Qüdrət Həsənquliyev: “Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə…” Siyasət

Qüdrət Həsənquliyev: “Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə…”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

– Qüdrət bəy, necə düşünürsünüz , ABŞ Qrenlandiyanı işğal edəcəkmi? Onun işğala hazırlıqla bağlı göstəriş verdiyi deyilir.

-Bilirsiniz, müasir mədəniyyətin və həyat tərzinin qloballaşmasında ABŞ böyük rol oynasa da, maarifçilik, sənaye inqilabı, demokratiya, insan haqları, hüquq dövləti, müasir elm və incəsənət Avropada formalaşıb. Xüsusilə Fransa, İngiltərə və Almaniya müasir mədəni dəyərlərin əsasını qoyan ölkələrdir. Bu gün dünya siyasətində baş verənlər, bəşəri dəyərlərin aşınması, beynəlxalq məsələlərin həllində Avropanın rolunun azalması ilə əlaqəlidir. Faciə həm də ondadır ki, ABŞ NATO üzvü kimi digər üzv dövləti müdafiə etmək əvəzinə deyir ki, səni Çin, Rusiya işğal edə bilər, ona görə özüm işğal edirəm. Beynəlxalq münasibətlərdə artıq abır həya qalmayıb. Dünya siyasətində və beynəlxalq təhlükəsizlik məsələlərində Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə və müharibə təhdidlərindən qorxmasa, daha dağıdıcı müharibələrin, o cümlədən Qrenlandiyanın işğalının qarşısını ala bilərlər. Avropa Birliyi ABŞ-ni başa salmalıdır ki, Rusiya Krımı bir güllə atmadan işğal etdiyi kimi, sən də Qrenlandiyanı işğal edə bilməyəcəksən. Danimarka silahlı müqavimət göstərməsə ABŞ həmin əraziləri işğal edəcək. Vəziyyəti ağırlaşdıran cəhət odur ki, ABŞ müxalifəti və xalqı da işğala qarşı ciddi təpki göstərmir. Tramp görsə ki, müharibədə 10 minlərlə, 100 minlərlə insan həlak olacaq, bəlkə də çəkinər. Danimarka torpaqlarını qorumaq istəyirsə vuruşmalıdır. Danimarka ABŞ xalqına, Konqresə, NATO-ya müraciət etməlidir. Onun NATO-dakı Avropa üzrə müttəfiqləri Danimarka ilə birlikdə döyüşəcəklərini nümayiş etdirməlidir. Amma bunların heç biri yoxdur və böyük ehtimalla, yəqin ki, olmayacaq da . Ona görə Tramp çəkinmir, Avropanı ləyaqətli müttəfiq yox, yalnız zəngin bazar hesab edir.

– Hazırda dünyada Trampı dayandıra biləcək başqa bir güc varmı?

– Rusiya bunu edə bilərdi, amma onlar da ABŞ kimi işğalla məşğuldur. Tramp Putindən güc alır. Deyir məni nə beynəlxalq hüquq, nə də Konqres dayandıra bilməz, yalnız vicdanım dayandıra bilər. Makron Rusiyasız Avropanı müdafiə etməyin çətinliyini anlayır və düşünürəm, bunu anladığı üçün Putinlə danışmaq istəyir. Amma gecdir, nəticəsi olmayacaq. Ola bilsin hər şey öncədən Putinlə Tramp arasında razılaşdırılıb. Avropanın yuxarıda qeyd etdiyim üç böyük ölkəsi, 450 milyonluq Avropa İttifaqı özünə inanmalı və daha cəsarətli siyasət yürütməli, hərbi sənayeni inkişaf etdirməlidirlər. Təhlükəsizlik məsələlərində vahid mövqedən çıxış etmyən Aİ üzvləri İttifaqdan dərhal qovulmalıdır. Hazırda çevik, həm də ciddi qərarların qəbul olunmasının vaxtıdır. Bunun üçün Avropada güclü liderlər olmalıdır.