ABŞ əvvəlcə öz qitəsində hökmranlıq qurmaq istəyir
8 Yanvar 22:45

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsində ölkəmizin 2025-ci ildə keçdiyi yolu, əldə etdiyi uğurları və 2026-cı ildə həyata keçirilməsi nəzərdə tutulan strateji planları ətraflı şəkildə açıqlayıb. Dövlət başçısı müsahibəsində Azərbaycanın regionda və beynəlxalq aləmdə artan nüfuzunu, strateji təşəbbüslərini və iqtisadi üstünlüklərini diqqətə çatdırıb, ölkəmizin hərtərəfli inkişafını təmin edən tədbirlərin planlı şəkildə icra edildiyini bir daha vurğulayıb.
Prezident İlham Əliyev müsahibədə Azərbaycanın nəqliyyat dəhlizlərinin inkişafı, yükdaşımaların artırılması, “yaşıl” enerji sahəsində perspektivlər və elektrik enerjisinin ixracı, həmçinin Qarabağ regionunun bərpası və turizmin inkişafı kimi əsas sahələrdə əldə olunan nəticələrə toxunub. Dövlət başçısı Azərbaycanın dünya siyasətində yalnız müşahidəçi deyil, eyni zamanda aktiv aktor olduğunu, regional və transregional əhəmiyyətinin artdığını, strateji layihələrdə, o cümlədən “Bir Kəmər, Bir Yol” layihəsi və Zəngəzur dəhlizi kimi təşəbbüslərdə mərkəzi rol oynadığını qeyd edib.
Müsahibədə Prezident İlham Əliyev həmçinin Azərbaycanın iqtisadi imkanlarını gücləndirən, regionda etibarlı tərəfdaş rolunu möhkəmləndirən addımların vacibliyini vurğulayıb, qeyri-neft sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi və turizm sahəsində əldə olunan irəliləyişlərin ölkəmizi daha da cəlbedici etdiyini açıqlayıb. Dövlət başçısı həmçinin ölkəmizin güclü orduya malik olmasının sülhün qorunmasına xidmət etdiyini və gələcək nəsillər üçün davamlı rifah və təhlükəsizliyin təmin edilməsinin prioritet olduğunu bir daha qeyd edib.
“Azərbaycanın qəti qələbəsi və strateji üstünlüyü…”
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Musa Qasımlı “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dövlətimizin həm daxili, həm də beynəlxalq siyasəti sahəsində 2025-ci ildə keçilən yolun dərin təhlili və yeni ildə görüləcək işlərin yol xəritəsi olduğundan xüsusi əhəmiyyət daşıyır, dərindən öyrənilməlidir.
O qeyd edib ki, ötən il dövlətimizin xarici siyasəti uğurlu olub: “Döyüş meydanında qazanılan tam və qəti qələbə regionda sülh və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı olan cənab Prezidentin təşəbbüsü və gərgin səyləri nəticəsində avqustun 8-də Vaşinqtonda Ağ Evdə ABŞ dövlətinin şahidliyi ilə masada təsdiqləndi. Bununla da ölkə rəhbərimiz millətimizin və dövlətimizin qarşısında dayanan başlıca vəzifəni həll etdi. Cənubi Qafqazda sülh dövrü başladı. Bu səfərlə həmçinin 1992-ci ildə qəbul edilmiş “Azadlığa dəstək aktı”na olan 907-ci düzəlişin ləğvindən ötrü addımlar atıldı. 25 ilə yaxın mövcud olmuş ədalətsizliyi aradan qaldıran cənab Prezidentimiz bununla həm də Co Bayden və onun kimilərin üzərində əzici qələbə qazandı, Azərbaycan əleyhinə olan qüvvələrə və Azərbaycan-Amerika münasibətlərini pozmağa çalışan dairələrə sarsıdıcı zərbə endirdi. Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açılmasından ötrü tarixi addım atıldı.
