12:48
693
19 fevral tarixində Latviya Respublikasının paytaxtı Riqa şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Latviya Respublikasının Xarici İşlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
XİN-dən APA-ya verilən xəbərə görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Latviya nümayəndə heyətinə isə Latviya Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq və Diplomatik Məsələlər Direktoratlığının baş direktoru xanım Agnese Kalnina rəhbərlik edib.
Latviya nümayəndə heyətində Latviya Respublikasının sərhəd xidməti, o cümlədən həmin ölkənin miqrasiya idarəsinin nümayəndələri də təmsil olunub.
Görüşdə, həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi da iştirak edib.
Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün strateji tərəfdaş ölkə olan Latviya ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.
Danışıqlar zamanı tərəflər konsulluq sahəsi ilə yanaşı ədliyyə, hüquq mühafizə, prokurorluq, miqrasiya, təhsil sahəsində çoxtərəfli və ikitərəfli əməkdaşlıq perspektivləri, əlaqələrin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Daha sonra nümayəndə heyəti Latviya Respublikasının Daxili İşlər Nazirliyinin dövlət katibinin müavini Kaspars Abolins tərəfindən qəbul edilib. Görüş zamanı iki ölkənin daxili işlər orqanları arasında əlaqələrin genişləndirilməsi və müvafiq sahə üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib.