

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasına işgüzar səfəri çərçivəsində “Böyük iyirmilik” ölkələrinin (G20) Parlament Sədrlərinin 11-ci Sammitində (P20) “Fəlakətlərə qarşı dayanıqlığın və cavab tədbirlərinin gücləndirilməsi” mövzusu üzrə çıxış edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verlən xəbərə görə, spiker bildirib ki, heç bir ölkə iqlim dəyişikliyinin nəticələrindən sığortalanmayıb.
Onun sözlərinə görə, təbii fəlakətlər hər bir ölkəyə və regiona zərbə vurur. Sahibə Qafarova ötən ilin noyabrında Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə ən uğurlu COP-lardan birinə – COP29-a ev sahibliyi etdiyini xatırladaraq. Spiker deyib ki, ölkəmiz ümumi məqsədlərin həyata keçirilməsi naminə Qlobal Cənub və Qlobal Şimal arasında daha güclü körpülər qurmağı, xüsusilə inkişaf etməkdə olan ölkələrin səslərinin eşidilməsini təmin etməyi bacardı. O, BMT tərəfindən rəsmi olaraq “Bakı İqlim Həmrəyliyi Paktı” adlandırılan COP29-un mühüm nəticələri haqqında da məlumat verərək deyib ki, bu sıraya Yeni Kollektiv Kəmiyyət Hədəfinin (Bakı Maliyyə Hədəfi kimi tanınan) qəbul edilməsi, Paris Sazişinin Beynəlxalq karbon bazarlarına dair 6-cı maddəsinin tam işlək hala gətirilməsi, İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərarın qəbulu, Bakı Adaptasiya Yol Xəritəsi və Adaptasiya üzrə Bakı Yüksək Səviyyəli Dialoqunun təsis edilməsi kimi mühüm məsələlər daxildir.
Sahibə Qafarova, həmçinin diqqətə çatdırıb ki, Milli Məclis Parlamentlərarası İttifaqla birlikdə, COP29 çərçivəsində iqlim dəyişikliyinə qarşı parlament səylərinin birləşdirilməsinə yönəlmiş Parlament iclasına da evsahibliyi edib.
Çıxışının sonunda Milli Məclisin sədri bildirib ki, COP29-un uğurla başa çatdırılması ilə Azərbaycan bir daha nümayiş etdirib ki, ümumi çağırışlar qarşısında həmrəylik, kompromislər və kollektiv tədbirlər arzu olunan nəticələrin əldə olunması üçün əvəzolunmazdır.