
ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün təqdim etdiyi sülh planının bir çox cəhətdən Türkiyənin 2022-ci ildə hazırladığı layihəyə bənzədiyi iddia olunub.
Publika.az xəbər verir ki, bu barədə “Türkiye Gazetesi” qəzeti məlumat yayıb.
İddiaya görə, Trampın komandası həmin vaxt Rusiyanın Türkiyə vasitəsilə irəli sürdüyü şərtləri “model” kimi götürüb. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) da bildirir ki, hazırlanan 28 maddəlik plan 2022-ci ildə Rusiyanın İstanbul danışıqlarında tələb etdiyi şərtlərlə demək olar ki, eynidir. Lakin institut qeyd edir ki, o vaxtdan döyüş vəziyyəti dəyişib və Rusiya indi kiçik irəliləyişlər üçün belə ağır əməliyyatlar aparmağa məcburdur. "ISW" hesab edir ki, Trampın planı Ukraynanın Donetskdə kritik ərazilərdən geri çəkilməsini, cənub cəbhəsinin dondurulmasını və Rusiyaya kompensasiyasız strateji üstünlüklər verilməsini nəzərdə tutur. Kiyev isə bu planı Ukraynanı Rusiya işğalını qəbul etməyə məcbur edilməsi kimi qiymətləndirir.
ƏHD partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı Musavat.com-a açıqlamasından belə aydın olur ki, bu savaş 5-ci ilinə keçməyəcək:
“Rusiya-Ukrayna müharibəsi başlayan ilk gündən deyirdim ki, ABŞ və Qərb sonda Ukraynanın məcbur edəcək ki, Rusiyanın xeyrinə güzəştə getsin. 4 ilə yaxındır ki, müharibə davam edir. Yüz minlərlə günahsız insan həyatını itirib və bu hər gün də itkilər durmadan artır. Ukrayna təbii ki, 2 il qabaq Türkiyənin vasitəçiliyi ilə müharibəni dayandırmalıydı. 2 il ərzində nə qədər ziyan gördü. İndiki vəziyyətdə Ukrayna artıq öz ərazilərinin bir hissəsindən atəşkəs qarşılığında qeyri-müəyyən müddətə imtina etməyə hazır olduğunu bildirib. Rusiya bunu qiymətləndirməyi bacarmalıdır və müharibədən çıxmalıdır. Rusiya işğal etmədiyi əraziləri istəyir, həmin əraziləri döyüşsüz nə Ukrayna, nə də Qərb Rusiyaya vermək fikrində deyil. Müharibənin davam etməsi təbii ki, Rusiyanın da iqtisadiyyatını dağıdır, çökdürür. Rusiyanın bütün resursları ölkənin yenidən qurulmasına, əlavə dəyər yaradan istehsal və emal müəssisələrinin yaradılmasına yox, yalnız dağıdıcı silah istehsalına yönəlir. Müharibədən çıxmaq çox çətindir. Ona görə tarix boyu deyiblər ki, müharibəyə başlamaq asan, ondan çıxmaq isə çətindir. Putin özündə güc tapmalı və ölkəsini müharibədən çıxarmalıdır. Belə bir qərar qəbul olunsa, ölkə daxilində qiyam cəhdləri də ola bilər, üsyan da baş qaldıra bilər.
Amma Putin ölkəsini müharibədən çıxarmağı bacarmalıdır.Tramp Putinə pərəstiş edən biridir və Putin Tramp faktorundan istifadə edərək ölkəsini müharibədən çıxarmalıdır. Onsuz da Rusiyanın əsas məqsədi Krıma quru yolun açılması idi və buna nail olub, Ukraynanın 20%-dən çox torpağını işğal edib. Ciddi siyasətçilər müəyyən reallıqları da qəbul etməyi bacarmalıdır. Buna görə də Rusiya müharibədən çıxmasa, hər iki ölkə böyük itkilərlə üzləşəcək. Qeyd etdiyim kimi, hər iki xalqın genefonduna böyük zərbə dəyir. Məsələn, Ukraynanın müharibədən sonra bərpa olunmaq şansı var, Qərb ona yardım göstərəcək. Amma Rusiya üçün bu, daha çətin olacaq. Rusiya Çindən daha çox asılı vəziyyətə düşür, onun xammal əlavəsinə çevrilir. Rusiyada kifayət qədər ağıllı insanlar var, bu barədə düşündüklərinə əminəm. Amma nəticə liderdən asılıdır. Ümid edək ki, Putin tezliklə müharibəni dayandırar. Mən hələ də buna ümid edirəm. Ona görə ki, Ukrayna artıq uzaqmənzilli raketlər istehsalına başlayıb və bu raketlərin döyüşdə istifadəsi artır. Gedişat göstərir ki, yaxın dövrlərdə həm Ukrayna, həm də Rusiya ərazisində daha böyük dağıntılar olacaq. Liderlər tarix və xalqları qarşısında öz məsuliyyətlərini dərk etməlidirlər. İndi hər kəsi düşünüdürən sual budur ki, ilin sonuna qədər müharibə bitəcək? Lavrov və Peskovun Trampı danışıqlara cəlb etmək cəhdləri də bunu göstərir. Yəni ilin sonuna qədər olmasa da, ən azından fevral ayında müharibənin artıq dördüncü ilinin başa çatmasına qədər bir razılıq əldə olunacağına ümid edirəm”.