
İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələr sırf coğrafi qonşuluqdan daha dərin tarixi və mədəni qohumluqdan və sivilizasiyadan ibarətdir və bu əlaqələr Araz çayının hər iki sahilindəki xalqların uzun müddətli və ayrılmaz bağlarına əsaslanır. Bu dərin bağlar cəmiyyətlərimizdə elə bir yer tutub ki, birinin tarixini, ədəbiyyatını, incəsənətini, dinini və kimliyini digərsiz təsəvvür etmək çətindir. Bu hekayədə siyasi sərhədlər, sadəcə, xəritədəki xətlərdir, lakin ürəklər və ümumi irslər əsrlər boyu vahid bir nəğmə ilə döyünmüşdür.
Müasir tarixə nəzər salsaq, görərik ki, İran İslam Respublikası bütün taleyüklü anlarda Araz çayının şimalında yaşayan qardaşları üçün etibarlı bir tərəfdaş və möhkəm bir dayaq olmuşdur. Müstəqillik dalğası əsdiyi zaman İran Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuş və öz baş konsulluğunu dərhal səfirliyə çevirərək, yeni müstəqillik əldə edən Azərbaycanı tam dəstəkləməsi barədə dünyaya mesajı vermişdir. Bu dəstək Azərbaycan Respublikasının milli suverenliyinin möhkəmlənməsinin ilk illərində böyük yardımlarla davam etmiş və uzun müddət davam edən Qarabağ münaqişəsi dövründə də Tehranın əsaslı siyasəti hər zaman ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyinə əsaslanmışdır.
Hal-hazırda tarixi zəmin və dərin köklər üzərində qurulmuş bu əlaqələr iqtisadi, tranzit, siyasi, təhlükəsizlik, mədəni və sosial sahələr kimi müxtəlif sahələrdə genişlənmişdir. Bu əhatəli tarixi bağlılıqlar və çoxtərəfli əməkdaşlıqlar, iki ölkə xalqlarının qarşılıqlı maraqları naminə dayanıqlı və uzunmüddətli əməkdaşlıq üçün parlaq üfüqlər cızmışdır.
Kommunikasiya və geosiyasət sahəsində deyə bilərik ki, etibarlı və vacib bir tərəfdaş kimi İranın rolu danılmazdır. İran son 34 ildə Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrində mehriban qonşuluq siyasətinə əsaslanmış və humanitar baxış ilə Naxçıvan Muxtar Respublikasının öz ərazisi vasitəsilə Azərbaycan Respublikasının digər bölgələrinə çıxışını qoruyub saxlamışdır. Bu illər ərzində xarici təzyiqlərin və siyasi dəyişkənliklərin ən yüksək səviyyədə olduğu vaxtlarda belə İran Naxçıvanla Azərbaycan Respublikasının əsas hissəsi arasındakı əlaqənin kəsilməsinə imkan verməmişdir.
Bu gün isə bu əlaqələrin təkmilləşdirilməsi və keyfiyyətinin artırılması məqsədilə “Araz keçidi layihəsi” ciddi şəkildə gündəmdədir. Bu strateji layihə, sadəcə, bir tranzit yolu deyil, eyni zamanda nəqliyyat yollarının şaxələndirilməsi sahəsində iki ölkənin iradəsinin bir simvoludur. Hazırda iki ölkə arasında 24 saatlıq rejimdə fəaliyyət göstərən digər dörd sərhəd-keçid məntəqəsi var ki, bunlar ticarət və sərnişin daşımaları üçün həyati əhəmiyyət kəsb edir. Lakin sevindirici xəbər odur ki, çox yaxın zamanda “Kəlalə-Ağbənd” sərhəd körpüsünün tikintisi tamamlanacaq, bununla da iki ölkə arasında beşinci sərhəd-keçid məntəqəsi fəaliyyətə başlayacaq. Bu yeni sərhəd-keçid məntəqəsi iqtisadi əməkdaşlıqlar üçün yeni imkanlar yaradacaq və regional kommunikasiya əlaqələrini tamamlayacaqdır.
İran və Azərbaycan arasında əlaqələr çoxşaxəli olub və bu əlaqələrin ən vacib istiqamətlərindən biri enerji və su resursları sahəsində əməkdaşlıqdır. Bir zamanlar iki ölkənin ədəbiyyatında ayrılıq simvolu sayılan Araz çayı bu gün birlik və əməkdaşlıq simvoluna çevrilib. Sərhəd bölgələrində çoxsaylı birgə layihələr, o cümlədən su bəndlərinin və elektrik stansiyalarının tikintisi layihələri həyata keçirilir.
