“Erməni qondarma rejim nümayəndələrinin vəhşi əməllər törətdiklərinə bütün dünya yaxından şahidlik etdi” Siyasət

“Erməni qondarma rejim nümayəndələrinin vəhşi əməllər törətdiklərinə bütün dünya yaxından şahidlik etdi”

“Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğalından sonra bu ərazidə yaradılmış qondarma rejimin üzvləri bağlı cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bu şəxslər 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq Bakıya gətiriliblər. Beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan silahlı qondarma rejim yaradaraq, sülh və insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və terrorçuluq da daxil olmaqla, ağır cinayətlərdə təqsirli bilinənləri məsuliyyətə cəlb etmək üçün tam qanuni hüquqa malikdir. Azərbaycan öz xalqını və ərazisini qanunsuz işğaldan və terrorçuluqdan qorumaq kimi suveren hüququnu həyata keçirib”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva söyləyib.

P.Vəliyeva qeyd edib ki, Azərbaycan haqq-ədalətə, beynəlxalq hüquqa və regional sülh gündəliyinə sadiq olaraq qalır: “Heç bir xarici müdaxilə və ya ədalətsiz ittiham bizi qanunun aliliyini qorumaqdan və ölkəmizə qarşı cinayət törədənləri məsuliyyətə cəlb etməkdən çəkindirmədi. Hazırda məhkəmə qarşısına çıxarılan şəxslər ədalətli və şəffaf məhkəmə prosesi çərçivəsində məsuliyyətə cəlb ediliblər. Xalqımız 1988-1990-cı illərdən erməni hərbi birləşmələri hər cür zülm və işgəncə görüb və onların ədalət məhkəməsinin qarşısına çıxarılacağı günü səbirsizliklə gözləyirdi. Qarabağda soyqırımları, insanlıq əleyhinə cinayət törətməkdə şübhəli bilinən kukla rejim rəhbərləri açıq keçirilən məhkəməsi beynəlxalq təşkilatların da diqqət mərkəzindədir. Bu gün artıq “Əsrin məhkəməsi” yekunlaşmaq üzrədir. Məhkəmənin gedişində insanlıq əleyhinə cinayətdə təqsirli bilinən erməni qondarma rejim nümayəndələri hansı vəhşi əməllər törətdiklərinə bütün dünya yaxından şahidlik etdi”.

Deputat bunun tarixi bir hadisə olduğunu diqqətə çatdırıb: “1987-ci ildən başlayaraq Ermənistandakı azərbaycanlı əhali kütləvi şəkildə zorakılığa məruz qaldı və öz evlərini tərk etməyə məcbur edildi. Etnik təmizləmə siyasətinin növbəti mərhələsi kimi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsi və ətraf yeddi rayon işğal edildi. 1992-ci il Xocalı soyqırımı bu dövrdə törədilmiş ən dəhşətli hadisələrdən biridir. Xocalıda 613 dinc sakin (o cümlədən 106 qadın və 63 uşaq) qətlə yetirildi, yüzlərlə insan yaralandı və əsir götürüldü. Beynəlxalq hüquq normalarına zidd olaraq mülki əhali məcburi köçürüldü, mülklərinin talan edildi və insanlıq əleyhinə cinayətlər törədildi. Bu proseslərdə yüzlərlə azərbaycanlı öldürüldü, yüz minlərlə insan, o cümlədən yüz minlərlə Qərbi azərbaycanlı ağır şərtlərdə qaçqın vəziyyətinə düşdü. Azərbaycan dəfələrlə Ermənistan tərəfindən törədilən cinayətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb və Ermənistanın yüksək vəzifəli şəxslərinin məsuliyyətə cəlb olunmasını tələb edib. Azərbaycan cəmiyyəti tərəfindən “Beynəlxalq Cinayət Məhkəməsi (BCM) bu cinayətləri araşdırmalı və məsuliyyət daşıyan şəxsləri mühakimə etməlidir” çağırışları edilib. Lakin qərbin siyasi riyakarlığı, ikili standartlar bu mövzulara göz yumub, susub”.

O həmçinin bildirib ki, Ruben Vardanyanı, Arayik Harutyunyanı və digərlərini “əsir” adlandıran Avropalı deputatlar, “beynəlxalq insan haqları təşkilatları” bu müharibə cinayətkarlarını azad etməyə çağırırdı: ““Əsir” kimi istinad edilən şəxslər müharibədən 3 il sonra, fərqli qanun pozuntuları, habelə terrorçuluğu maliyyələşdirmə, dövlət sərhədini qanunsuz keçmə, həmçinin, müharibə və insanlıq əleyhinə cinayətlərdə ittiham olunurdu. Xunta rejim Azərbaycanın təbii sərvətlərini talan edir, qeyri-qanuni ticarət aparır, varlanır və əldə olunan gəliri isə Azərbaycan xalqına, dövlətinə qarşı terrorçuluqda istifadə edirdilər. Ağır cinayətlərdə iştirak etmiş şəxsləri məhkəmə qaydasında təqib etmək Azərbaycanın qanuni hüququdur. Uzun illərdən bəri Qarabağda məskunlaşmış erməni xunta rejim mühakimə edildi. Nəhayət, haqq-ədalət öz yerini tutur. Ötən illər ərzində toplanmış təkzibolunmaz sübutlar və faktlar əsasında Ermənistan silahlı qüvvələri, həmçinin qanunsuz silahlı birləşmələr tərəfindən Azərbaycan xalqına qarşı cinayətlər törətmiş terrorçu dəstənin üzvləri layiqli cəzalarını alacaqlar”.

Röya İsrafilova