Azərbaycanda enerji tərəfdaşlığının nümunəvi platforması qurulub Siyasət

Azərbaycanda enerji tərəfdaşlığının nümunəvi platforması qurulub

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları növbəti dəfə Azərbaycanın yerləşdiyi regionun geostrateji əhəmiyyətini, bölgənin lideri olan dövlətimizin qlobal enerji təhlükəsizliyində nüfuzunu və sarsılmaz gücünü nümayiş etdirdi.
Dünyanın enerji sənayesi elitasını bir araya gətirən, uğurlu və nümunəvi bir modelə çevrilmiş toplantıya Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkətinin qatılması dünyanın enerji sənayeləşməsində yaranan yeni reallıqlar fonunda Azərbaycanın əhəmiyyətli enerji regionu mərkəzi olduğunu sübut edir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu, Azərbaycanla Avropa təsisatları arasında yalnız enerji sahəsi ilə məhdudlaşmayan güclü tərəfdaşlığı nümayiş etdirir.
Məşvərət Şurası enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahələrində əməkdaşlığın və tərəfdaşlığın gücləndirilməsi, habelə gələcək birgə addımların planlaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezidentin bəyan etdiyi kimi, bu vacib toplantılar enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynayır və hər il enerji ailəsinin sırası genişlənir. “12 il əvvəl bu təşəbbüsə başladığımız dövrlə müqayisədə birlikdə ‒ məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq”.
Dünyada baş verən müxtəlif ssenarilərə, çətinliklərə, mürəkkəbliklərə və regionda yaşanan ağır dövrlərə baxmayaraq, Azərbaycanın öz potensial istehsal və nəql imkanlarını daha da artırması həqiqətən də böyük hadisədir. Müxtəlif coğrafiyalarda baş verən təchizat pozulmaları və daşınma-nəql infrastrukturlarında yaranan ləngimələrə rəğmən, Azərbaycan etibarlı təchizatçı kimi fəaliyyətini genişləndirərək Avropa və Yaxın Şərq bölgəsində yeni tədarük sxemlərini tamamlayıb.
İlk dəfə olaraq yeni coğrafi ünvana ‒ Suriyaya 1,5 milyard kubmetr həcmində qazın tədarükünü təmin etməklə, bu ölkənin həyatında yaşanan kritik mərhələni adladıb və həyatı vacib sahələrin, ələlxüsus da elektrik enerjisi sistemini bərpa etməklə inkişafına töhfə verib.
Eyni zamanda, cari ildə Almaniya və Avstriyaya qaz tədarükünə başlamaqla, Azərbaycan Avropa İttifaqının 10 üzv dövlətinin enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Ümumilikdə, qaz təchizatı coğrafiyasının genişləndirilməsi sayəsində qaz istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Cənab Prezidentin qeyd etdiyi kimi bu, olduqca mühüm hadisədir: “Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir”.
Azərbaycanın mövcud mənbələri üzrə proqnozlar isə bu birinciliyi daha da möhkəmləndirməyə möhkəm zəmin yaradır. “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarında və “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinə start verilməsi, “Ümid” yatağının ikinci mərhələsi və 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanması ölkəmizin 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə edilməsi Avropaya nəqlin artırılmasına səbəb olacaq. Bu isə mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsini tələb edir.
