Belarusun daxili işlər naziri Azərbaycana gəlib, protokol imzalanıb Siyasət

Belarusun daxili işlər naziri Azərbaycana gəlib, protokol imzalanıb

Yanvarın 16-da Belarus Respublikasının daxili işlər naziri milis general-leytenantı İvan Kubrakovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazir İvan Kubrakov və onu müşayiət edən şəxslər Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini anıblar. Daha sonra Zəfər parkında Zəfər abidəsi önünə əklil qoyaraq şəhidlərə ehtiramlarını bildiriblər.

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov belaruslu həmkarı və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə V.Eyvazov Belarusla hüquq-mühafizə fəaliyyəti sahəsində əməkdaşlıqdan danışaraq, transmilli mütəşəkkil cinayətkarlığın əsas növləri olan narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıqla mübarizənin diqqət mərkəzində saxlanıldığını, bu istiqamətlərdə səmərəli nəticələrin birgə səylərlə mümkün olduğunu vurğulayıb.
Tərəfləri maraqlandıran bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Belarus Respublikasının daxili işlər naziri milis general-leytenantı İvan Kubrakov görüşə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib.

Sonda nazirlər qarşılıqlı fəaliyyət haqqında protokol imzalayıblar.

Belarusun daxili işlər naziri Azərbaycana gəlib, protokol imzalanıbBelarusun daxili işlər naziri Azərbaycana gəlib, protokol imzalanıb