"İrana güvənmək olmaz"
10:02
09:22
651
İranın Naxçıvan ərazisinə dron zərbələri endirməsinin ardından Prezident İlham Əliyevin qətiyyətli və sərt mövqeyi Azərbaycanın dövlət maraqlarını müdafiə etmək idi. Prezidentin cəsarətli çıxışı və açıq mesajları göstərdi ki, ölkənin suverenliyi və təhlükəsizliyi ilə bağlı məsələlərdə heç bir güzəştə gedilməyəcək. Bu açıqlamalar eyni zamanda onun Azərbaycan xalqına və silahlı qüvvələrinə böyük güvənindən irəli gəlir.
Bunu xalqcebhesi.az-a politoloq Vasif Əfəndi deyib.
"Prezident yaxşı bilir ki, dövlətin arxasında öz liderini dəstəkləyən xalq və vətəni qorumağa hər an hazır olan güclü ordu dayanır. Silahlı Qüvvələrin tam hazırlıq vəziyyətinə gətirilməsi sadəcə klassik güc nümayişi deyil, bu ciddi siyasi və diplomatik mesaj idi. Bu addım Azərbaycanın öz sərhədlərini qorumaq üçün bütün imkanlara malik olduğunu nümayiş etdirdi və regionda mümkün eskalasiyanın qarşısını almağa yönəlmiş önləyici tədbir kimi qiymətləndirilməlidir. Bundan başqa, Azərbaycan regional təhlükəsizlik məsələlərində tək deyil. Şuşa bəyannaməsi Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyini daha da möhkəmləndirən mühüm sənəddir" - politoloq deyib.
O, əlavə edib ki, bu bəyannamə iki qardaş ölkənin təhlükəsizlik və müdafiə məsələlərində bir-birinə dəstək verəcəyini açıq şəkildə təsbit edir. Bu da regionda güc balansına ciddi təsir göstərən mühüm amildir. Prezidentin sərt və qətiyyətli mövqeyi qarşı tərəfi daha ehtiyatlı davranmağa vadar etdi. Məsələnin araşdırılacağı ilə bağlı səslənən fikirlər göstərir ki, qətiyyətli siyasət, güclü ordu, xalqın birliyi və strateji müttəfiqliklər Azərbaycanın milli təhlükəsizliyini təminn edən faktordur.
Cavid