“Bu gün Heydər Əliyevin arzuladıqları həyata keçirilib” Siyasət

“Bu gün Heydər Əliyevin arzuladıqları həyata keçirilib”

“Ulu Öndər Heydər Əliyev Sovet dövründə Azərbaycanın rəhbəri olmuş, dünyanın quru ərazisinin 1/6 hissəsini tutan SSRİ-nin rəhbərlərindən biri işləmiş görkəmli dövlət və siyasi xadimdir. Heydər Əliyev sistemin və ideologiyanın fövqündə dayanır. Hələ SSRİ-nin, kommunist ideologiyasının və sovet sisteminin mövcud olmasına baxmayaraq Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin ağsaqqal deputatı olaraq sədrliyi ilə keçən iclasda Naxçıvanın adından “Sovet Sosialist” ifadələri çıxarıldı, Ali Sovet Ali Məclis adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanın dövlət bayrağı olaraq qəbul edildi. Bu hadisə SSRİ-nin əsaslarının sarsıdılmasına müstəsna təsir göstərdi. Çünki kommunist ideologiyası Cümhuriyyəti özünə düşmən hesab edirdi”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Musa Qasımlı söyləyib.

M.Qasımlı əlavə edib ki, SSRİ-nin saxlanmasına dair referendum Naxçıvanda keçirilmədi: “Azərbaycan Parlamentində keçirilən müzakirələrdə Heydər Əliyev birmənalı olaraq dedi ki, Azərbaycan müstəqil yaşaya bilər, referendum keçirilməməlidir. Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan xalqının qarşısında dayanan vəzifələr 1993-cü ilə qədər həll edilə bilmədi, ölkə ümumi böhrana düşdü. Belə şəraitdə Heydər Əliyevin hakimiyyətə dəvət edilməsi xilaskarlıq, qurtuluş missiyası daşıyırdı”.

Deputat vurğulayıb ki, Heydər Əliyev ilk dəfə olaraq təbii sərvət olan nefti milli sərvətə çevirdi: “Atəşkəsə gedərək ərazilərin işğaldan azad edilməsindən ötrü dövləti və milləti hazırladı. Azərbaycan Respublikasının Konstitusiyasını hazırlayan Komissiyanın sədri oldu. Heydər Əliyev Azərbaycanda ölüm hökmünü ləğv etdi. Bildirdi ki, Allahın insana verdiyi canı yalnız Allah özü ala bilər. Əsrin müqaviləsi imzalandı. Ölkədə geniş islahatlar həyata keçirildi. Bu gün Heydər Əliyevin arzuladıqları həyata keçirilib. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti və milləti torpaqlarını işğaldan azad edib, separatçılığın kökü tamamilə kəsilib, dövlət suverenliyi bərpa edilib. Anım Günündə çıxarılan başlıca dərslərdən biri budur ki, milləti arzularına çatdıran bu siyasət davam etdirilməlidir”.

Röya İsrafilova