Hazırda Cənub Qaz Dəhlizi tam yüklənmiş vəziyyətdədir və kəmərin genişləndirilməsi olduqca vacibdir. Bu baxımdan, Avropanın nəhəng investorları, maliyyə institutları Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsində Azərbaycanın fikrini bölüşür, xüsusilə də dünyada baş verən geosiyasi dəyişikliklər, logistika sxemlərində yaranan məhdudiyyətləri nəzərə alaraq dəhlizin ana xətti olan TAP-ın genişləndirilməsinə çalışır. İşlər başa çatdırıldıqda isə Azərbaycanın Avropaya qaz nəqlinin coğrafiyası və həcmi daha da genişlənəcək.
Azərbaycan, həmçinin enerji təhlükəsizliyinin digər şaxəsi olan emal təchizatı və elektrik enerjisi zəncirini qurur, nəhəng neft emalı və yanacaq tədarükü şəbəkəsi yaradır. Türkiyədə Egey dənizi sahillərində 12 milyon tonluq neftayırma müəssisəsi bu bölgənin və ətraf coğrafiyaların yanacaq məhsulları ilə həllində strateji ötürücü rolunu oynayır.
Hazırda Avropanın enerji limanları və təchizat qapısı sayılan İtaliyada da emal qabiliyyəti 10 milyon ton gücündə iki neftayırma müəssisəsinin yaradılması nəzərdə tutulur. Yeni emal bloklarının formalaşması Aralıq dənizi və Avropa İttifaqı regionunda dayanıqlı neft və sənaye emalı kompleksini istifadəyə verməklə, region ölkələrinin yanacaq məhsulları ilə təminatını da həll edəcək.
Eləcə də Türkiyədə 870 meqavat, Serbiyada isə 500 meqavat gücündə elektrik stansiyasının inşası enerji diversifikasiyasının mühüm amili kimi çıxış edir. Azərbaycan həm də enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır. Qazaxıstan və Türkmənistan neftinin nəqli ölkəmizə məxsus ixrac infrastrukturları ilə ildən-ilə artır.
Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, Azərbaycanın enerji siyasəti, enerji təhlükəsizliyinə töhfəmiz yalnız öz sərhədlərimizlə, Cənub Qaz Dəhlizi ilə məhdudlaşmır. Ölkəmiz, həm də Məşvərət Şurasının digər başlıca hədəfi olan “yaşıl enerji” blokunu formalaşdırır. “Yaşıl enerji” resursları üzrə böyük potensiala malik olan ölkəmiz qlobal səhmdarlarla yeni sazişlər imzalayaraq bərpaolunan enerji stansiyaları yaratmaqdadır.
2023-cü ildə dünyamiqyaslı investor “Masdar” şirkəti 230 meqavat gücündə günəş elektrik stansiyası inşa edib, “ACWA Power” şirkəti tərəfindən isə regionda 240 meqavat gücündə ən böyük külək elektrik stansiyası istifadəyə verilib. 2030-cu ilədək 6.5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olmağı hədəfləyən Azərbaycan ümumi enerji istehsalında “yaşıl enerji”nin payını 35 faizdən də yüksək gücə çatdırmaqla, xarici investorlarla bərabər “yaşıl enerji”yə sərmayə qoyması yolunda məsuliyyətli addımlar atır.
Yeri gəlmişkən, həmin investorların sırasında ABŞ-nin enerji və texnologiya şirkətləri də aparıcı yer tutacaq. Birləşmiş Ştatlarla Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının əsas istiqamətlərindən biri enerji, süni intellekt, bağlılıq və bir çox sahələri əhatə edir. Tərəflər hidroelektrik stansiyalarına sərmayə yatırmasını da planlaşdırır.
Cənab Prezidentin qeyd etdiyi kimi, gələcək illərdə alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışı gözlənilir və burada böyük potensial və tələbat var. “Bütün bu layihələrin reallaşacağı zaman onlar çox dayanıqlı olacaq və deyərdim ki, bir çox ölkələrin enerji dəhlizləri üçün ekzistensial əhəmiyyət kəsb edəcək”.
Beləliklə, Azərbaycan 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməklə, həm ənənəvi yanacaq olan təbii qazın istehlakını azaldacaq, həm kommunikasiya sektoru ‒ süni intellekt, data mərkəzləri üçün dayanıqlı enerji mənbəyini təmin edəcək, həm də Avropa ölkələrinə “yaşıl enerji” nəqlinə nail olacaq.

Ramid Namazov
Milli Məclisin deputatı