“Bu işdə Prezident keyfiyyət amilinə daha çox önəm verdiyini bəyan etdi” Siyasət

“Bu işdə Prezident keyfiyyət amilinə daha çox önəm verdiyini bəyan etdi”

“Prezidentin daxili siyasət istiqaməti üzrə çıxışında əks olunan, qarşıdakı dövr dövlət siyasətinə dair əsas tezislər iqtisadi inkişafın ümumi vəziyyətinin qənaətbəxşliyi fonunda narazılıq doğuran müəyyən məqamların həlli istiqamətində işlərin müvafiq ardıcıllıqla görülməsidir. Ölkəmizdə indiyədək infrastruktur quruculuğu sahəsində çoxsaylı işlər görülüb, indi isə Qarabağ və Şərqi Zəngəzurun bərpa-quruculuq işlərinə əhəmiyyət verilir. Bu işdə cənab Prezident vaxt amilinə deyil, keyfiyyət amilinə daha çox önəm verdiyini ictimaiyyətə açıq şəkildə bəyan etdi. Ümumiyyətlə, Böyük Qayıdış milli prioritet olaraq müəyyən edilib. Prezident ölkəmizdə iqtisadi artımın real sektor artımlarına söykəndiyini vurğulayaraq müqayisə üçün Ermənistanın Rusiyanın qlobal sanksiyalardan yayınmasına kömək etməklə ticarət dövriyyəsində artım yaşadığını diqqətə çatdırdı. Belə ki, Ermənistan 2022-ci ildə Rusiya ilə 2 milyard dollar ticarət dövriyyəsinə malik idisə, sonrakı illərdə bu rəqəm 6 dəfəyədək artıb. Prezident ölkəmizin iqtisadiyyatının inkişafına, valyuta ehtiyatlarının artmasına paralel olaraq əhalinin həyat şəraitinin yüksələcəyini, sosial sahəyə daha böyük vəsait ayrıla biləcəyini qeyd etdi. Bu istiqamətdə populizmdən uzaq olmağın faydalı olduğunu və dövlətin sosial-iqtisadi siyasətinin populist çıxışlar deyil, sağlam iqtisadi hesablamalar üzərində qurulduğunu bəyan etdi”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

O qeyd edib ki, son 7 ildə 4 milyon insanın faydalandığı 5 sosial islahat paketinə 8 milyard manata yaxın vəsaitin xərcləndiyini vurğulayan Prezident, həmçinin əhalinin iş imkanlarının artırılması üçün müvafiq siyasətin icra olunduğunu, o cümlədən özünüməşğulluq proqramının həyata keçirildiyini, 16 min şəhid ailəsinə və müharibə əlilinə mənzillərin verildiyini, xüsusilə II Qarabağ müharibəsi əlillərinə ən müasir texnologiyalar əsasında fiziki reabilitasiya təmin olunması, son 20 ildə 3600 məktəb, yüzlərlə xəstəxana inşa və əsaslı təmir olunmasını vurğuladı: “Regionların inkişafı üçün regionlararası bağlantının əhəmiyyətinə diqqət çəkən Prezident həm də bunun sosial əhəmiyyətindən bəhs etdi, iqtisadi mobilliyin cəmiyyətə yeni bir mədəniyyət bəxş edəcəyini vurğuladı. Yeni dövrdə Azərbaycanın daxili tələbata fokuslanan iqtisadiyyatdan ixrac yönümlü, qlobal tələbatın təmin olunmasına yönəlik iqtisadiyyata keçid edəcəyi elan olundu. Məsələn, müdafiə sənayesi sahəsində ötən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsulun istehsal olunduğunu, lakin bunun böyük hissəsinin Azərbaycan Silahlı Qüvvələrinin istismarına verildiyini diqqətə çatdıran Prezident qarşıdakı ildə hərbi sənaye məhsullarının ixracı üçün 1 milyard dollar hədəfini bəyan etdi. Bu, həm də müvafiq sahədə qlobal əməkdaşlıqlarımızın artdığını və daha da çoxalacağını göstərir. O cümlədən Prezident vurğuladı ki, müasir dünyada, köhnə beynəlxalq hüquqi nizamın işləmədiyi bir dövrdə güclü olmaq mövcudluğunu, maraqlarını qorumağın yeganə yoludur”.

Siyasi şərhçinin sözlərinə görə, ötən il BƏƏ günəş elektrik stansiyasını inşa edib təqdim etdi, bu yaxınlarda Səudiyyə, il ərzində BP geniş miqyaslı alternativ enerji layihələrini tamamlayıb təqdim edəcək, həmçinin Türkiyə və Çin investorları ölkəmizdə alternativ enerji sahəsinə ciddi maraq göstərirlər ki, bu da gələcəkdə müvafiq sahədə bu ölkələrlə əməkdaşlığın genişləndiriləcəyinə işarədir: “Nəticə etibarilə qısamüddətli planda (qarşıdakı 5 ildə) 8 giqavata çatdırılacaq alternativ enerji ümumilikdə ölkəmizin enerji potensialının artmasına, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində rolunun güclənməsinə xidmət edəcək. Trans-Xəzər layihələri isə bu baxımdan ölkəmizin xarici enerji siyasətinə əlavə dəyər qazandıracaq. Həmçinin ölkəmizin elmi potensialının, turizm imkanlarının qarşıdakı dövrdə daha da artırılması istiqamətində ardıcıl dövlət siyasətinin həyata keçirilməsi nəzərdə tutulur. Məsələn, elmi-tədqiqat əsaslı ali təhsil müəssisələrinin inkişafı, istedadlı gənclərin inkişafı və dövlət idarəetməsində yer tutması üçün təşkil olunan “Yüksəliş” proqramının davam etdirilməsi, yeni turizm məkanlarının, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda yaradılması, o cümlədən sağlamlıq turizminin inkişaf etdirilməsi, 2026-cı ildə ölkəmizdə ilk dəfə, Şahdağda Xizəksürmə üzrə dünya çempionatının keçiriləcəyi, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni terminalın tikiləcəyi və s. qarşıdakı dövrdə bu istiqamətdə görüləcək işlər olaraq qeyd oluna bilər”.

Ş.Cəlilzadə eləcə də bildirib ki, cənab Prezident bütün bu işlərin, dövlət siyasətinin uğurla icrasının arxasında keyfiyyətli insan amilinin, uğurlu kadr seçimlərin dayandığını qeyd edərək, struktur dəyişikliklərindən daha çox təmiz, keyfiyyətli kadrların yetirişdirilməsinin önəmini diqqətə çatdırdı: “Qarşıdakı dövrü sülh və quruculuq dövrü adlandıran Prezident müstəqil, suveren, zəngin dövlətimizin daha da inkişaf etməsinin təməlində güclü siyasi iradə, xalq və dövlət birliyinin olduğunu vurğuladı”.

Röya İsrafilova