"Bakı sülhə töhfəni humanitar və iqtisadi alətlər vasitəsilə verməyə üstünlük verir” Siyasət

"Bakı sülhə töhfəni humanitar və iqtisadi alətlər vasitəsilə verməyə üstünlük verir”

“Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasına Prezident İlham Əliyevin dəvət olunması Azərbaycanın son illər formalaşdırdığı diplomatik çəkisinin göstəricisi kimi qiymətləndirilə bilər”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Z.Qarayevanın bildirdiyinə görə, bu iştirak təkcə protokol xarakterli addım deyil, eyni zamanda, Azərbaycanın regional münaqişələrin həllində və sülh gündəliyinin irəli aparılmasında oynadığı rolun beynəlxalq səviyyədə qəbul edilməsinin ifadəsidir: “Tədbir çərçivəsində Prezident Donald Trampın Azərbaycan Prezidentinə xüsusi müraciət etməsi və İlham Əliyevlə Nikol Paşinyanın görüşünün diqqətə çatdırılması Bakının qlobal təhlükəsizlik diskursunda artıq tərəf deyil, aktor kimi çıxış etdiyini göstərir. Bu, Azərbaycanın post-münaqişə mərhələsində nümayiş etdirdiyi siyasi iradə və diplomatik fəallığın nəticəsi kimi də dəyərləndirilə bilər”.

Politoloq əlavə edib ki, digər tərəfdən, Azərbaycanın Qəzzada nəzərdə tutulan sabitləşdirmə qüvvələrinə qoşulmamaq mövqeyi ölkənin xarici siyasətində balanslı və ehtiyatlı yanaşmanı ortaya qoyur: “Yeni müharibə mərhələsindən çıxmış dövlət kimi Bakının prioriteti daxili bərpa prosesi və regional sabitliyin möhkəmləndirilməsidir. Bununla belə, Azərbaycan humanitar və iqtisadi platformalarda daha fəal iştirak edə, münaqişədən sonrakı yenidənqurma təcrübəsini bölüşə və investisiya mexanizmləri vasitəsilə dəstək verə bilər. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa layihələri bu baxımdan praktik model kimi təqdim oluna bilər. Yəni rəsmi Bakı hərbi iştirakdan kənarda qalaraq sülhə töhfəni daha çox humanitar və iqtisadi alətlər vasitəsilə verməyə üstünlük verir”.

Röya İsrafilova