AŞPA əgər Azərbaycanda insan haqlarına önəm verirsə... Siyasət

AŞPA əgər Azərbaycanda insan haqlarına önəm verirsə...

Mənsim Həsənov: "O zaman təkcə Füzulidə ermənilərin təcavüzü nəticəsində 36361 nəfər zərər çəkən və onlardan 155 nəfər yetim qalan uşaqların da haqqını tanısın"

Mayın 14-dən etibarən Azərbaycan Avropa Şurası Hazirlər Komitəsinə sədrliyə başlayıb. Və bunu yüksək dəyərləndirən BAXCP İdarə Heyəti bu faktın Azərbaycanın Avropa Şurası ilə, eləcə də bu quruma üzv olan ölkələrlə daha sıx əməkdaşlığa imkan yaratdığını ötən həftə keçirilən iclasda bildirib. Həmin iclasda BAXCP İdarə Heyəti hesab edib ki, Azərbaycanın Avropa Şurası Hazirlər Komitəsinə sədrliyə başlaması ilə əlaqədar hakimiyyətin ata biləcəyi humanist addımlar bu hadisənin siyasi və mənəvi əhəmiyyətini daha da artıra bilər. Bu baxımdan sabiq millət vəkili Gülər Əhmədovanın həbsdən azad edilməsini humanist addım kimi qiymətləndirən BAXCP İdarə Heyəti hesab edib ki, bu humanist yanaşmanın həbs olunmalarında siyasi motivlərin olduğu iddia olunan, haqlarında məhkəmə hökmü olan və barələrində həbs qəti imkan tədbiri seçilmiş digər şəxslərə də şamil edilməsi ölkəmizdə kənar qüvvələrin stimullaşdırmağa çalışdığı gərginliyin azaldılmasına, milli birliyə və həmrəyliyə töhvə vermiş olardı:"Bu gün ölkəmizdə xalqın mütləq əksəriyyətinin iradəsinə söykənən siyasi sabitliyin olduğunu, ayrı-ayrı fərdlərin və qurupların bu sabitliyi pozmaq iqtidarında olmadığını, eyni zamanda bəzilərinin xeyli müddətdir ki, azadlıqdan məhrum edildiyini nəzərə alan BAXCP İdarə Heyəti Azərbaycan hökumətini "Hidaçı"ları və həbsdə olan Hemət Pənahlı, Fərəməz Allahverdiyev, Sərdar Əlibəyli, Qurban Məmmədov, Tofiq Yaqublu, İlqar Məmmədov, Əvəz Zeynallını əfv etməyə, Pərviz Həşimov, Rauf Mirqədirov və Anar Məmmədli barəsində seçilmiş həbs qəti imkan tədbirini dəyişdirməyə çağırıb".
Bu çağırışdan bir müddə sonra, yəni dünən Bakıda Avropa Şurası Parlament Assambleyasının daimi komitəsinin iclası keçirildi. Onu da qeyd edək ki, iclas Azərbaycanın Avropa Şurası Hazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilən ilk rəsmi tədbiridir. İclasda çıxış edən AŞPA prezidenti Ann Brassör ilk olaraq Avropa Şurası Hazirlər Komitəsinə sədrliyin Azərbaycana keçməsi münasibətilə təbrikini məclis iştirakçılarına çatdırıb, Azərbaycanın qonaqpərvərliyindən söz açıb və Dağlıq Qarabağ münaqişəsinə töxunub. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsilə bağlı AŞPA öz prinsipial mövqeyini nümayiş etdirib, ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib:"Azərbaycan və Ermənistan öz üzərinə öhdəlik götürüb ki, münaqişəni yalnız dinc yolla həll edəcəklər. AŞPA bu məsələdə tərəfləri dəstəkləməyə hazırdır".
