ABŞ və Britaniya səfirlikləri təyyarə qəzasının ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib Siyasət

ABŞ və Britaniya səfirlikləri təyyarə qəzasının ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib

ABŞ və Böyük Britaniya səfirlikləri 25 dekabr 2024-cü il tarixində Azərbaycan Hava Yollarının (AZAL) Bakı–Qroznı marşrutu üzrə planlaşdırılmış J2-8243 nömrəli sərnişin reysinin icrası zamanı baş vermiş faciənin ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı veriblər.

Bu barədə hər iki səfirliyin sosial şəbəkə hesablarında qeyd olunub.

“Bu gün Azərbaycan Hava Yolları aviaşirkətinin 8243 saylı reysi zamanı həyatını itirənləri anırıq və kapitan İqor Kşnyakin, birinci pilot Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökumə Əliyevanın qəhrəmanlığını unutmadıq. Onların gördükləri tədbirlər daha çox günahsız insanın həyatını itirməsinin qarşısını aldı. Amerika Birləşmiş Ştatları adından həyatını itirmiş 38 nəfərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu faciədən sağ çıxanlara isə səmimi qəlbdən ən xoş arzularımızı çatdırırıq”, - ABŞ səfirliyinin başsağlığında deyilir.

“Bu gün biz Azərbaycan Hava Yollarına məxsus 8243 saylı reysin qurbanlarını yad edirik. Britaniyanın Bakıdakı səfirliyinin bütün əməkdaşları bu faciədən təsirlənən hər kəsin yanındadır. Bu faciədən zərərçəkənlərə, onların ailələrinə və hər kəsə başsağlığı veririk”, - Böyük Britaniyanın səfirliyinin başsağlığında qeyd olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən, “Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisinin Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğramasından bir il ötür.

Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.