"Bu qələbə bir daha sübut etdi ki..."-Musa Quliyev Siyasət

"Bu qələbə bir daha sübut etdi ki..."-Musa Quliyev

“Bütün Azərbaycan xalqı üçün 8 Noyabr – Zəfər Günü milli qürurun, birliyin və dövlətçilik şüurunun ən uca zirvəsini təcəssüm etdirir. Bu gün həm tariximizin ən şərəfli, həm də gələcək nəsillərə örnək olacaq qəhrəmanlıq səhifəsidir”.

Bu sözləri deputat Musa Quliyev “Xalqcəbhəsi.az”a açıqlaması zamanı deyib.

O vurğulayıb ki, Zəfər Günü Azərbaycanın milli dövlətçilik tarixində ən qürurverici və əlamətdar hadisələrdən biridi: “Azərbaycan bu zəfərlə təkcə torpaqlarını erməni işğalından azad etmədi, həm də bütün dünyaya qalib xalq kimi tanıtdı. Zəfər Günü bizim tariximiz, bu günümüz və sabahımız üçün böyük əhəmiyyət daşıyır. Bu qələbə bir daha sübut etdi ki, milli birlik, milli iradə, güclü lider və xalq-ordu həmrəyliyi hər bir məqsədin həyata keçirilməsinə qadirdir. Biz torpaqlarımızı Prezident İlham Əliyevin qətiyyətli liderliyi, xalqımızın birliyi və rəşadətli ordumuzun fədakarlığı nəticəsində azad etdik. Zəfər Günü Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Bəzən deyilirdi ki, 200 il, bəzən 250 ildir Azərbaycan torpaqlarını itirir. Amma tarixdə ilk dəfə biz Zəfər Günü sayəsində torpaqlarımızı geri aldıq, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik. Bu, dövlətimizin gücünü, xalqımızın iradəsini və Prezidentimizin müdrik siyasətini dünyaya göstərdi. Bu gün artıq Azərbaycan qalib dövlət, xalq isə qalib millət kimi regionda yeni siyasi reallıqlar yaradır. Deputatın sözlərinə görə, Zəfər Günü həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasına səbəb oldu. Cənab Prezident İlham Əliyev bu gün qalib dövlətin lideri kimi bütün dünyada hörmətlə qarşılanır. Heç də təsadüfi deyil ki, dünyanın bir nömrəli dövləti olan ABŞ-ın Prezidenti Donald Tramp dövlət başçımıza xüsusi etimad və rəğbət göstərib. 8 avqustda Prezidentimizin Ağ Evdə qarşılanması və Vaşinqtonda aparılan danışıqlar bunun ən bariz nümunəsidir”.
Musa Quliyev əlavə edib ki, Zəfər Günü həm də bir dərsdir – gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir: “Bizim gənclər bu günü öyrənməli, onun mənəvi dəyərləri ilə yaşamalıdırlar. Hər bir Azərbaycan gənci bilməlidir ki, öz Vətəni, torpağı və dövləti uğrunda mübarizəyə və qəhrəmanlığın zirvəsi olan şəhidliyə həmişə hazır olmalıdır. Zəfər Günü bir daha sübut etdi ki, xalq bir yerdə olanda və onun güclü lideri olanda, bu xalqın qarşısında heç bir qüvvə dura bilməz”.

Günel Elxan