
“Regionda davamlı sülh üçün…”-ekspert
7 Oktyabr 14:00
Oktyabrın 6-7-də Qəbələ şəhəri Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Görüşünə ev sahibliyi etdi. İki gün davam edən tədbir türk liderlərini bir araya gətirərək, gələcək strateji istiqamətlərin müəyyənləşdirilməsi üçün mühüm platforma rolunu oynadı.
“Regional sülh və təhlükəsizlik” devizi ilə keçirilən Zirvə görüşü geosiyasi gərginliklərin artdığı bir dövrdə türkdilli ölkələrin vahid mövqedən çıxış etməklə sabitlik və kollektiv təhlükəsizliyə töhfə verməsinin göstəricisi oldu. Toplantıda siyasi, iqtisadi, nəqliyyat, müdafiə və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi barədə qərarlar qəbul edildi. Xüsusilə Orta Dəhliz və regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu idi.
Qəbələ Zirvəsi türk birliyinin möhkəmlənməsi, TDT-nin beynəlxalq nüfuzunun artması və inteqrasiyanın yeni mərhələyə keçidi baxımından əlamətdar oldu. Prezident İlham Əliyev sammitdə çıxışında təşkilatın ortaq dəyərlərə əsaslanaraq siyasi, iqtisadi və hərbi gücü ilə qlobal arenada strateji mərkəzə çevrildiyini vurğuladı.
“Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir. Ölkəmiz təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürmüşdür. Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir,” – deyə Prezident qeyd etdi.
TDT - vahid güc mərkəzi kimi
Siyasi şərhçi Elxan Şahinoğlunun fikrincə, Qəbələ sammiti türk dövlətlərinin bölgənin təhlükəsizliyi üçün vahid güc mərkəzi kimi çıxış etməsinin strateji əhəmiyyətini göstərib: “2009-cu ildə Naxçıvan şəhərində təsis olunan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq hər sahədə genişlənib. Budəfəki sammitin əsas mövzusunun “Regional sülh və təhlükəsizlik” seçilməsi təsadüfi deyil. Bu mövzu ona görə seçilmişdi ki, ətrafdakı müharibələrin bölgəyə sıçraması ehtimalı var və bunun qarşısının alınmasında türk dövlətlərinin təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməsinə ehtiyac yaranıb. Türk dövlətləri arasında siyasi və iqtisadi əlaqələrlə yanaşı, hərbi-texniki sahədə də əməkdaşlıq yolları aranmalıdır. Bu sıraya birgə hərbi təlimlərin keçirilməsindən tutmuş hərbi-texniki sahədə əməkdaşlığı aid etmək olar. Prezident İlham Əliyev də Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən toplantısındakı çıxışında üzv dövlətlər arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın artırılması zərurətini xüsusi vurğuladı. Prezidentin çıxışında qeyd etdi ki, “Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir”, “Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil”, “Ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir”, “Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir”, - deyə şərhçi qeyd edib.
Azərbaycanın ev sahibliyi: həm siyasi, həm də simvolik güc nümayişi
Azərbaycanın bu zirvəyə ev sahibliyi etməsi ölkənin türk dünyasındakı lider mövqeyini bir daha təsdiqlədi. Sammit üçün Qəbələ şəhərinin seçilməsi də təsadüfi deyil. Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan bu şəhər həm tarixi-mədəni simvolizmə, həm də strateji coğrafi yerləşməyə görə ideal məkandır. Ev sahibliyi zamanı Prezident İlham Əliyev bir sıra mühüm ikitərəfli görüşlər keçirdi. Qırğızıstan Prezidenti Sadır Japarov, Macarıstanın Baş naziri Viktor Orban, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım və təşkilatın baş katibi Kubanıçbek Omuraliev ilə aparılan danışıqlar təşkilat daxilində əməkdaşlığın daha da dərinləşməsinə zəmin yaratdı. Azərbaycan bu zirvə vasitəsilə özünü təkcə ev sahibi deyil, həm də təşəbbüskar, istiqamətverici aktor kimi təqdim etdi. İlham Əliyevin çıxış və təklifləri türk dünyasında gələcək siyasi və iqtisadi əməkdaşlığın məzmununu müəyyən edən əsas elementlərdən biri oldu.
Prezident İlham Əliyev türk dövlətlərini Qarabağda da birləşdirir
Prezident İlham Əliyev strateji təşəbbüsləri TDT-yə üzv və müşahidəçi ölkələri Qarabağda vahid siyasi iradə və ortaq məqsədlər ətrafında birləşdirərək yeni tarixi mərhələnin də əsasını qoyur. Qarabağ bu gün Türk dünyasının həmrəyliyinin, siyasi birlik və strateji inteqrasiyasının canlı simvoluna çevrilib.
Türkiyə Qarabağın azad olunmasından dərhal sonra bölgənin bərpasında yaxından iştirak edir. Füzuli Beynəlxalq Hava Limanının inşası iki qardaş ölkənin birgə gücünün rəmzinə çevrilib. Bundan başqa, Türkiyə şirkətləri işğaldan azad olunmuş ərazilərdə yol, su və enerji infrastrukturunun bərpasında podratçı kimi aktiv iştirak edir.
Bu təşəbbüslər digər türk dövlətləri üçün də nümunə rolunu oynayıb. 2023-cü ildə Özbəkistan Füzulidə 960 şagirdlik Mirzə Uluqbək adına məktəb inşa edib, məktəb dövlət başçılarının iştirakı ilə açılıb. 2024-cü ildə Qazaxıstan Füzulidə “Kurmangazı” Uşaq Yaradıcılıq Mərkəzini istifadəyə verib, Qırğızıstan isə Ağdamın Xıdırlı kəndində 528 şagirdlik məktəb inşa edib. TDT-nin müşahidəçi dövləti Macarıstan Cəbrayılın Soltanlı kəndinin bərpasında iştirak edir. Qəbələ Zirvəsi çərçivəsində Türkmənistanın Füzulidə məscid inşa edəcəyi açıqlanıb və onlayn formatda təməlqoyma mərasimi keçirilib.
Bütün bu layihələr Türk dövlətlərinin Qarabağda həmrəyliyini praktik səviyyəyə daşıyır, siyasi birliyin gücünü konkret nəticələrlə nümayiş etdirir və regionda yeni geosiyasi reallığın əsasını möhkəmləndirir.
Orta Dəhliz və Zəngəzur dəhlizi: Avrasiya inteqrasiyasının əsas sütunu
Zirvənin mühüm strateji istiqamətlərindən biri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – “Orta Dəhliz” idi. Bu marşrut Avropa ilə Asiyanı birləşdirən ən qısa və etibarlı tranzit yoludur.
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov çıxışında qeyd etdi ki, türkdilli dövlətlərin coğrafi mövqeyi “Orta Dəhliz”i təbii körpü roluna çevirir. Bu marşrut vasitəsilə həm malların tranziti sürətlənəcək, həm də regionun iqtisadi çəkisi artacaq. Türk Dövlətləri Təşkilatı çərçivəsində nəqliyyat əlaqələrinin inkişafında Azərbaycanın mühüm rolunu qeyd edən Prezident İlham Əliyev bildirib ki, ölkə regionun əsas logistika mərkəzinə çevrilib: “Nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir. Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib. Bu çərçivədə Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir”.
Təhlükəsizlik və hərbi əməkdaşlıq: ortaq gücün formalaşması
Zirvə görüşünün ikinci əsas istiqaməti təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi idi. Prezident İlham Əliyev bu çərçivədə mühüm təşəbbüslə çıxış etdi: 2026-cı ildə TDT üzv dövlətlərinin Azərbaycanda birgə hərbi təlimlərinin keçirilməsi.
Birgə hərbi təlimlərin təşkili ideyası türk dünyasında təhlükəsizlik sahəsində praktiki inteqrasiyanın başlanğıcı ola bilər. Bu təşəbbüs, üzv dövlətlərin müdafiə qabiliyyətlərinin artırılması, ortaq təhlükələrə qarşı koordinasiyalı cavab verilməsi və siyasi etimadın gücləndirilməsi baxımından mühüm addımdır.
Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu bir dövrdə türk dövlətləri arasında birgə hərbi təlimlərin keçirilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, hərbi güc hər bir ölkənin müstəqilliyi və ərazi bütövlüyünün əsas təminatıdır: “Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm. Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir”.
Politoloq Elxan Şahinoğlu birgə hərbi təlimlər təşəbbüsünü türk dövlətləri arasında təhlükəsizlik əməkdaşlığını gücləndirən strateji addım kimi qiymətləndirir: “Türk dövlətləri arasında iqtisadi əlaqələr və ticarət artsa da, hərbi və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə ehtiyac var. Azərbaycan və Türkiyə Mərkəzi Asiya ölkələrini də hərbi müttəfiqliyə cəlb etmək istəyir. Bu, üzv dövlətlərin birgə hərbi təlimlərinin artırılmasını və hərbi texnikanın birgə istehsalını ehtiva edir. Qazaxıstan Rusiya ilə birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olsa da, Ukraynaya hücum qərarı verən Kremlin Qazaxıstan üçün də təhlükə mənbəyi olduğunu Astana anlamamış deyil. Bu səbəbdən Qazaxıstanın hərbi sahədə Azərbaycan və Türkiyə ilə əməkdaşlığı gücləndirməsi Astananın özü üçün də vacibdir”.
Qəbələ Zirvəsi türk dünyasının birliyinə yeni təkan verdi
Qəbələdə keçirilən 12-ci TDT Zirvə Görüşünü türk dünyasının inteqrasiyasında yeni mərhələnin başlanğıcı hesab etmək olar. Azərbaycan bu zirvəyə ev sahibliyi etməklə həm təşkilat daxilində liderlik mövqeyini gücləndirdi, həm də Avrasiya məkanında geosiyasi balansda strateji aktor kimi çıxış etdi. Nəqliyyat dəhlizləri, iqtisadi inteqrasiya təşəbbüsləri, təhlükəsizlik əməkdaşlığı və ortaq mədəni layihələr TDT-ni gələcəkdə qlobal əhəmiyyətli siyasi-iqtisadi mərkəzə çevirə bilər. Qəbələ Zirvəsi bir daha göstərdi ki, türkdilli dövlətlərin birliyi təkcə tarixi-mədəni bağlarla deyil, həm də müasir siyasi və iqtisadi maraqlarla möhkəmlənir. Bu birlik həm regional sabitliyin qorunmasına, həm də Avrasiya qitəsində yeni strateji reallıqların formalaşmasına təkan verir.
Politoloqun fikrincə, beynəlxalq aləmdə Türk Dövlətləri Təşkilatına münasibət iki istiqamətlidir: ABŞ və Avropa İttifaqı inteqrasiyanı dəstəkləyərək Zəngəzur dəhlizi və 5+1 formatı vasitəsilə onu faydalı sayır, Rusiya, Çin və İran isə bu prosesi özlərinə təhlükə kimi qiymətləndirir, baxmayaraq ki, türk birliyi heç bir dövlətə qarşı yönəlməyib və zamanın tələbidir.
“Beynəlxalq aləmdə Türk Dövlətləri Təşkilatına iki yanaşma var: “Birinci yanaşma müsbət, ikinci yanaşma mənfidir. ABŞ və Avropa İttifaqı ölkələri Türk Dövlətləri Təşkilatına müsbət yanaşır. Vaşinqton və Brüssel türk dövlətləri arasında inteqrasiyanın genişlənməsinin təhlükəli deyil, əksinə, faydalı olduğunu düşünür. Bu səbəbdən Vaşinqton və Brüssel Zəngəzur dəhlizinin reallaşmasını istəyir. Zəngəzur dəhlizi isə türk dövlətlərin arasında inteqrasiyanı gücləndirəcək əsas layihələrdən biridir. İkincisi, ABŞ və Avropa İttifaqının Mərkəzi Asiya ölkələri ilə “5+1” əməkdaşlıq formatı mövcuddur. Doğrudur, bu əməkdaşlıq formatının əsas səbəblərindən biri də Qərbin Mərkəzi Asiyada Rusiya və Çinlə rəqabət aparmasıdır. Mərkəzi Asiya ölkələrinin özləri də “5+1” formatının davamında maraqlıdır. Çünki Mərkəzi Asiya ölkələri Rusiya və Çinlə sıx əməkdaşlıq etsələr də, bu iki ölkədən asılı olmaq istəmir, alternativ istiqamətlərə üstünlük verirlər. Mərkəzi Asiyanın Rusiya və Çindən asılı olmaması türk inteqrasiyası üçün də vacibdir. Türk dövlətləri arasında inteqrasiyadan narahat olan 3 ölkə var - Rusiya, Çin və İran. Bu 3 ölkənin rəsmiləri və diplomatları türk dövlətləri arasında inteqrasiyanın əleyhinə açıqlama və ya bəyanat vermirlər. Buna baxmayaraq, Moskva, Pekin və Tehran türk dövlətləri arasında inteqrasiyanı özləri üçün təhlükə kimi görür. Halbuki türk dövlətləri arasında inteqrasiya heç bir dövlətə və birliyə qarşı yönəlməyib. Türk birliyi qarşılıqlı inteqrasiyanı gücləndirməklə türk dövlətlərinin müstəqil inkişaflarını sürətləndirən amildir. Görünür, məhz bu amil Rusiya, İran və Çindəki dairələrin xoşuna gəlmir. Qərblə qarşıdurma içərisində olan Rusiya, Çin və İran qonşu dövlətlərin də onlar kimi siyasət yürütmələrini istəyir. Türk birliyi isə Qərblə dialoq içərisindədir. Heç bir dövlət türk birliyinin inteqrasiyasına əngəl ola bilməyəcək. Çünki türk dövlətləri arasında inteqrasiya zamanın tələbidir” – deyə o, bildirib.
