7 Yanvar 15:21
1 596
“Prezident İlham Əliyevin 5 yanvar müsahibəsi 2025-ci ilin yekunlarına sadə siyasi şərh olmaqdan daha çox, Azərbaycanın müharibədən sonrakı dövrdə hansı strateji trayektoriya ilə irəliləyəcəyinə dair aydın çərçivə təqdim edir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib.
Z.Qarayeva deyib ki, dövlət başçısının vurğuladığı əsas məntiq ondan ibarətdir ki, Azərbaycan uzun illər təhlükəsizlik gündəmi ilə yaşayan ölkə kimi indi sülh mərhələsində həm daxili idarəçilik, həm də xarici siyasətdə yeni prioritetlər formalaşdırır: “Sülhün “emosional rahatlıq” yox, “funksional üstünlüklər” dövrü kimi təqdim edilməsi, həm iqtisadi siyasətin genişlənməsi, həm də diplomatik fəaliyyətin yeni imkanlarla zənginləşməsi ilə izah edilir. Prezidentin ABŞ ilə münasibətlərə xüsusi yer verməsi isə Azərbaycanın yeni geosiyasi balans yaratmaq niyyətini ortaya qoyur — 907-ci düzəlişin aradan qaldırılması, strateji işçi qrupunun yaradılması və iqtisadi-hərbi əməkdaşlığın dərinləşməsi bu xəttin mərkəzində dayanır”.
Politoloq əlavə edib ki, müsahibənin digər diqqətçəkən tərəfi Azərbaycanın çoxşaxəli xarici siyasət modelinin daha açıq şəkildə ifadə olunmasıdır: “ABŞ ilə yaxınlaşma fonunda Çinlə strateji tərəfdaşlığın genişlənməsi, Mərkəzi Asiya ilə siyasi inteqrasiyanın güclənməsi və Türk Dövlətləri Təşkilatında birgə hərbi hazırlıq təşəbbüsləri Azərbaycanın özünü regionlararası körpü kimi təqdim etmək niyyətini möhkəmləndirir. Paralel olaraq, daxili iqtisadi dayanıqlılıq, borc yükünün aşağı səviyyəsi, infrastruktur layihələrinin sürətlənməsi və qeyri-neft sektorunun artım perspektivi ölkənin yeni dövrə daha hazırlıqlı daxil olduğunu göstərir. Beləliklə, müsahibə Prezident Əliyevin “müharibədən sonra yeni siyasi-iqtisadi düzən” yanaşmasını təsdiqləyir və Azərbaycanın yaxın illərdə çevik diplomatiya, gücləndirilmiş təhlükəsizlik və dayanıqlı iqtisadiyyat üzərində qurulan üçpilləli strategiya ilə irəliləyəcəyini nümayiş etdirir”.
Röya İsrafilova