
Son dövrlər Avropa Parlamentində Azərbaycanla bağlı keçirilən dinləmələr regionda formalaşmaqda olan yeni geosiyasi reallıqlar fonunda xüsusi diqqət cəlb edir. Bu dinləmələr təkcə insan haqları ritorikası ilə məhdudlaşmır, eyni zamanda Cənubi Qafqazda yaranan sülh gündəliyinə qarşı yönəlmiş daha geniş siyasi xəttin tərkib hissəsi kimi çıxış edir. Xüsusilə ABŞ-ın vasitəçiliyi ilə irəli sürülən Vaşinqton sülh yanaşmalarına alternativ olaraq Paris–Brüssel gündəliyinin önə çəkilməsi Avropa İttifaqının mövqeyində açıq şəkildə sezilir. Aİ daxilində təsirli olan liberal və ideoloji qrupların bölgədəki proseslərə selektiv və qərəzli yanaşması bu siyasətin institusional xarakter daşıdığını göstərir. Avropa Parlamentinin Azərbaycana münasibətdə uzun illərdir davam edən ikili standartlar siyasəti isə bu gün də dəyişməz qalır. Eyni zamanda, Ermənistanla bağlı ciddi hüquq pozuntularının görməzdən gəlinməsi və selektiv susqunluq Avropa İttifaqının iddia etdiyi dəyərlərlə real davranışı arasında ziddiyyəti üzə çıxarır. Bu kontekstdə Aİ-nin sanksiya, müşahidə missiyaları və siyasi bəyanatları sülhə töhfə verməkdən daha çox gərginliyi dərinləşdirən alətlər kimi qiymətləndirilə bilər. Məhz bu amillər Avropa Parlamentində keçirilən dinləmələrin mahiyyətini və arxasında dayanan siyasi motivlərə diqqət yetirməyi zəruri edir.
İkili standartlar
Milli Məclisin deputatı, Azərbaycan – Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin üzvü Tural Gəncəliyev APA-ya açıqlamasında bildirib ki, Avropa Parlamenti Azərbaycanda insan haqları üzrə dinləmələr təşkil edir. Halbuki Ermənistanda təkcə 2025-ci ildə 10-larla müxalifətçi, dini xadim, fəal və s. şəxslər uydurma səbəblərlə həbs edilib: “Nə üçünsə Avropa Parlamenti bu haqda indiyədək dinləmələr keçirməyib, hansısa sənəd qəbul etməyib. Avropa Parlamentində dinləmələrin məqsədi də bölgədə yaranan sülh prosesinə qarşı təxribat sayılır. Bu təsisat tərəfindən Azərbaycana qarşı gəzəli yanaşması sistematik xarakter daşıyır. Vətən Müharibəsinə qədər bu qurum bir çox hallarda Azərbaycanın ərazi bütövlüyünə Gürcüstan, Ukrayna və Moldova ərazi bütövlüyünə kimi dəstək vermirdi. Əksinə Azərbaycana müxtəlif böhtanlar atırdı. Bu isə açıq şəkildə ikili standartlar siyasətidir. Məsələn, insan hüquqları məsələsini götürək. Ermənistanda son dövrlərdə baş verən kütləvi həbslər, insan hüquqlarının kobud şəkildə pozulması faktları gözardı edildiyi halda, Avropa institutlarının və xüsusilə Avropa Parlamentinin hədəfli şəkildə yalnız Azərbaycana yönəlməsi açıq-aşkar qərəzli yanaşmanın hələ də davam etdiyini təsdiqləyir”.
Milli Məclisin deputatı, Azərbaycan – Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin üzvü Qaya Məmmədov hesab edir ki, Avropanın sağlam siyasi qüvvələri Avropa Parlamentinin yenidən anti-Azərbaycan meydançasına çevrilməsinin qarşısını almalıdırlar: “Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq hər iki tərəfin maraqlarına xidmət edir. Azərbaycan tərəfi bu tərəfdaşlığın inkişaf etdirilməsi məsələsində həmişə ardıcıl, sabit və öngörülən mövqe nümayiş etdirsə də, Avropa İttifaqı institutları bir çox hallarda ədalətsiz və hətta razılaşdırılmış ortaq hədəflərə zərər vuran addımlar atmışdır. Xüsusilə, Avropa Parlamenti hələ 1988-ci ildən etibarən münaqişəni alovlandırmağa, sonradan isə Ermənistanı işğalı davam etdirməyə cəsarətləndirərək, münaqişənin həllinə mane olmağa çalışıb”.