Ann Brassör nəhayət, əsl mətləbə keçib və insan hüquqları sahəsində Azərbaycanda mövcud olan problemlər haqqında danışıb. Onun sözlərinə görə, AŞPA-nın İnsan haqları komissarının son hesabatından sonra Azərbaycanda ifadə azadlığı, sərbəst toplaşmaq azadlığı sahəsində vəziyyət daha da pisləşib:"Bu məsələlərlə təcili məşğul olmaq lazımdır. Məhkəmə sisteminin müstəqilliyi çox önəmli məsələdir. Avropa Şurası Azərbaycanda məhkəmələrin ədalətli keçirilməsilə bağlı da narahatlığını bildirib. Bloggerlər, jurnalistlər, vətəndaş cəmiyyəti fəalları əksər hallarda təqiblərə məruz qalırlar. Üzv olan dövlətdə belə halların baş verməsi narahatlıq doğurur".
AŞPA rəhbəri həbsdə olan İlqar Məmmədovla görüşmək istədiyini də bildirib:"Mən bu görüşdə təkid edəcəyəm. Əgər onlar həbsdə qalarsa, mən bu görüşə nail olmağa çalışacağam".
Ann Brassör deyib ki, bu cür problemlərin həllinə birlikdə nail olmaq lazımdır:"Probemlər haqqında danışmalıyıq. Mən bunu təkidlə qeyd edirəm. Ümid edirəm ki, Azərbaycanda hakimiyyət dairələri məsələləri təcili, konstruktiv şəkildə həll edəcəklər".
AŞPA rəhbəri Ann Brassörin çıxışına münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin üzvü Mənsim Həsənov partiyanın mətbuat xidmətinə açıqlamasında deyib ki, Dağlıq Qarabağ münaqişəsilə bağlı AŞPA-nın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul etməsi hələ öz prinsipial mövqeyinin nümayişi deyil:"Çünki prinsipiallıq o vaxt olar ki, AŞPA həm də Ermənistandan qurum qarşısında götürdüyü öhdəliklərə əməl etməsi tələbini qoysun və bunu sona çatdırsın. Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin böyük əksəriyyətinə bu 13 il müddətində əməl edib. Ancaq gəlin görək, sözügedən qurum necə, ölkəmizin xeyrinə qarşılıqlı olaraq nələrinsə həyata keçməsində yardımçı olubmu? Birmənalı olaraq deyə bilərik ki, "xeyr". Azərbaycanda milli azlıqlara olan münasibət göz qabağındadır. Onların da Azərbaycan türkləri kimi hüquq və azadlıqları tanınır və hörmət olunur. Ancaq yenə də qurumun nümayəndələri ölkəyə gələndə və milli azlıqlarla görüşəndə çalışırlar ki, hardasa nöqsanlar tapıb, ölkəmizi günahlandırsınlar. Ermənistana münasibət isə bütün sahələrdə olduğu kimi burda da fərqlidir. Bu ölkədə milli azlıqların varlığından söhbət gedə bilməz. Çünki Ermənistan, ancaq ermənilərin yaşadığı bir məkana çevrilib. Avropa Şurası da bunu hər zaman görməməzlikdən gəlib.
Avropa Şurasının görməməzlikdən gəldiyi, danışılanda da sanki eşitmədiyi digər məsələlər də Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə biganə qalması, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal etdiyi 20 faiz tarpaqlarında vandalizmi həyata keçirməsi, tarixi, mədəni abidələrini darmadağın etməsi, demək olar ki, hər il ermənilərin işğal altında saxladığı Azərbaycan torpaqlarına od vuraraq yandırmalarına seyrçi qalmasıdır.
Azərbaycandan bütün öhdəliklərə əməl etməsini gözləyən Avropa Şurası görəsən daha neçə illər ötməlidir ki, özü qarşılıqlı münasibət göstərib itirdiyi inamı bərpa edə bilsin?"
