
“Prezident İlham Əliyev dekabrın 24-də Ağdamda 2-ci yaşayış kompleksinin açılış mərasimində çıxış edib. Prezident bildirib ki, hazırda sülh prosesi getsə də, biz tarixi, qan yaddaşımızı, Xocalı başda olmaqla Azərbaycan xalqına qarşı törədilmiş soyqırımları, işğalı və bir milyondan artıq vətəndaşımızın çəkdiyi müsibətləri unutmamalıyıq, tarixdən dərs çıxarmalıyıq və bunları həmişə xatırlamalıyıq. Sülhə doğru gediriksə belə bu, keçmişin unudulması bahasına olmamalıdır. Azərbaycan xalqının yaşadığı tarixi ədalətsizliklər, xüsusilə Xocalı faciəsi, işğal illərində törədilmiş zorakılıqlar və bir milyondan artıq insanın məcburi köçkün kimi üzləşdiyi ağır həyat şəraiti kollektiv yaddaşdan silinməməlidir. Bu hadisələri unutmaq gələcəkdə oxşar faciələrin təkrarlanmasına zəmin yarada bilər. Ona görə də tarixdən dərs çıxarmaq, milli yaddaşı qorumaq və keçmişdə yaşananları daim xatırlamaq həm ədalətin bərpası üçün zəruridir.”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva söyləyib.
P.Vəliyeva qeyd edib ki, Ağ Evdə keçirilmiş və Prezident Donald Trampın şahidliyi ilə baş tutmuş Azərbaycan ilə Ermənistan arasında Vaşinqton razılaşmaları üç onillikdən çox davam edən gərginlikdən sonra regiona sülh, sabitlik və rifah gətirməsi məqsədi daşıyır: “Bu kontekstdə bir sıra etimad qurucu addımlar atılıb. Tərəflərin sərhədlərin delimitasiya komissiyalarının üzvləri də bir-birlərinin ərazilərinə daxil olublar. Ermənistanın Baş nazirinin müavini delimitasiya və demarkasiya prosesini müzakirə etmək üçün Azərbaycanın Qəbələ şəhərinə səfər edib. Normallaşma prosesi çərçivəsində iki ölkə arasında vətəndaş cəmiyyəti mübadilələri aparılıb. Proses sülh gündəliyinin perspektivləri üzrə vətəndaş cəmiyyətlərinin dialoqunu gücləndirir. Bu hadisələr mühüm bir reallığı əks etdirir: paraflanmış sülh müqaviləsinin nəticələri artıq təkcə kağız üzərində deyil, praktiki müstəvidə də özünü göstərir. 2025-ci ilin oktyabrında Azərbaycan ticarət yükləri üçün Ermənistan tranzitini açdı. Bu, Qazaxıstan və Rusiya buğdasının Azərbaycan ərazisindən keçərək Gürcüstan vasitəsilə Ermənistana çatdırılmasına imkan verdi. Paralel olaraq tərəflər qarşılıqlı ticarət imkanlarını da qiymətləndirməyə başlayıblar, o cümlədən Azərbaycanın neft məhsulları Gürcüstan vasitəsilə Ermənistana ixrac olunub”.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyev 907-ci düzəlişin ləğv edilməsinin vacibliyini də vurğulayıb: “Bu ilin 8 avqust tarixində ABŞ ilə yeni müstəvidə və strateji müttəfiqliyə doğru irəliləyən münasibətlər, enerji və texnologiyalar sahəsində yeni əməkdaşlıq, o cümlədən 907-ci düzəlişin tətbiqinin dayandırılması Prezident İlham Əliyevin növbəti xarici siyasət uğuru idi. Prezident Donald Tramp bunu dayandırsa da, onun tamamilə ləğvi ABŞ Senatında müzakirə əsasında baş tutmalıdır. Tam ləğvi üçün Konqresmen xanım müraciət edib, layihə təqdim olunub. Azərbaycan Əfqanıstan missiyasına erkən qoşulan, hərbi kontingent göndərən və onu artıran, eyni zamanda ABŞ üçün həyati əhəmiyyət daşıyan nəqliyyat-logistika dəstəyini təmin edən etibarlı tərəfdaş olub. Buna baxmayaraq ABŞ “Azadlığa dəstək aktına” daxil olan 907-ci düzəlişi maraqlarına uyğun vaxtda dayandırıb, maraqlar aradan qalxdıqdan sonra isə yenidən tətbiq etməsi prinsipsizlik kimi qiymətləndirilir. ABŞ və Azərbaycan münasibətləri və regionda baş verən yeni reallıqlar fonunda buna xitam verilməsi doğru olardı”.
Röya İsrafilova