17:03
847
“Azərbaycan-Serbiya münasibətləri daima tərəfdaşlıq, dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Hazırda iki ölkə arasında əlaqələr dövrünün ən yüksək səviyyəsinə yüksəlib. Bugünkü uğurlu əməkdaşlıqda liderlərin siyasi iradəsi, qarşılıqlı etimadı və müntəzəm təmasları mühüm rol oynayır. Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri də iki dövlət arasındakı əməkdaşlıq və tərəfdaşlığın davamlı və yüksələn xətt üzrə inkişaf etdiyinin bir daha təsdiqidir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat diqqətə çatdırıb ki, Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının baş tutması ikitərəfli əlaqələrin daha da gücləndirilməsi, prioritet istiqamətlərin müəyyənləşdirilməsi və konkret layihələr üzrə əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı: “Tədbirdə Prezident Aleksandar Vuçiçin dövlətimiz və cənab Prezident İlham Əliyevin haqqında dedikləri, həm dövlətimiz, həm də dövlət başçımızın artan beynəlxalq nüfuzunun və qlobal liderliyinin təsdiqi idi. Azərbaycan ilə Serbiya arasında əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur. Bir çox yeni istiqamətlər üzrə əməkdaşlıqların genişlənməsi Azərbaycanın Avropa məkanında mövqelərini daha da möhkəmləndirə, ixrac imkanlarını artıra və iqtisadi şaxələndirməyə əlavə töhfə verə bilər”.
M.Cəfərovun sözlərinə görə, həmçinin Serbiya ilə münasibətlərin çoxtərəfli inkişafı Balkan regionu ilə əlaqələrin genişlənməsi baxımından da strateji əhəmiyyət daşıyacaq: “Azərbaycan–Serbiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir və bu proses hər iki xalqın maraqlarına xidmət edir. Prezident İlham Əliyevin Serbiyaya səfəri həm də onunla yadda qaldı ki, siyasi əlaqələr fonunda iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və milli maraqlarımızın təmin olunması Azərbaycanın xarici siyasətinin mühüm uğurudur”.
Röya İsrafilova