Pakistanda "27 Sentyabr - Anım Günü: Şanlı Qəhrəmanlıq" mövzusunda konfrans keçirilib Siyasət

Pakistanda "27 Sentyabr - Anım Günü: Şanlı Qəhrəmanlıq" mövzusunda konfrans keçirilib

Pakistanın Milli Elm və Texnologiya Universitetində (NUST) fəaliyyət göstərən Heydər Əliyev Auditoriyasında "27 Sentyabr - Anım Günü: Şanlı Qəhrəmanlıq" mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbir Azərbaycanın Pakistandakı Səfirliyinin təşəbbüsü ilə baş tutub.

Tədbirdə xarici ölkələrin səfirləri, senatorlar, elm adamları, NUST-un müəllim-tələbə heyəti, bu ölkənin beyin mərkəzlərinin təmsilçiləri, KİV və QHT nümayəndələri, ölkədə yaşayan azərbaycanlılar, eləcə də səfirlik əməkdaşları iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, "Qurani-Kərim"dən dualar oxunub, Azərbaycan xalqına əmin-amanlıq, sülh, inkişaf və tərəqqi arzulanıb. Sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib və anım günü ilə bağlı geniş məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub.

Tədbir zamanı çıxış edən Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov 2020-ci ilin sentyabrın 27-də ölkənin ərazi bütövlüyünün bərpası ilə nəticələnən İkinci Qarabağ Müharibəsindən bəhs edib. Səfir qeyd edib ki, Azərbaycan 44 gün davam edən Vətən müharibəsində nəinki öz ərazi bütövlüyünü bərpa etməyə nail olub, həm də bütün regionda yeni siyasi reallıqlar yaradıb. Diplomat Pakistanın istər keçmiş münaqişə, istərsə də Vətən müharibəsi dövründə Azərbaycanın ədalətli mövqeyinə göstərdiyi mənəvi və siyasi dəstəyinin hər zaman yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Daha sonra hələ Pakistan Senatın Müdafiə Daimi Komitəsinin sədri olduğu dövrdə Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınmasında Azərbaycanın mövqeyinə xüsusi dəstək vermiş Muşahid Hüseyn, həmçinin NUST-un prorektoru Məhəmməd Arif Malik, Bəhriə Universitetinin sosial elmlər fakültəsinin dekanı Adam Saudun, Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin İcraçı direktoru Xalid Teymur Əkrəmin və digər şəxslərin çıxışları dinlənilib.