TDT-nin beynəlxalq nüfuzu artır
Prezident İlham Əliyev sammitdə çıxışında qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı bu gün, sadəcə, əməkdaşlıq platforması deyil, beynəlxalq siyasətdə əhəmiyyətli geosiyasi mərkəzə çevrilib. TDT-nin müşahidəçi dövlətləri olan Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası zirvədə fəal iştirak etməklə təşkilatın təsir dairəsinin coğrafi və siyasi baxımdan genişləndiyini göstərdilər. Macarıstanın bu prosesdə aktiv rolu türk mədəni elementlərinin Avropaya inteqrasiyası baxımından maraqlı perspektivlər açır. Təşkilat eyni zamanda BMT, İslam Əməkdaşlıq Təşkilatı və Avropa strukturları ilə əlaqələri genişləndirərək beynəlxalq arenada daha görünən və təsirli oyunçuya çevrilməkdədir.
Elxan Şahinoğlunun qənaətinə görə, beynəlxalq aləmdə Türk Dövlətləri Təşkilatına maraq artıb: “Müxtəlif dövlətləri bölgənin resursları və bu resursların nəqli imkanları cəlb edir. Mərkəzi Asiya ölkələri Azərbaycan və Türkiyə üzərindən dünya bazarlarına çıxış əldə edib. Gələcəkdə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması türk dövlətlərinin gücünü daha da artıracaq. Ona görə də bəzi dövlətlərin Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qatılması mövzusu aktuallaşıb. Təşkilata maraq böyük olduğundan “TDT+” formatının yaradılması zəruri idi. Oxşar formatlar Avropa İttifaqı və Şanxay Əməkdaşlıq Təşkilatında da mövcuddur. Misal üçün Avropa İttifaqının yanında təşkilata üzv olmayan ölkələr Avropa Siyasi Birliyi çərçivəsindəki sammitlərə dəvət olunurlar. Eləcə də, Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi statusunda qatılan ölkələr var. Azərbaycan Avropa Siyasi Birliyinin üzvü olmaqla yanaşı, Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusuna malikdir. Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qatılmaq istəyən dövlətlər arasında Ukraynanı göstərmək olar. Ukraynada yaşayan tatarlar türk mənşəlidir, bu baxımdan Kiyevin TDT marağı anlaşılandır. Əslində, müxtəlif türk xalqlarının yaşadığı ölkələrdən biri də Rusiyadır. Ancaq Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi müharibə bu ölkənin TDT-yə müşahidəçi statusunda qatılmasını mümkünsüz edir. Tacikistan türkdilli ölkə olmasa da, Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qatılması mümkündür. Monqolustanla və Cənubi Koreyanın da təşkilata maraq göstərdiyini də bilirik”.
Tarixi sənəd – Qəbələ Bəyannaməsi
Zirvənin kulminasiya anı Qəbələ Bəyannaməsinin imzalanması oldu. Bu sənəd türk dünyasında həmrəyliyin, qarşılıqlı etimadın, suverenlik və dövlətçilik prinsiplərinə sadiqliyin bir daha təsdiqi kimi qiymətləndirilir.
Qəbələ Bəyannaməsi təkcə siyasi bəyanat deyil, həm də uzunmüddətli əməkdaşlıq üçün konkret strateji çərçivədir. Bu sənəd vasitəsilə TDT dövlətləri birgə fəaliyyət planlarını müəyyən edir, gələcək inteqrasiya proseslərinin hüquqi və siyasi bazasını möhkəmləndirirlər.