
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaza səfəri dünya mətbuatında müzakirə mövzusudur. ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfəri zamanı ABŞ-Azərbaycan münasibətlərinin inkişaf istiqamətləri müzakirə edilib. Həmçinin Prezident İlham Əliyev və Ceyms Devid Vens arasında “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” imzalanıb.
“Xalq Cəbhəsi” mövzunu millət vəkilləri və politoloqlarla təhlil edib.
Milli Məclisin deputatı Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü Pərvanə Vəliyeva qeyd edib ki, ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərdə mühüm mərhələni ifadə edir: “Bu səfər qarşılıqlı faydalı strateji əlaqələrin genişləndirilməsi, iki ölkə arasında iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə yönəlib. Səfər ötən il Vaşinqtonun vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların davamı kimi qiymətləndirilir və aydın mesaj verir: Birləşmiş Ştatlar Cənubi Qafqazda fəal iştirakını davam etdirir və regionu özünün daha geniş xarici siyasət prioritetlərinin bir hissəsi hesab edir. Münasibətlərin bu yeni mərhələsini formalaşdıran əsas nəticələrdən biri Bakıda ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasıdır. Xartiya ikitərəfli əməkdaşlığı institusional çərçivəyə salır və müxtəlif sahələr üzrə uzunmüddətli əməkdaşlıq üçün əsas yaradır. Bu sənəd münasibətlərin artan yetkinliyini əks etdirir və hər iki ölkənin daha strukturlaşdırılmış və gələcəyə yönəlmiş tərəfdaşlığa doğru irəlilədiyini təsdiqləyir”.
ABŞ ilə strateji tərəfdaşlıq və üç əsas istiqamət
Deputat deyib ki, son illərdə ABŞ–Azərbaycan münasibətləri tarixi zirvəyə çatıb və strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyub: “Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı tərəflər əməkdaşlığın institusional əsasda qurulması və ikitərəfli əlaqələrin dərinləşdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması barədə razılığa gəliblər. ABŞ ilə strateji tərəfdaşlıq üç əsas istiqaməti əhatə edəcək: enerji və regional bağlantı (o cümlədən ticarət və tranzit); iqtisadi investisiyalar, xüsusilə süni intellekt və rəqəmsal infrastruktur sahəsində; həmçinin təhlükəsizlik əməkdaşlığı, o cümlədən kibercinayətkarlıq və müdafiə sahəsində əməkdaşlıq və terrorizmlə mübarizə. Strateji İşçi Qrupunun yaradılması infrastrukturun inkişafını sürətləndirəcək, enerji investisiyalarını genişləndirəcək və regional iqtisadi inteqrasiyanı təşviq edəcək. Bu, ABŞ texnologiyası və kapitalının Azərbaycanın iqtisadi transformasiyasında rolunun artması deməkdir. Ümumi məqsəd yalnız ikitərəfli inkişaf deyil, eyni zamanda regional tərəfdaşlıqların və sabitliyin möhkəmləndirilməsidir. Bağlantılar üzrə mühüm xətt - TRIPP marşrutunun fəaliyyətə başlamasıdır ki, bu da Şərq–Qərb istiqamətində əsas bağlantı dəhlizlərindən birinə çevrilməyə iddialıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Cənubi Qafqaz artıq heç vaxt qarşıdurma məkanı olmayacaq. Azərbaycanın uzunmüddətli vizyonu regionu münaqişələrdən inteqrasiya olunmuş əraziyə, infrastruktur, ticarət şəbəkələri, boru kəmərləri və rəqəmsal bağlantı ilə xarakterizə olunan bazara çevirməkdir”.
Səfərin praktik əhəmiyyəti
O bildirib ki, Vensin səfərindən əvvəl fevralın 9-da Prezident İlham Əliyev Bakıda ABŞ Ticarət Palatasının nümayəndələri ilə görüşüb: “Enerji, nəqliyyat, texnologiya və ərzaq sektorlarını təmsil edən onlarla şirkətin nümayəndəsindən ibarət nümayəndə heyəti Amerika biznesinin Azərbaycana artan marağını əks etdirirdi. Bu səfər də ilklərdən biri idi. ABŞ şirkətləri ilə əməkdaşlıq, xüsusilə enerji sektorunda, Azərbaycanın qlobal enerji bazarlarına inteqrasiyasının əsasını qoymuş “Əsrin müqaviləsi”nə qədər uzanan uzunmüddətli tərəfdaşlığa əsaslanır. Vitse-prezident Vensin regional səfəri həm də, mühüm siyasi mesajlar verdi. Onun Ermənistanda etdiyi çıxış: sülhün keçmiş narrativlərə qapılmaqdan deyil, gələcəyə yönəlmiş baxışdan asılı olduğunu vurğulaması konstruktiv əməkdaşlığın əhəmiyyətini önə çəkir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 44 günlük Vətən müharibəsindən sonra başlanan Azərbaycan–Ermənistan sülh gündəliyi uzunmüddətli regional sabitliyə doğru atılmış mühüm addım idi. Əhəmiyyətli çətinliklərə baxmayaraq proses göstərir ki, davamlı sülh siyasi iradə, diplomatiya və iqtisadi inteqrasiya yolu ilə mümkündür”.
