

“Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında Ermənistanın yerləşdirdiyi minaların yaratdığı təhlükə, dörd minə yaxın itkin düşmüş azərbaycanlının taleyi və Xəzər dənizinin ekoloji problemləri kimi humanitar məsələlər də gündəmə gətirildi. Eyni zamanda, Azərbaycanın COVID-19 pandemiyası dövründə 80-dən çox ölkəyə göstərdiyi yardım qlobal məsuliyyət hissinin nümunəsidir”.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
N.Həmzəyev bildirib ki, Prezidentin çıxışı "ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı" dünya qurmaq çağırışı ilə yekunlaşdı: “Bu, təkcə Azərbaycanın daxili transformasiyası deyil, eyni zamanda beynəlxalq münasibətlərdə ədalət və qanunauyğunluğa əsaslanan yeni dünya düzəni üçün konstruktiv təklifdir. Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın keçdiyi tarixi yolu - işğaldan azadlığa, münaqişədən sülhə, izolyasiyadan qlobal inteqrasiyaya aparan transformasiyanı əks etdirən hərtərəfli sənəddir. Bu çıxış həm ölkənin nailiyyətlərinin təqdimatı, həm də gələcək üçün böyük planların elanı kimi qiymətləndirilməlidir”.
Deputatın sözlərinə görə, Azərbaycanın təcrübəsi göstərir ki, beynəlxalq hüququn prinsiplərinə sadiq qalmaq, konstruktiv diplomatiya aparmaq və eyni zamanda öz milli maraqlarını qətiyyətlə müdafiə etmək mümkündür. O həmçinin qeyd edib bu, təkcə Cənubi Qafqaz üçün deyil, bütün dünya üçün dəyərli təcrübədir.
Röya İsrafilova