Ölkə başçısının növbəti humanist addımı Siyasət

Ölkə başçısının növbəti humanist addımı

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra keçən 34 il ərzində ölkədə 12 dəfə amnistiya aktı qəbul edilib və həmin aktlar ümumilikdə 70 min şəxsə şamil olunub. İlk amnistiya elə Azərbaycanın müstəqilliyinin bərpası münasibətilə qəbul edilmişdi. Bu amnistiya aktlarının əksəriyyəti İlham Əliyevin Prezident olduğu dövrə düşür. Eyni zamanda, indiyə qədər dövlət başçısının imzaladığı əfv sərəncamlarının sayı 70-dən çoxdur. Bunların da əksəriyyəti məhz indiki dövlət başçısının hakimiyyəti dövrünə aiddir.

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bağışlamaq, əfv etmək, hansısa səhvi və ya günahı üzündən əzizlərindən ayrı düşmüş insanların ailəsinə, ocağına qovuşmasını təmin etmək kimi humanist addımlar müasir Azərbaycan həqiqətlərinin mühüm tərkib hissələrindən biridir. Həm Ümummilli liderin, həm Prezident İlham Əliyevin, həm də Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətli təşəbbüslərinin sayı hər il artır. Həmin təşəbbüslərin – əfv sərəncamı və amnistiya aktlarının icrası zamanı on minlərlə soydaşımız, eləcə də ölkəmizdə həbs edilmiş əcnəbi şəxslər öz azadlıqlarına qovuşublar.

Məhz humanizm prinsiplərinin nəticəsidir ki, xalqımız bu il həm böyük siyahını əhatə edən əfv sərəncamının sevincini yaşayıb, həm də 20 mindən çox insana şamil ediləcək amnistiya aktından yaranacaq məmnunluğun ərəfəsindədir.

Qeyd edilməlidir ki, dövlət başçısının bu il mayın 25-də imzaladığı “Məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, qəbul edilmiş “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam həm ölkəmizdə, həm də beynəlxalq aləmdə özünəməxsus rezonans yaratmışdı.
Bundan başqa, Ali Baş Komandanın təşəbbüsü ilə 2021-ci il noyabrın 5-də Milli Məclis tərəfindən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərar qəbul edilmişdi ki, bu da dövlətin öz siyasətində insan ləyaqətinə hörmətin bariz nümunəsi kimi qəbul edilirdi.

Qeyd ediməlidir ki, bu amnistiya aktı əvvəlki anoloji sənədlərdən xeyli fərqli olacaq. Budəfəki amnistiya aktı 20 mindən çox məhkuma şamil olunacaqdır. Bu aktın icrası zamanı 5 min nəfərdən çox insan azadlıqdan məhrumetmə cəzasından qurtulacaq və azadlıqdan məhrum edilmiş daha 3 min nəfərin cəzası azaldılacaq. Həmçinin, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəkdir.

Dövlət başçısının növbəti humanist təşəbbüsü ilə “böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq”.

Bu amnistiya aktının daha geniş auditoriyanı əhatə etməsi də təsadüfi deyil. Cəmi iki həftədən sonra biz ölkəmizdə elan edilmiş “Konstitusiya və Suverenlik İli”ni başa vuracağıq. Avropalı ekspertlərin fikrincə, Azərbaycan Konstitusiyası insan azadlıq və hüquqlarına ən böyük önəm verən Əsas Qanunlardan biridir. Bundan başqa, biz bu il milli tariximizin ən böyük Zəfərlərindən birinə imza ataraq, əsrlərdən bəri xalqımıza qarşı törədilən terror, təxribat, separatçılıq, işğalçılıq kimi mənfur zehniyyətlərin kökünü kəsmiş və onların bir daha baş verməməsi üçün möhkəm təməl qoymuşuq. Eləcə də iki həftədən sonra xalqımız növbəti dəfə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edəcək.

İctimai-siyasi proseslərdə olduğu bütün dövrlərdə hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdəki fəaliyyəti xüsusi qeyd edilməldir. Çünki Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib.

Min illər boyu xalqımızın böyüklüyünü təcəssüm etdirən humanizm ənənələri bu gün artıq dövlət siyasətində davam etdirilir. Məlumdur ki, ölkəmizdə qanunun aliliyi yüksək səviyyədə təmin olunmaqla yanaşı, əlamətdar tarixlər, hadisələr ərəfəsində amnistiya aktlarının qəbul edilməsi də tarixi ənənəyə sədaqətin göstəricisidir. Prezident İlham Əliyevin bu təşəbbüsü də “Konstitusiya və Suverenlik İli”ndə xalqımıza ünvanlanan dəyərli töhfədir.


İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü