12:05
665
Azərbaycan və Moldova arasında məxfi məlumatların mübadiləsi aparılacaq.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.
Layihəni təqdim edən parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib ki, bu Saziş ölkəmizin təhlükəsizlik arxitekturasını möhkəmləndirən mühüm sənədlərdən biridir. Saziş 2025 ci il sentyabr ayının 19 da Bakı şəhərində müvafiq qurumların rəhbərləri tərəfindən imzalanıb. Komitə sədri qeyd edib ki, sənəd Saziş iki dövlət arasında informasiya təhlükəsizliyi, kibermühafizə və müdafiə sahəsində əməkdaşlığı daha sistemli və etibarlı əsaslara söykəndirir: “Transmilli cinayətkarlıq, terrorizm, kiberhücumlar və regiondakı geosiyasi proseslər göstərir ki, dövlətlər arasında informasiya mübadiləsi ancaq etibarlı qaydalar və qarşılıqlı öhdəliklər əsasında aparılmalıdır. Bu Saziş ölkələrimiz arasında ötürülən məlumatların məxfiliyini, bütövlüyünü və mühafizəsinin təmin edilməsini hüquqi cəhətdən rəsmiləşdirir. Sazişin bir mühüm tərəfi ondan ibarətdir ki, hər iki dövlət məxfi məlumatları yalnız səlahiyyətli qurumlar və təhlükəsizlik tələblərinə uyğun prosedurlar çərçivəsində mübadilə edəcək, məlumatların üçüncü tərəflərə verilməsi isə yalnız qarşı tərəfin razılığı ilə mümkün olacaq.Bu, həm etimad mühitini gücləndirir, ikitərəfli əməkdaşlığın uzunmüddətli davamlılığını təmin edir. Azərbaycan üçün bu Sazişin əhəmiyyəti ondan ibarətdir ki, Moldova ilə təhlükəsizlik sahəsində əməkdaşlıq genişlənir, cinayətkarlıqla mübarizə, kəşfiyyat və əks kəşfiyyat məlumatlarının mübadiləsi və kibertəhlükəsizlik üzrə koordinasiya daha effektiv hala gəlir. Bu, ölkəmizin beynəlxalq tərəfdaşlıq şəbəkəsinin güclənməsinə və regional təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verir”.
Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.