Ötən il Azərbaycanın Çinlə hərtərəfli strateji tərəfdaşlığı rəsmiləşdirildi. Əgər Birləşmiş Ştatlarının dövlət başçısı Ağ evdə qəbul zamanı cənab Prezidenti böyük lider adlandırdısa, Çin Xalq Respublikasının sədri “əziz dostum” deyərək salamladı. Dövlət başçımız aralarında ticarət müharibəsinin getməsinə baxmayaraq, Çin Xalq Respublikasının “Bir kəmər, bir yol” layihəsini ABŞ-nin maraqları ilə uzlaşdıraraq Azərbaycanın başlıca məqsədlərindən birini reallaşdırdı. Bu, cənab Prezidentimiz İlham Əliyevin böyük uğuru, diplomatiya tarixinin nadir hadisəsidir.
Ötən il Mərkəzi Asiyanın Məşvərət Şurasına üzv olması dövlətimizin beynəlxalq mövqelərinin möhkəmlənməsi və dünya siyasətində rolunun artması deməkdir. Çindən, Mərkəzi Asiya ölkələrindən Avropaya daşınacaq mallar tək bir ölkədən – Azərbaycandan keçəcək, bir neçə yolla çıxacaq. Bu, dünya siyasətində Azərbaycanın rolunun artırılmasının konkret nümunələrindən biridir. Etibarlı tərəfdaş olan, həqiqi sülh üçün çalışan və qarşılıqlı faydalı əməkdaşlığa açıq Azərbaycan birləşdirici gücdür.
Cənab Prezidentin müsahibəsində 2026-cı ildə görüləcək işlərə yer ayırması bir daha göstərdi ki, ölkəmizdə həyata keçirilən bütün işlər əvvəlcədən ciddi şəkildə planlaşdırılır və həyata keçirilir. Bu il bir çox beynəlxalq toplantılar keçiriləcək və dünyanın gözü Azərbaycanda olacaq.
Bütün görülən işlərin başlıca məqsədi Azərbaycanın güclü dövlət olması, millətimizin təhlükəsiz yaşaması və rifah halının daha da yaxşılaşdırılmasıdır. 2026-cı il də dövlətimiz və millətimiz üçün yenə də uğurlu olacaq”.
“Azərbaycan İpək Yolunun üç şaxəsinin mərkəzinə çevrilir”
Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev diqqətə çatdırıb ki, Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycanın keçdiyi yola nəzər saldı, xüsusilə son 5 ildə tarixi qələbədən sonrakı dövrdə ölkəmizin regionda və beynəlxalq aləmdə rolu və nüfuzu barədə danışdı: “Eyni zamanda, dövlət başçısı Azərbaycanın dünyada aktiv aktor olduğunu bir daha təsdiqlədi. Müsahibədə xüsusi olaraq Azərbaycanın regional və transregional əhəmiyyəti vurğulandı. Prezident qeyd etdi ki, Çinin başlatdığı “Bir kəmər, bir yol” layihəsinə öncədən dəstək verən Azərbaycan artıq layihənin əsas mərkəzinə çevrilib. Bakı-Tiblisi-Qars dəmiryolu vasitəsilə orta dəhliz Azərbaycanın bir şaxəsini təşkil edirdisə, indi Zəngəzur dəhlizi və Araz dəhlizi – İran üzərindən Naxçıvanla birləşən dəmiryolu ilə qədim İpək Yolunun üç şaxədən keçməsi təmin olunub. Bu, həm iqtisadi, həm də siyasi əhəmiyyətə malikdir. Çinlə Azərbaycan arasında münasibətlər yalnız iqtisadi deyil, həm də liderlərin dostluğu üzərində qurulub. Bu, Azərbaycanı Şərq-Qərb kolidorunda əsas oyunçuya çevirir. Azərbaycanın D8-ə üzvlüyü isə ölkəmizə əlavə strateji və siyasi dəyər qatır”.
