Erməni lobbisinin koordinasiyalı təzyiq kampaniyası: növbəti uğursuz cəhd Siyasət

Erməni lobbisinin koordinasiyalı təzyiq kampaniyası: növbəti uğursuz cəhd

Erməni diaspor təşkilatları, xüsusilə Amerika Erməni Milli Komitəsi (ANCA), ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Bakı səfəri ərəfəsində Araik Arutyunyan və digər şəxslərin “erməni əsirlər” kimi təqdim olunaraq azad edilməsini gündəliyə çıxarmağa çalışırdı. Təbii ki, bu bölgədə gərginliyin qalmasında maraqlı olan erməni lobbisinin planlarının növbəti fiaskosu ilə nəticələndi.

Qeyd edək ki, ANCA bütün dünyada fəaliyyət göstərən erməni lobbisnin əsas qərargahı, tezis mərkəzi rolunu oynayır.

Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, Azərbaycan Respublikası beynəlxalq hüquqa və ədalətə hörmətlə yanaşan müstəqil ölkədir: “44 günlük Vətən müharibəsi və 20 sentyabr antiterror tədbirləri sayəsində həbs olunaraq barələrində istintaq tədbirləri keçirilərək cəza hökmü çıxarılmış separatçılar hərbi cinayətkarlardırlar. Onlar heç bir halda hərbi əsir statusunda ola bilməzlər. Dünyada baş verən bir çox müharibələrdə hərbi cinayətlər törətmiş şəxslərin cəzalandırılması təcrübəsi mövcuddur. Azərbaycan da beynəlxalq təcrübəyə əsaslanaraq dövlətimizin suverənliyinə, ərazi bütövlüyünə təhdid yaratmış, soyqırımlar və digər başqa cinayətlərə rəhbərlik edərək birbaşa iştirak etmiş cinayətkarları ədalət məhkəməsində layiqli cəzalarına məhkum edib”.

“Bu, qabaqcadan düşünülmüş planın tərkib hissəsidir”

Deputat söyləyib ki, Ermənistanda radikal müxalifət və erməni diasporunun bu məsələni siyasiləşdirməyə çalışması ilk növbədə regionda yaranmış sülhə kölgə salmaq cəhdlərindən başqa bir şey deyil: “Bu baxımdan ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Ermənistana səfəri çərçivəsində aksiyanın təşkil olunması və çağırışların edilməsi qabaqcadan düşünülmüş planın tərkib hissəsi idi. Amma bu çağırışlarla onlar özlərini yorurlar. Çünki Ceyms Devid Vens Cənubi Qafqaza sülh və əməkdaşlıq məsələlərini müzakirə etmək üçün gəlib. Ancaq məsələlərə din prizmasından yanaşılaraq xristian təəssübkeşliyi çəkərsə regionumuzda yenicə formalaşmış sülh gündəliyinə xələl gətirər. Bu baxımdan erməni diasporu və radikal müxalifəti Vaşinqtonun rəsmi mövqeyinə təsir göstərə bilməz”.

A.Badamov əlavə edib ki, radikal müxalifət seçkiyə qədər hər bir vasitədən istifadə edərək hakimiyyətin nüfuzunu azaltmağa çalışır: “Həm də onlar yaxşı bilirlər ki, Azərbaycan müstəqil ölkədir və məhkəmə yolu ilə qəbul olunmuş qərarların icra etdirilməsinə də qadirdir”.

“Vensin regiona səfərindən istifadə edib bu məsələni qabardırlar”

Politoloq Şakir Ağayev bildirib ki, ABŞ-dəki Ermənistan lobbisi, və onların maliyyələşdiyi bir sıra Konqres, Senat üzvləri tək ABŞ-də yox, Avropada da bu məsələni gündəmə gətirirlər: “Azərbaycan məhkəmələrinin haqlı surətdə onların layiq olduğu cəzanın verildiyi, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı terrorizm, separatçılıq, hərbi cinayətlər törətmiş insanların azad edilməsi üçün bu məsələni qabardırlar. Bunu da xristian həmrəyliyi adı ilə gündəmə gətirirlər. Azərbaycan məhkəmə prosesində onların cinayətlərini bütün beynəlxalq aləmdə sübut edib və onlar özləri də boyunlarına alıblar ki, bu cinayətləri törədiblər. Ona görə düşünürəm ki, bu, daxili auditoriyaya hesablanıb”.

Koordinasiyalı təzyiq kampaniyası

Siyasi şərhçi Alim Nəsirov qeyd edib ki, bu, Azərbaycana qarşı koordinasiyalı təzyiq kampaniyasıdır: “Amma mövcud reallıqlar göstərir ki, bu cəhdlərin praktik nəticə verməsi çətindir. Vaşinqton üçün Cənubi Qafqazda əsas prioritetlər enerji təhlükəsizliyi, regional sabitlik və geosiyasi balansdır. Azərbaycanda saxlanılan şəxslərlə bağlı məsələ isə artıq siyasi müzakirə predmetindən çıxaraq hüquqi müstəvidə həll olunmuş mövzu kimi təqdim edilir. Bu baxımdan diasporun yaratdığı səs-küy daha çox daxili auditoriyaya hesablanmış addım təsiri bağışlayır və ABŞ–Azərbaycan münasibətlərinin strateji xəttinə ciddi təsir göstərə bilmir”.

Röya İsrafilova