Mənsim Həsənov bir neçə il bundan əvvəl Avropa Parlamenti Haxçıvanda guya erməni abidələrinin dağıdılmasıyla bağlı Azərbaycanın əleyhinə olmaqla uydurma qətnamə qəbul etdiyini xatırlatdı: "Sonradan Azərbaycan hakimiyyətinin ciddi etirazları və millət vəkillərinin Avroparlamentin diqqətinə əsil həqiqətləri çatdırması, avropalı parlamentarilərin yanlışlığa yol verdiklərini etiraf etmələrilə sonuclandı. Azərbaycanın millət vəkilləri həqiqətləri bildirməklə yanaşı, eyni zamanda qeyd etdilər ki, əgər Avropa Parlamenti bölgəyə xüsusi ekspert qrupu göndərmək istəyirsə, biz buna etiraz etməyəcəyik. Ancaq bir şərtlə ki, həmin ekspert qrupu Ermənistandan qovulan Qərbi Azərbaycanlıların öz ata-baba yurdlarını, orada uyuyan əcdadlarının məzarlarını ermənilərin necə viran qoyduqlarını da görüb, həqiqətin kimin tərəfində olduğunu aşkarlasınlar. Eyni zamanda, göndərilən ekspert qrupu Ermənistan ordusunun Azərbaycan torpaqlarının 20 faizini işğala məruz qoyduqlarını, bu zaman tarixi abidələrin və məzarlıqların yerlə-yeksan etdiklərinin şahidi olsunlar. Ancaq Azərbaycan tərəfinin şərtlərinə məhəl qoymayan Avropa Parlamenti yenə də ermənilərin "dayısı" rolunda çıxış edərək, ölkəmizin əleyhinə növbəti bir qərara imza atdılar. Belə ki, Avropa Parlamenti Haxçıvanda guya erməni abidələrinin dağıdılması və onun yerində hərbi poliqon yaradılmasını araşdırmaq məqsədilə bölgəyə xüsusi ekspert qrupu göndərməyi qərara aldılar".
BAXCP yetkilisi deyir ki, bu illər ərzində beynəlxalq təşkilatların, super dövlətlərin Dağlıq Qarabağ problemiylə bağlı ikili standartlarının şahidi olmuşuq:"Həmin siyasət indi də davam edir. Təcavüzkar Ermənistanla, təzavüzə məruz qalan Azərbaycan arasında heç bir fərq qoymayan həmin dövlətlər və təşkilatlar hər zaman erməni yalanlarına və iftiralarına uyaraq Azərbaycan dövlətinin mənafeyinə zidd qərarlar, qətnamələr qəbul ediblər. Halbuki çox gözəl bilirlər ki, haqq kimin tərəfindədir. Bunu bilə-bilə yenə də öz siyasətlərini aparırlar. Xatırlayırsınızsa, bir müddət əvvəl Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti qurumun iclasında işğal altında olan Azərbaycan ərazilərində ermənilərin yerləşdirilməsiylə bağlı məsələ qaldırdı. Bu faktın yerində yoxlanılması məqsədilə AŞ PA-nın faktaraşdırıcı missiyası regiona gəldi və deyilənlərin həqiqət oluduğunu təsdiqlədi. Sonrası necə oldu? Faktaraşdırıcı missiya sadəcə ermənilərin Azərbaycanın işğal altında olan ərazilərində yerləşdirilməsini yolverilməz adlandırdı və bildirdi ki, ermənilər bu yerlərdən çıxarılmalıdır. Bu missiyanın dedikləri elə söz olparaq qaldı. İndinin özündə də ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yaşamaqdadırlar. Beynəlxalq təşkilatlar isə bütün bunlara göz yumur. Deməli, AŞPA öz prinsipial mövqeyini hələ ki, nümayiş etdirməyib".
Özünün Füzulidən məcburi köçkün olduğunu xatırladan Mənsim Həsənov AŞPA rəhbərinin Azərbaycanda insan haqlarıyla bağlı iradlarına cavab olaraq bildirdi:"Dağlıq Qarabağ münaqişəsi başlayandan və rayonumuz işğala məruz qalandan 1100 şəhid və itkin, 113 girov, 1450 nəfər müxtəlif dərəcəli əlil olub. Ermənilərin təcavüzü nəticəsində 36361 nəfər uşaq zərər çəkib, onlardan 155 nəfəri yetim qalıb. Hazırda 51 kənd və rayon mərkəzi erməni tapdağı altında zillət çəkir, 55 min nəfər füzulili köçkün həyatı yaşayır. Ancaq bircə dəfə də olsun bu insanların hüquqlarının qorunması ilə bağlı AŞPA rəsmilərindən heç biri, o cümlədən Ann Brassör öz kəskin etirazlarını bildirməyiblər".