Yaşasın Cümhuriyyət, yaşasın azad millət! Siyasət

Yaşasın Cümhuriyyət, yaşasın azad millət!

Bu gün - 2025-ci il oktyabrın 29-u, Türkiyə Cümhuriyyətinin yaranmasının 102-ci ildönümüdür. Bu tarix təkcə bir dövlətin elan günü deyil, bir millətin əsarətdən azadlığa, qaranlıqdan işığa çıxışının simvoludur. 1923-cü ildə Mustafa Kamal Atatürkün liderliyi ilə qurulan Cümhuriyyət, bir xalqın öz taleyini yenidən yazmasının, iradə və inamla dirçəlişinin başlanğıcı oldu. Atatürkün “Egemenlik, kayıtsız şartsız milletindir” sözləri isə bu yeni dövlətin fəlsəfəsini — xalqın hakimiyyətini və azad iradəsini əks etdirdi.

Bir əsrdən çox vaxt keçsə də, Türkiyə hər sınaqdan daha da güclənərək çıxıb. Hərbi çevrilişlər, iqtisadi böhranlar, regional gərginliklər və təbii fəlakətlər bu dövləti dayandıra bilmədi. Əksinə, hər çətinlik onun dirənişini möhkəmləndirdi. Bu gün Türkiyə həm regionda, həm də dünyada siyasi, iqtisadi və texnoloji güc kimi tanınır. Sənaye, enerji və müdafiə sahələrində əldə olunan nailiyyətlər, İHA və SİHA texnologiyaları, yerli istehsalın artması Cümhuriyyət ideyalarının müasir dövrdə də canlı olduğunu göstərir.

Bu bayram təkcə Türkiyə üçün deyil, bütün türk dünyası üçün qürur günüdür. “Bir millət, iki dövlət” prinsipi ilə birləşən Azərbaycan və Türkiyə arasındakı dostluq, Qarabağ Zəfərində və digər çətin anlarda bir daha təsdiqini tapıb. Şuşa Bəyannaməsi ilə bu münasibətlər artıq müttəfiqlik səviyyəsinə yüksəlib və regionda sülhün, təhlükəsizliyin əsas dayağına çevrilib.

Cümhuriyyətin 102 illiyi milli iradənin və azad düşüncənin qələbəsidir. Bu gün Türkiyə yenidən bir yol ayrıcındadır - daha müasir, daha inamlı və texnoloji bir dövrə doğru addımlayır. Amma dəyişməyən bir həqiqət var: 1923-cü ilin o tarixi günündə Atatürkün söylədiyi cümlə hələ də hər türk vətəndaşının qəlbində yaşayır — “Hakimiyyət qeyd-şərtsiz millətindir.”

Və bu səs bu gün də meydanlarda, məktəblərdə, ürəklərdə eyni coşqu ilə səslənir: Yaşasın Cümhuriyyət, yaşasın azad millət!

Züriyə Qarayeva Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq