11:45
721
Xarici siyasətin və daxili proseslərin məhz bu mərhələsində 30 illik işğaldan sonra ərazimizdən Ermənistanın tranzit yüklərinə tətbiq olunmuş bütün məhdudiyyətlərin aradan qaldırılması ilə Azərbaycan göstərdi ki, sülh gündəliyi ancaq kağız üzərində deyil, həm də artıq praktikaya keçib.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov bildirib.
Deputat deyib ki, bu prosesin qarşısını almağa çalışan qüvvələr xalqların rifahında deyil, onları siyasi alət kimi istifadə etməkdə, öz şəxsi ambisiyalarını reallaşdırmaqda maraqlıdır: “Qazaxıstanda səfərdə olarkən dövlət başçımız bildirdi ki, Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər. Zəngəzur dəhlizi Orta Dəhlizin yeni bir marşrutu deməkdirsə, Azərbaycan da mərkəzi nöqtədir. Bu mərkəzdən yayılan reallıqlar da, məqsədlər də stratejidir və uzaq gələcəyə hesablanıb. Zəngəzur dəhlizin işə düşməsi həm də Türk Dövlətləri Təşkilatın gücünü artıracaq. Ən azından ona görə ki, Türk dünyasında uzun illər düşünülmüş şəkildə yaradılmış fiziki ayrılıq aradan qalxacaq. Həm də atılan addımlar ona hesablanıb ki, regionumuzda sülh və əməkdaşlıq perspektivlərinə real töhfə verilə bilsin. Çünki xalqların bir-birinə inteqrasiyası mübadilədən və qarşılıqlı iqtisadi maraqlardan keçir”.