Siyasi sahədə iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında davamlı məsləhətləşmələr aparılır. Son illərdə ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdə eniş-yoxuşlar yaşanmış, lakin münasibətlərin ümumi gedişatı yüksələn xətt üzrə olmuş və iki ölkənin yüksək vəzifəli şəxslərinin iradəsi anlaşılmazlıqları aradan qaldırmaq və bu münasibətləri hərtərəfli inkişaf etdirməkdən ibarət olmuşdur. İki ölkə arasında qarşılıqlı nümayəndə heyətlərinin mübadiləsi və son görüşlər, xüsusən də İran Prezidenti cənab Məsud Pezeşkianın Azərbaycan Respublikasına iki dəfə səfərə gəlməsi və yaxın gələcəkdə Prezidentlərin görüşlərinin davam etdirilməsi barədə əldə olunmuş razılaşmalar, əlaqələrin inkişafı sahəsində Tehran və Bakının ciddi iradə nümayiş etdirdiyini göstərir.
İndi Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra, Cənubi Qafqaz yeni bir dövrə qədəm qoyur: Bu, sülh, sabitlik və ümumi inkişaf üçün bənzərsiz bir fürsət yaradır. Biz dərindən inanırıq ki, bu regionda təhlükəsizlik və sabitlik idxal edilə biləcək bir şey deyildir və yalnız region ölkələrin iştirakı ilə və xarici müdaxilə olmadan təmin edilə bilər. Qərbi Asiya regionunun, birtərəfli ifrat və gərginlik yaradan siyasətlərinin geri dönməsi ilə mübarizə aparıldığı bir vaxtda qarşılıqlı maraqların qorunması istiqamətində sabit, gərginliksiz və proqnozlaşdırıla bilən münasibətlərə malik olmaları üçün Tehran və Bakının ayıq-sayıqlığı çox vacibdir, çünki regionun geosiyasətini arzuolunmaz dəyişikliklərə məruz qoyan hər hansı bir amil qeyri-adi hesab edilir və birgə tədbirlər tələb edir. Şübhəsiz ki, dayanıqlı sabitliyə nail olmaq üçün hərtərəfli yanaşma nümayiş etdirmək, qonşuların həyati maraqlarına məhəl qoymayan planlardan çəkinmək və yerli imkanlardan istifadə etmək lazımdır. Bu təhlükəsizlik bağlılığı, bizdən ayıq-sayıq olmağı və qeyri-sabitlik yaratmaq marağında olan kənar qüvvələrin iki ölkə arasındakı qardaşlıq münasibətlərinə müdaxilə etməsinə imkan verməməyi tələb edir.
Azərbaycan Respublikasına baş tutan səfərim ərəfəsində İran dövlətinin və xalqının ikitərəfli münasibətlərdə yeni və parlaq bir fəslin açılması üçün sülh, dostluq və qətiyyət mesajını daşımaqdan şərəf duyuram. Azərbaycan Respublikasının hörmətli xarici işlər nazirinin səmimi dəvətinə cavab olaraq həyata keçirilən bu səfər adi bir diplomatik missiya deyildir. Həyata keçirilən bu səfər iki ölkənin xalqları arasındakı tarixi qohumluğun möhkəmləndirilməsi öhdəliyinin yenilənməsi üçündür.
Biz Bakıya gedirik ki, bölgədə yaranmış yeni şəraitin tranzit, enerji, ticarət, sərmayə və humanitar əlaqələr sahələrində məqsədyönlü iqtisadi əməkdaşlığın genişləndirilməsi və həmrəyliyin gücləndirilməsi üçün əlverişli mühit yaratdığını vurğulayaq. Bu qarşılıqlı fəaliyyətlərin inkişafının son məqsədi hər iki xalq üçün firavan bir gələcək qurmaqdan başqa bir şey deyil. Bu gün Tehran və Bakının iradəsi ortaq, parlaq və davamlı bir gələcəyin qurulmasına yönəlib. Elə bir gələcək ki, orada sərhədlər dostluq qapılarına çevrilir, çaylar isə əməkdaşlıq nəğmələri oxuyurlar.
İran İslam Respublikası xarici işlər naziri Seyid Abbas Əraqçi