“Ermənistan rəhbərliyi “Qərbi Azərbaycan tezisini” gündəmdən çıxarmağa çalışır” Siyasət

“Ermənistan rəhbərliyi “Qərbi Azərbaycan tezisini” gündəmdən çıxarmağa çalışır”

“5 dekabr Qərbi Azərbaycanlıların deportasiyasının anım günüdür. Hazırda 120 milyondan çox insanın məcburi köçkün olduğu dünyamızda azərbaycanlı qaçqınlar barədə də beynəlxalq miqyasda duyarlılığın artırılmasına ehtiyac var. Cənab Prezidentin vurğuladığı kimi, azərbaycanlılar Ermənistandan indiyədək 4 dəfə deportasiyaya məruz qalıb: 1905-1907, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə. Halbuki 1897-ci ildə Çar Rusiyası rəsmi əhali siyahıyaalmasına əsasən İrəvan quberniyasında (hazırki Ermənistan ərazisində) əhalinin 37,7%-ni azərbaycanlılar (o dövrdə “tatar” adlandırılırdı), 53,3%-ni ermənilər təşkil edirdi. Həmin ildə İrəvan quberniyasının İrəvan uyezdində (yəni şəhərində) yaşayan azərbaycanlıların sayı (77.491 nəfər) ermənilərin sayından (58.148 nəfər) hətta daha çox idi. Sonuncu nəfərinədək azərbaycanlıların Ermənistandan çıxarılmasına 1987-ci ildə başlanıldı. 1987-91-ci illərdə Ermənistanın ümumilikdə 185 azərbaycanlı kəndindən 250 minədək azərbaycanlının son nəfərinədək qovulması, həmin prosesdə 216 nəfərin öldürülməsi, 1987-ci ilin noyabr ayından 1988-ci ilin fevralınadək davam edən dövrdə qanlı Qafan hadisələrinin yaşanması nəzərə alınaraq sadəcə deportasiyanın deyil, əslində, soyqırımı və etnik təmizləmənin baş verdiyi xüsusi vurğu ilə qeyd olunmalıdır. Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad edib “Böyük Qayıdış” dövlət proqramını elan edərək bu ərazilərdən məcburi köçürülmüş insanlarımızın təməl insan hüquqlarını məhz özü təmin etməyə nail oldu. Eyni şəkildə Ermənistandan qaçqın düşmüş soydaşlarımızın qayıdış hüquqları da təmin olunmalıdır”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə söyləyib.

Ş.Cəlilzadə bildirib ki, Vətən müharibəsindən sonra Ermənistanın Azərbaycana qarşı CERD tətbiqi ilə qaldırdığı beynəlxalq məhkəmə işlərində Qarabağ ermənilərinin geri qayıtma hüququnun təmin olunmasını tələb etdiyi qeyd edilə bilər, lakin Azərbaycan qarşısında belə bir idda qaldıran Ermənistan özü işğal dövründə 1 milyonadək qaçqın və məcburi köçkünün geri qayıdış hüququnu təmin etməyib: “Belə ki, 1987-1991-ci illərdə Ermənistandan qovulan 250 minədək qaçqın, 1991-1994-cü illərdə isə Qarabağdan 750 minədək məcburi köçkün öz təməl hüquqlarından faydalana bilməyib. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, biz o yerlərə də qayıdacağıq, lakin Qarabağdan fərqli olaraq Qərbi Azərbaycana tank və topla deyil, sülh yolu ilə qayıdacağıq. Elə buna görədir ki, Qərbi Azərbaycanlıların qayıdış hüququnun təmin olunması üçün bütün platformalarda ciddi əməli işlər aparılır. Ermənilərin geri qayıdışı üçün çağırış edərək azərbaycanlı qaçqınlar barədə susan Avropa İttifaqı, hətta Azərbaycana qarşı Qarabağ qaçqınlarına görə sanksiya tətbiqini təklif edən ABŞ konqresmenləri nə qədər bizim hüquqlarımızı görməzdən gəlsələr də, Azərbaycan daima dünya ictimaiyyətini üzləşdiyi acı reallıq barədə məlumatlandırmalı, öz haqqını tələb etməlidir”.

Onun sözlərinə görə, vaxtilə Qarabağdakı erməni mədəni irsinin vəziyyətini qiymətləndirmək üçün bura səfər etməyə can atan UNESCO və BMT missiyası indi Ermənistanda Azərbaycanlıların mədəni irsinin vəziyyətini öyrənərək ədalət tərəzisində tarixi qiymətləndirmə apara bilərlər: “Azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarına sülhsevər qayıdış niyyətlərinə cavab olaraq Ermənistan da öz qayıdış icmasını – “Girdiman-Şirvan-Naxçıvana qayıdış” qondarma təşkilatını yaradıblar. Bu qurum adından beynəlxalq qurumlara mütəmadi müraciətlər olunur, ən son müraciətlərdən biri bu il, Sumqayıt hadisələrinin il dönümü ərəfəsində idi. Onlar BMT Baş katibinə müraciət edərək o vaxtkı hadisələrə saxta siyasi don geydirməyə çalışırdılar. Bu və digər addımlara cavab olaraq Ermənistandan 250 min azərbaycanlının deportasiyasının beynəlxalq miqyasda soyqırım və etnik təmizlik olaraq tanıdılması üçün çalışmaq və onların geri qayıtma haqqının beynəlxalq qurumların sənədlərində əks olunmasına nail olmaq lazımdır”.

Siyasi şərhçi həmçinin diqqətə çatdırıb ki, bir sıra hallarda Ermənistan rəhbərliyi 8 avqust 2025-ci il tarixli Vaşinqton razılaşmaları əsasında sülh dövrünün barış ritorikasına xidmət etməli olduğunu vurğulayaraq “Qərbi Azərbaycan tezisini” gündəmdən çıxarmağa çalışır: “Lakin ən böyük sülh ədalət təmin olunduqdan sonra gəlir. Birinci nümunə: Krım tatarlarının 18-20 may 1944-cü il tarixlərində kütləvi deportasiyası 2015-2019-cu illərdə müvafiq olaraq Ukrayna, Litva, Latviya və Kanada tərəfindən "soyqırım" olaraq tanınıb. 12 noyabr 2015-ci il tarixində Ukrayna Parlamenti (Verxovnaya Rada) Krım tatarlarının deportasiyasının "soyqırım" olduğunu iddia edən və 18 may tarixini Anım Günü elan edən qətnamə qəbul edib. Bundan sonra məsələ beynəlxalq gündəmə daşınıb, Avropa Parlamentinin müvafiq qətnamələrində buna istinadlar yer alıb. İkinci nümunə: 1907-ci ildə qəbul edilmiş 4-cü Haaqa Konvensiyası və BMT Baş Assambleyası tərəfindən 1948-ci ildə qəbul edilmiş "Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması" Konvensiyasına əsaslanaraq Çeçen xalqının Stalinin 23 fevral 1944-cü il qərarı ilə kütləvi deportasiyası Avropa Parlamenti tərəfindən 27 fevral 2004-cü il tarində "soyqırım" adlandırılıb”.

Röya İsrafilova