Post-münaqişə dövründə Qarabağın iqtisadi reinteqrasiyası Siyasət

Post-münaqişə dövründə Qarabağın iqtisadi reinteqrasiyası

Post-münaqişə dövründə iqtisadi reinteqrasiya məsələsi yalnız bərpa və quruculuq prosesi deyil, eyni zamanda milli iqtisadi sistemin vahid mexanizm kimi fəaliyyətinin təmin olunması deməkdir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin ümumi iqtisadi strukturuna inteqrasiyası strateji və uzunmüddətli vaxtı əhatə edən çoxşaxəli prosesdir.

Son illər həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, avtomobil yolları, dəmir yolu xətləri, hava limanları və enerji təminatı sistemləri reinteqrasiyanın ilkin mərhələsinin əsasını təşkil edir. Xüsusilə Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan Beynəlxalq Hava Limanı və Laçın Beynəlxalq Hava Limanı kimi strateji obyektlərin istifadəyə verilməsi regionun iqtisadi dövriyyəyə qoşulmasını sürətləndirən amillərdəndir. Bu layihələr yalnız nəqliyyat əlçatanlığını artırmır, həm də investisiya mühitinin formalaşmasına müsbət təsir göstərəcəkdir.

İqtisadi reinteqrasiyanın əsas sütunlarından biri sənaye və sahibkarlıq fəaliyyətinin təşviqidir. Bu baxımdan Ağdam Sənaye Parkı xüsusi əhəmiyyət kəsb edir. Sənaye parkları modelinin tətbiqi regionda istehsalın təşkili, yeni iş yerlərinin yaradılması və qeyri-neft sektorunun inkişafı baxımından mühüm alətə çevrilə bilər. Eyni zamanda vergi və gömrük güzəştləri investisiya cəlbediciliyini artıraraq yerli və xarici kapitalın regiona axınını stimullaşdıracaq.

Reinteqrasiya prosesində kənd təsərrüfatının rolu da ayrıca qeyd edilməlidir. Qarabağ regionu tarixən aqrar potensiala malik olub. Suvarma sistemlərinin bərpası, torpaq münasibətlərinin tənzimlənməsi və müasir aqrotexnologiyaların tətbiqi regionun ərzaq təhlükəsizliyinə töhfəsini artıracaq. Bu isə ölkə üzrə kənd təsərrüfatı məhsullarının istehsal strukturunda balansın formalaşmasına xidmət edə bilər.

Bununla yanaşı, qarşıda müəyyən iqtisadi çağırışlar mövcuddur. Ən vacib məsələlərdən biri əhalinin mərhələli qayıdışı ilə paralel olaraq dayanıqlı məşğulluq imkanlarının yaradılmasıdır. Təkcə infrastrukturun qurulması kifayət deyil, burada əsas məsələlərdən biri iqtisadi aktivliyin real sektorda formalaşması vacibdir. Əks halda, dövlət investisiyaları uzunmüddətli iqtisadi dəyərə çevrilməyə bilər.

Digər mühüm məsələlərdən biri institusional koordinasiyadır. Regionun iqtisadi sistemə inteqrasiyası fiskal, maliyyə və inzibati mexanizmlərin vahid idarəetmə çərçivəsində işləməsini tələb edir. Sahibkarlıq subyektlərinin qeydiyyatı, bank-maliyyə xidmətlərinə çıxış, sığorta və kredit alətləri kimi mexanizmlər operativ və əlçatan formada tətbiq olunmalıdır.

Strateji baxımdan Qarabağın reinteqrasiyası təkcə regional deyil, milli iqtisadi artım modelinin transformasiyası ilə də bağlıdır. Yeni iqtisadi rayonların formalaşması logistika, yaşıl enerji və turizm potensialının inkişafı üçün geniş imkanlar yaradacaq. Xüsusilə alternativ enerji layihələrinin tətbiqi regionu “yaşıl enerji zonası”na çevirmək perspektivini gündəmə gətirir ki, bu da Azərbaycanın uzunmüddətli dayanıqlı inkişaf strategiyası ilə uzlaşır.

Post-münaqişə dövründə Qarabağın iqtisadi reinteqrasiyası mərhələli və sistemli şəkildə həyata keçirilərsə, bu proses ölkənin ümumi daxili məhsulunun artımına, qeyri-neft sektorunun genişlənməsinə və regional balansın təmin olunmasına mühüm töhfə verəcəkdir. Əsas məsələ dövlət investisiyalarının real sektorun aktivləşdirilməsi ilə müşayiət olunması və uzunmüddətli iqtisadi səmərəliliyin təmin edilməsidir. Qarabağın iqtisadi reinteqrasiyası yalnız bərpa layihəsi deyil, eyni zamanda Azərbaycanın gələcək iqtisadi modelinin formalaşmasında mühüm sınaq platformasıdır.

Əli Səlimov, iqtisadçı