Azərbaycan və İrandan yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərləri baş tutacaq Siyasət

Azərbaycan və İrandan yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərləri baş tutacaq

Yaxın gələcəkdə Azərbaycan və İrandan olan yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərləri baş tutacaq.

APA xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ISNA-ya verdiyi müsahibədə bildirib.

Əli Əlizadə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) son toplantısının Qarabağda – Xankəndidə keçirilməsi və təşkilatın gələcək perspektivləri barədə danışıb.

“İran Prezidenti Məsud Pezeşkian digər üzv ölkələrin rəhbərləri ilə birlikdə bu iclasda iştirak etmişdi. Bu toplantı İƏT həftəsi çərçivəsində keçirildi ki, bu da qadınlar və gənclər üzrə ixtisaslaşmış sessiyaları və həmçinin əsas iclası əhatə edirdi”, - Azərbaycan səfiri deyib.

Səfirinin sözlərinə görə, iclasın və yan tədbirlərin nəticələri çox uğurlu olub.

“Azərbaycan İƏT-in üzvü kimi əməkdaşlığı gücləndirməyə və üzv ölkələr arasında əlaqələrin inkişafı üçün daha çox səy göstərməyə sadiqdir”, - Əli Əlizadə vurğulayıb.

Diplomat iqtisadi əməkdaşlığın perspektivləri çərçivəsində İƏT-ə üzv ölkələr arasında iqtisadi əlaqələrin artan dinamikasına toxunub. O əlavə edib ki, hər il üzv ölkələr arasında ticarət həcmi artır və iqtisadi-ticarət sahəsində bu əlaqələr daha da möhkəmlənəcək.

Əli Əlizadə İranla Azərbaycan Respublikası arasında münasibətləri qardaşlıq, dostluq əlaqələri kimi səciyyələndirib: “İnşallah, hər şey inkişaf yolu ilə getsin. Bildiyiniz kimi, İran Prezidenti indiyədək Azərbaycana iki uğurlu səfər edib və yaxın gələcəkdə də tərəflər arasında yüksək səviyyəli — lakin prezidentlər səviyyəsində deyil — görüşlər və qarşılıqlı səfərlər olacaq”.