P.Vəliyevanın sözlərinə görə, ABŞ-nin vitse-prezidentinin səfəri yalnız simvolik deyil, həm də praktik əhəmiyyət daşıyır. Bu səfər daha güclü iqtisadi əlaqələrə, daha dərin siyasi dialoqa və TRIPP üzrə işlərin sürətləndirilməsinə doğru istiqaməti möhkəmləndirir. O həmçinin vurğulayıb ki, bu marşrut Cənubi Qafqazı Avropa ilə Asiyanı birləşdirən əsas dəhlizə çevirə və davamlı sülhə, regional sabitliyə və ortaq rifaha töhfə verə bilər.
“Münasibətlərdə yeni mərhələ başlayır”
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva qeyd edib ki, Bakıdakı görüş ABŞ-Azərbaycan münasibətlərində məzmun baxımından yeni mərhələnin başladığını göstərir: “Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması sadəcə diplomatik sənəd deyil, tərəflərin bir-birini regional proseslərdə etibarlı və uzunmüddətli tərəfdaş kimi qəbul etdiyinin açıq mesajıdır. Prezident İlham Əliyevin çıxışında sülhün artıq kağız üzərində deyil, real həyatda yaşandığına dair vurğular Azərbaycanın postmünaqişə dövründə təşəbbüskar mövqedə olduğunu nümayiş etdirir. ABŞ-nin bu prosesi açıq şəkildə dəstəkləməsi isə Vaşinqtonun Cənubi Qafqazda sabitliyi kənardan diktə etmək yox, mövcud regional reallıqlar üzərindən qurmaq niyyətindən xəbər verir”.
Vensin diqqətçəkən ritorikası
Z.Qarayeva bildirib ki, vitse-prezident Vensin ritorikası da diqqətçəkicidir: “O, Azərbaycanı yalnız enerji və tranzit ölkəsi kimi deyil, təhlükəsizlik və sülh proseslərinə töhfə verən siyasi aktor kimi təqdim edir. TRIPP layihəsinə xüsusi diqqət yetirilməsi göstərir ki, ABŞ regionda iqtisadi əlaqələrin güclənməsini uzunmüddətli sülhün əsas şərti hesab edir. Bu yanaşma müharibə risklərini azaltmaqla yanaşı, Azərbaycanı Avrasiya məkanında əsas bağlantı mərkəzlərindən birinə çevirə bilər. Ümumilikdə, bu görüş Bakı ilə Vaşinqton arasında münasibətlərin daha praqmatik, nəticəyönümlü və qarşılıqlı maraqlara əsaslanan mərhələyə daxil olduğunu göstərir”.
Əməkdaşlığın birinci istiqaməti
Politoloq Vüqar Dadaşov bildirib ki, Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasına görə, əməkdaşlığın birinci istiqaməti regional əlaqəlilik və enerji təhlükəsizliyi müəyyən edilib: “Yeri gəmişkən, hələ keçən il, 2025-ci il yanvarın 14-də ABŞ və Ermənistan arasında Strateji Əməkdaşlıq Sazişi imzalanıb. Xaraktercə "Xartiya" və "Saziş" tamamilə fərqli hüquqi və diplomatik anlayışdır. Xartiya - siyasi niyyət və çərçivə sənədidir, tərəflərin əməkdaşlıq istiqamətlərini və prinsiplərini göstərir, ancaq detallara girmir, həmçinin hüquqi məcburetmə xarakterli deyil. Saziş isə hüquqi və konkret öhdəlik yaradır, şərtlərin pozuntusu beynəlxalq hüquq məsuliyyətinə səbəb olur. Müddəalardan asılı olaraq bağlanmış sazişin Parlamentdə ratifikasiyası da tələb oluna bilər”.
Azərbaycan qurucu aktor kimi
O əlavə edib ki, hər iki ölkəyə olan səfərin və əldə olunmuş razılaşmaların ağırlığı bütün mənzərəni, prioriteti açıq təsvir edir: “ABŞ-nin Ermənistanla 2025-ci il və 09 fevral 2026-cı il sazişləri Ermənistanın təhlükəsizlik arxitekturasında ABŞ-nin rolunun əhəmiyyətli dərəcədə artdığını göstərir. Əgər Rusiyanın Ermənistanda parlament seçkisinə mümkün müdaxilələri nəticəsiz qalarsa və Paşinyan yenidən baş nazir seçilərsə, Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması prosesi praktiki mərhələyə keçəcək. Azərbaycan isə, qlobal siyasi axara uyğun maksimum balanslaşdırma, Qərb və Türk dünyası ilə paralel region dövlətləri ilə praqmatik əməkdaşlıq xətti üzrə siyasətini qurur. Şübhə yox ki, rəsmi Bakı heç bir xarici qüvvəyə güvənmədən ölkənin təhlükəsizliyini müstəqil şəkildə təmin etmək yolunu davam etdirir, real suverenlik prinsiplərini qoruyur. Azərbaycan üçün əsas prioritet hərbi-siyasi bloklara qoşulmaq deyil, qlobal geosiyasi rəqabət reallığından milli maraqlar naminə yararlanmaqdır. Məhz buna görə Azərbaycan birbaşa hərbi-siyasi qarşıdurmalarda tərəf olmaqdan yayınaraq enerji, nəqliyyat və müdafiə potensialını ölkənin təhlükəsizlik arxitekturasının əsas dayaqlarına çevirməklə qurucu aktor kimi mövqeyini möhkəmlətməyə çalışır”.
Röya İsrafilova