış edir.