15:25
574
Azərbaycan ilə Türkiyəni dərin tarixi və mədəni köklər üzərində qurulmuş möhkəm dostluq və qardaşlıq münasibətləri birləşdirir.
APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.
Əli Əsədov deyib ki, 2021-ci il iyun ayının 15-də Prezidentlər tərəfindən imzalanmış tarixi Şuşa Bəyannaməsi münasibətlərimizi müttəfiqliyin ən yüksək zirvəsinə qaldırdı: “Dövlət başçılarımız İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan şəxsi münasibətlər və sıx təmaslar strateji tərəfdaşlığımızın ardıcıl inkişafını təmin edən əsas amildir. Təkcə bu il dövlət başçıları arasında 7 qarşılıqlı səfər baş tutub və Prezidentlər eyni zamanda digər ölkələrdə təşkil olunan beynəlxalq tədbirlərdə görüşüblər. Prezident İlham Əliyev son olaraq Türkiyəyə 19 iyun tarixində səfər edib. Dövlət başçıları Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində birgə iştirak ediblər. Prezident Rəcəb Tayyib Ərdoğan isə 8 noyabrda Bakıda Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunan Hərbi paradda iştirak edib. Bütün bunlar siyasi dialoqumuzun yüksək səviyyədə olduğunu bir daha göstərir”.
Baş nazir Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq etdiyini söyləyib: “Ənənəvi olaraq beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirik və bir-birimizi dəstəkləyirik. Türk Dövlətləri Təşkilatı xüsusi qeyd edilməlidir. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Türk dünyasının birliyi və Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılması üçün əzmkar fəaliyyət göstərirlər. Bildiyiniz kimi oktyabrda Qəbələdə TDT-nin 12-ci Zirvə Görüşü baş tutdu və sədrlik Azərbaycana keçdi. Əminəm ki, sədrliyimiz dövründə təşkilat öz inkişafını davam etdirəcək və nüfuzunu daha da artıracaq. Yeri gəlmişkən bu il TDT-də yeni format yaradıldı - Hökumət başçılarının/Vitse-prezidentinin görüşü. Qırğızıstanda keçirilən ilk iclasda dəyərli qardaşım Cevdet bəylə görüşümü ən xoş hisslərlə xatırlayıram. Azərbaycan 2026-cı ildə növbəti iclasa ev sahibliyi edəcək. Fürsətdən istifadə edərək, Sizi bu məqsədlə də Azərbaycana dəvət etmək istərdim”.