Avropa İttifaqı və Ermənistan arasında strateji sənədin destruktiv mahiyyəti
Tural Gəncəliyev Avropa İttifaqı ilə Ermənistan arasında 2 dekabr tarixində strateji gündəm sənədi imzalandığını xatırladıb. Həmin sənəd tamamilə Azərbaycana qarşı qəbuledilməz fikirlərlə, absurd terminlərlə zəngindir: “Sənəddə Azərbaycanın Qarabağ bölgəsinin adının, “Dağlıq Qarabağ” sözünün yer alması, köçkün “Qarabağ erməniləri”, “erməni əsirləri” kimi yersiz terminlərin işlədilməsi Vaşinqtonda imzalanmış üçtərəfli bəyannaməyə ziddir. Avropa Parlamenti müxtəlif vaxtlarda Azərbaycanı müharibə cinayətkarlarını azad etməyə çağırır. Onlardan biri Ruben Vardanyan Ukraynaya qarşı müharibəni maliyyələşdirən oliqarxlardan biridir. Həmin sənəddə TRİPP marşrutunun yer almaması və bunun əvəzinə “Sülh kəsişməsi”nin adının çəkilməsi göstərir ki, Avropa İttifaqı Cənubi Qafqazda formalaşmış yeni reallıqları hələ də həzm edə bilmir, onları qəbul etmir və yersiz terminlərlə vəziyyəti mürəkkəbləşdirir”.

Qaya Məmmədov qeyd edib ki, bu il dekabrın 2-də Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış “Avropa İttifaqı–Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəddə Azərbaycan və Ermənistan arasında sülhə təhlükə yaradan müddəaların yer alması, habelə TRIPP layihəsinə istinad edilməməsi ciddi narahatlıq doğurur. Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrin təşkil edilməsi bu xəttin davamı kimi qiymətləndirilməlidir.
Avropa İttifaqının sanksiya və korrpupsiya siyasəti
Tural Gəncəlyev Avropa İttifaqının 5 Azərbaycan gəmisinə sanksiya qoyduğunu xatırladıb: “Avropa İttifaqı Azərbaycan gəmilərini yox, Yunanıstan və Kiprin gəmilərinə sanksiya tətbiq etməlidir. Almaniya hələ də Rusiyadan böyük miqdarda neft alır. Avropada istehsal olunan elektronika Ermənistan vasitəsi ilə Rusiyaya satılır və Ukraynaya qarşı müharibədə istifadə edilir. Avropa İttifaqı boru kəməri vasitəsi ilə Rusiyadan qazın alışını azaltsa da, maye qazın alışını əsaslı artırıb”.
Deputat vurğulayıb ki, Avropa İttifaqında və ümumən Avropa institutlarında davam edən korrupsiya qalmaqalları, yaxın keçmişdə Avropa liderləri ilə bağlı ortaya çıxan ciddi korrupsiya skandalları bu institutları zəlzələ kimi silkələyib: “Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sabiq Ali Nümayəndəsi Cozef Borrellin, eləcə də Avropa Parlamentinin əvvəlki rəhbərliyinin başdan-başa korrupsiya bataqlığına düşməsi və erməni lobbisinin manipulyasiya alətinə çevrilməsi artıq avropalıların özləri tərəfindən də etiraf edilir”.
Qaya Məmmədov isə hesab edir ki, Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyası Ermənistanla imzalanmış sənəddə yer alan məlum müddəalar və digər anti-Azərbaycan addımlar nəticəsində yaranmış narahatlıqları aradan qaldırmalı, Avropanın sağlam siyasi qüvvələri isə Avropa Parlamentinin yenidən anti-Azərbaycan meydançasına çevrilməsinin qarşısını almalıdırlar.
ABŞ-ın Avropa İttifaqına baxışı
Azərbaycan – Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin üzvləri ABŞ-ın Avropa İttifaqına baxışına və bu münasibətlərin Azərbaycan və Ermənistan arasında sülh prosesinə təsirlərinə diqqət çəkirlər. Tural Gəncəliyevin sözlərinə görə, ABŞ tərəfindən qəbul edilmiş Milli Təhlükəsizlik Strategiyası sənədində Avropa İttifaqının öz təqsiri ucbatından illər ərzində buraxdığı ciddi strateji səhvlər fonunda bu qurumun ümumiyyətlə mühüm güc mərkəzi kimi adı belə çəkilmir: “Bu isə onu göstərir ki, hazırkı ABŞ administrasiyası Avropa İttifaqının rolunu faktiki olaraq ignor edir”.

Qaya Məmmədov deyir ki, söhbət təkcə Avropa İttifaqı daxilində bəzi qüvvələrin ABŞ-ın regionumuzdakı roluna, o cümlədən TRIPP layihəsinə soyuq münasibətindən getmir: “O qüvvələr ümumilikdə sülhün bərqərar olunmasını sabotaj etmək niyyətindədirlər”.
Beləliklə, Avropa İttifaqının Azərbaycana qarşı siyasəti uzunmüddətli ikili standartlar, qərəzli yanaşmalar və destruktiv addımlarla müşayiət olunur. Avropa Parlamentində keçirilən dinləmələr və imzalanan sənədlər regiondakı sülh gündəliyinə təhdid olaraq qalır və Azərbaycana qarşı ədalətsizl yanaşmanı ortaya qoyur.