Musa Quliyev vurğulayıb ki, türk dövlətlərinin Xankəndi, Şuşa və Qəbələdə keçirilən qeyri-rəsmi zirvə toplantıları Azərbaycanın güclü müttəfiqlərə malik olduğunu göstərir. Prezidentin “bizim ailəmiz türk dünyasıdır” fikri ölkəmizin regional həmrəyliyini bir daha ortaya qoyur.
Həmçinin, Azərbaycan regionda canlı körpü və etibarlı tərəfdaş rolunu gücləndirir. Tranzit həcmlərinin artması, Ələt xüsusi iqtisadi zonasının fəaliyyətə başlaması, turizm imkanlarının genişləndirilməsi, Şərqi Zəngəzurun və Qarabağın bərpası ölkəmizi iqtisadi və strateji baxımdan cəlbedici edir. Bu proses qeyri-neft sektorunun inkişafına təkan verəcək və Azərbaycanın iqtisadi yüksəlişini sürətləndirəcək. Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın regionda artan rolunu, iqtisadi və siyasi strategiyasını bir daha təsdiqləyir və ölkəmizin həm regional, həm də transregional miqyasda mövqeyini gücləndirir”.
“Azərbaycan iqtisadi yüksəliş və sülh yolunda”
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə ölkə iqtisadiyyatının inkişafının əsas vektorlarını açıqlayıb: “Dövlət başçısı ABŞ və Çinlə strateji tərəfdaşlığın üstünlüklərini, nəqliyyat dəhlizlərinin inkişafı və yükdaşımaların artımını, “yaşıl enerji” sahəsində perspektivləri və elektrik enerjisinin ixracını diqqətə çatdırıb. Eyni zamanda, Qarabağ regionunun bərpası və turizmin inkişafı sahəsində əldə olunan uğurlar, regionda sülh və təhlükəsizliyin qorunması da müsahibədə əsas mövzulardan olub. Ötən ilin ən mühüm beynəlxalq hadisələrindən biri Azərbaycan–ABŞ münasibətlərində baş vermiş tarixi irəliləyişdir. Prezident İlham Əliyev avqust ayında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən mərasim zamanı “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP)” adlı nəqliyyat dəhlizinin yaradılması haqqında sazişin imzalandığını vurğulayıb. Bu layihə Zəngəzur dəhlizinin inkişafını sürətləndirəcək və Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqəni təmin edəcək. Azərbaycan–Çin əməkdaşlığı da ötən il uğurla davam edib. Dövlət başçısı ikitərəfli ticarət dövriyyəsinin 4 milyard ABŞ dollarını keçdiyini, 20 faizdən çox artım qeydə alındığını və investisiya xarakterli müqavilələrin imzalandığını açıqlayıb. Çin şirkətləri Azərbaycanda bərpaolunan enerji sahəsinə investisiyalar yatırır, günəş və külək elektrik stansiyaları tikilir, elektrobusların yığımı həyata keçirilir və gələcəkdə lokallaşdırmanın artırılması planlaşdırılır”.
Komitə sədri bildirib ki, Prezidentin müsahibəsində sülh və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməsi diqqətçəkəndir: “Dövlət başçısı qeyd etdi ki, ‘Biz yeni müharibəyə hazırlaşmırıq. Bizim üçün müharibələr arxada qalıb”. Bu, yetkin və məsuliyyətli dövlət təfəkkürünün təzahürüdür. Güclü ordu Azərbaycan üçün təzyiq aləti deyil, sülhün təminatıdır. Vətən müharibəsində qalib gəlmiş ölkənin Prezidenti tərəfindən səsləndirilən bu fikirlər, gücün, siyasi yetkinliyin və dinc həyatın dəyərinin dərindən dərk edilməsinin göstəricisidir. Bu sülhü qorumaq, müdafiə etmək və gələcək nəsillərə ötürmək dövlətin strateji vəzifəsidir”.
Günel Elxan