XİN müavini: Azərbaycan COP 31 danışıqlarında vasitəçilik edir Siyasət

XİN müavini: Azərbaycan COP 31 danışıqlarında vasitəçilik edir

Azərbaycan “COP 31” -in təşkili ilə bağlı Türkiyə və Avstraliya arasında gedən danışıqlarda vasitəçilik edir.

Bunu Azərbaycan Xarici İşlər Nazirinin müavini Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında deyib.

“Bildiyiniz kimi, Türkiyə və Avstraliya “COP 31” -ə namizəddirlər. Bu iki ölkə arasında gedən mübarizədə Azərbaycan vasitəçi rolu oynayır. COP 29 sədrinin mənə verdiyi mandata əsasən, Türkiyə və Avstraliya arasında gedən danışıqlarda mən vasitəçilik edirəm. Ötən həftə Nyu- Yorkda kifayət qədər intensiv müzakirələrimiz olub. Danışıqlar müsbət istiqamətdə irəliləyir və yaxın gələcəkdə nəticələrə şahid olacağıq. Mümkündür ki, Türkiyə və Avstraliya müştərək formada “COP 31” -ev sahibliyi etsinlər” - Yalçın Rəfiyev bildirib.

O bildirib ki, Artıq Azərbaycanın Afrika ölkələri ilə münasibətlərdə gücləndirilmiş strategiyası var.

“Azərbaycan bu il ərzində 10-dan çox Afrika ölkəsinə hökumət missiyaları təşkil edib. Bir çox Afrika ölkələrindən müxtəlif səviyyələrdə Bakıya səfərlər həyata keçib. Əsas məqsəd bu ölkələrlə Azərbaycan arasında siyasi-iqtisadi əlaqələrin yeni istiqamətlərinin müəyyən olunmasıdır. Bunun üçün artıq bizim dövlət qurumlarımız öz sahələri üzrə fəaliyyət göstərir. İnvestisiya imkanları, iqtisadi-ticarət əməkdaşlığı və digər sahələrdə. Bunun bizim üçün böyük faydası ola bilər. Bizim Afrikada diplomatik təmsilçiliyimizi gələcəkdə genişləndirmək planlarımız var. Beynəlxalq platformalarda bu ölkələrin daha böyük dəstəyini qazana bilərik. Biz həm də Afrika ölkələri ilə ortaq dəyərləri bölüşürük. Biz beynəlxalq ədalətə söykənən dəyərlərə üstünlük veririk”- Yalçın Rəfiyev qeyd edib.