14:53
616
Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.
APA-nın Moskva bürosu xəbər verir ki, tərəflər Azərbaycan-Rusiya münasibətlərinin hazırkı vəziyyətini müzakirə edib və 2025-ci ilin siyasi yekunlarını qiymətləndiriblər.
Səfir Rəhman Mustafayev qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərində başa çatan il 2024-cü ilin dekabrında AZAL sərnişin təyyarəsinin faciəvi qəzası ilə yadda qalıb. Bu baxımdan, o, iki ölkə prezidentlərinin 9 oktyabrda Düşənbədə keçirilən görüşünün ikitərəfli münasibətlərin normallaşmasında mühüm addım olduğunu vurğulayıb.
Eyni zamanda, Rəhman Mustafayev Düşənbədə iki lider arasında əldə edilən razılaşmaların, xüsusən də Rusiya Prezidenti Vladimir Putinin "Rusiya bu cür faciəli hallarda kompensasiya təmin etmək üçün lazım olan hər şeyi edəcək və bütün vəzifəli şəxslərin hərəkətləri lazımi şəkildə qiymətləndiriləcək" açıqlamasının tez bir zamanda həyata keçirilməsinin vacibliyini vurğulayıb. Bu kontekstdə, heç bir prosedur qərarının Rusiya Prezidentinin bəyanatında yer alan təlimatların həyata keçirilməsi zərurətini əvəz edə və ya ləğv edə bilməyəcəyi barədə bəyanat müsbət qarşılanıb.