"Kreml Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqil siyasətlərindən narahatdır Siyasət

"Kreml Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqil siyasətlərindən narahatdır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran Dövlət Televiziya və Radio Yayımları Korporasiyasına verdiyi müsahibədə Qərb ölkələrini regionda qərarlarını diktə etmək üçün "Xəzər beşliyi"ni parçalamaq niyyətində olmaqda günahlandırıb. Onun sözlərinə görə, Qərbin yanaşması müstəmləkə, neokolonial siyasətin tamamilə birmənalı davamıdır:

"Bunun mahiyyəti ondan ibarət idi ki, Qərb həmişə başqalarının hesabına yaşamaq istəyib. Eyni şeyi Xəzər regionunda da görürük. Qərb indi öz planlarını hazırlayır, "Xəzər beşliyini" parçalamağa və Xəzəryanı dövlətlərin konsensusundan faydalanmayacaq qərarlar qəbul etməyə çalışır".

Politoloq Elxan Şahinoğlu deyib ki, Kreml Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqil siyasətlərindən narahatdır. Sergey Lavrovun açıqlaması məhz bundan xəbər verir. Rusiya rəsmiləri bir tərəfdən qonşu ölkələrin daxili işlərinə qarışmadıqlarını bəyan edir, digər tərəfdən isə Lavrov kimilərin açıqlamaları vasitəsilə bunun tərsini “sübut” edirlər.

Lavrovun mesajı Qərbdən çox bölgə ölkələrinə ünvanlanıb, Xəzərə sahili olan Azərbaycanı, Qazaxıstanı və Türkmənistanı qorxutmaq məqsədi daşıyır.

Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri qonşu ölkələrlə yanaşı ABŞ və Avropa İttifaqı ilə sıx əməkdaşlıqda maraqlıdırlar. Bu həmin dövlətlərin, o cümlədən Azərbaycanın təbii haqqıdır:

"Mərkəzi Asiya ölkələri ABŞ və Avropa İttifaqı ilə 5+1 formatında əməkdaşlıq edirlər. Bu formatda keçirilən görüşlərin sayı artıb. Bu Kremli narahat edir. Rusiyanın hakim dairələrində hesab edirlər ki, Vaşinqton və Brüssel bu yolla Cənubi Qafqazı və Mərkəzi Asiyanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışırlar. Burada həqiqət payı var. Vaşinqton və Brüssel istəmir ki, Rusiya qonşu ölkələrdə hegemon mövqelərə sahib olsun.

Məsələ burasındadır ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin özləri də Rusiyanın təsir alətlərindən qurtulmağa çalışırlar. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri bərabərhüquqlu əməkdaşlığa üstünlük verirlər. Bu isə Rusiyanın imperialist dairələrinin maraqlarına cavab vermir. Kremlin Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsi Rusiyaya qonşu ölkələri Moskvadan məsafə saxlamağa məcbur edib".

O, qeyd edib ki, ABŞ və Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiyada fəallaşmasının səbəblərindən biri də Çinin bölgədə artan iqtisadi gücünü neytrallaşdırmağa çalışmasıdır. Çinin bölgəyə yatırımları artmaqda davam edir. Bunun siyasi risklərini hesablayan Qərb ölkələri Cənubi Qafqaz və Mərkəzi Asiyaya yatırımlarının artırılması barədə düşünürlər:

"Sergey Lavrovun vurğuladığı “Xəzər beşliyi” dənizə sahil ölkələrin müxtəlif mövzular üzrə əməkdalığını ehtiva edir. Bu siyasi və ya hərbi blok deyil ki, başqa bir dövlət bunu parçalamağa çalışsın. Lavrovun vurğuladığı “Xəzər beşliyinin” birliyinə zərər vuran varsa, bu elə ilk növbədə Rusiyadır. Azərbaycan Prezidenti İlham Əliyev Xəzərdə ekoloji vəziyyətin ağırlaşdığı barədə dəfələrlə açıqlama verib. Xəzər dənizinin su səviyyəsi ildən ilə azalır. Bunun isə əsas səbəbi Volqa çayından Xəzər dənizinə gələn su axınının süni surətdə azaldılmasıdır. Rusiya Volqa çayının sahilində elektrik stansiyaları tikib. Bu stansiyalar isə çayın Xəzərə axınının azalmasına səbəb olub. Bu baxımdan Xəzərdə su səviyyəsinin azalması Kremli o qədər də narahat etmir. Bunlar varkən, Lavrovun “Qərb Xəzər beşliyini parçalamağa çalışır” açıqlaması ikrah doğurur".

Cavid